Tibb müəssisələrinin dayanıqlı maliyyələşdirilməsi ilə bağlı təkliflər hazırlanacaq...
Bu gün “TƏBİB – tibbdə müasir keyfiyyət mərhələsi: Real perspektivlər, gələcəyə baxış” adlı hesabat konfransı keçirilib. Konfransda “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin (TƏBİB) 1 illik hesabatı və veb saytı təqdim edilib. Musavat.com xəbər verir ki, tədbiri giriş sözü ilə açan TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov ilk olaraq qurumun yaradılması, fəaliyyət istiqamətləri barədə konfrans iştirakçılarına məlumat verib. İcraçı direktor bildirib ki, növbəti ildən TƏBİB tabeliyindəki dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrində rəqəmsallaşdırılma işlərinin yekunlaşdırılmasını və dövlət proqramlarının icrasını, həmin proqramlarda nəzərdə tutulmuş qaydada dərman vasitələrinin təchizatını təmin edəcək, habelə tibb müəssisələrinin dayanıqlı maliyyələşdirilməsi ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim edəcək: “2022-ci ildə səhiyyə sisteminin, təcili tibbi yardım xidmətinin, kadr siyasətinin təkmilləşdirilməsi, tibb işçilərinin əməkhaqqılarının artırılması və s. istiqamətlərdə TƏBİB tərəfindən müvafiq addımlar atılıb. Bu istiqamətdə işlər gələn il də davam etdiriləcəkdir”. V.Qurbanov 2023-cü ildə TƏBİB-in qarşıya qoyduğu məqsədlərdən də söz açıb:
“Ana və uşaq sağlamlığı ilə bağlı neqativ halları azaltmaq, tibbi xidmətlərin əlçatanlığını genişləndirmək, tibbi ərazi bölmələrinin mərkəzlərində regional çoxprofilli xəstəxanaların qurulması, tibb müəssisələrinin dərman təchizatını yaxşılaşdırmaq və müasir tibbi avadanlıqlar ilə təmin etmək, tibbi xidmətlərin göstərilməsində həssas əhali qrupuna (qazi, şəhid ailəsi, əlillər) diqqəti daha da artırmaq və vətandaşların tibbi xidmətlərdən məmnunluq səviyyəsini yüksəltmək əsas məqsədlərimizdən biridir”.