"Söz vermişdin ki, qayıdacağam..."

"Söz vermişdin ki, qayıdacağam..."

Xəbər verdiyimiz kimi, Xalq artisti Ramiz Novruz uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. 

 Sənət dostları onunla bağlı paylaşım edərək, xatirələrini bölüşüblər:

Əməkdar artist Elşən Cəbrayılov "Sonuncu dəfə danışanda, söz vermişdin ki, qayıdacağam, Eliş, darıxma. Yenə bir yerdə səhnədə olacağıq. Qayıtmadın. Əlvida sənətkar. Qəlbimizdə yaşayacaqsan" sözlərini qeyd edib.  

Əməkdar artist Sənubər İsgəndərli "Heyf səndən, heyf... Səninlə bir səhnəni bölüşmək, dost olmaq gözəl idi... Nur içində yat, Ramiz" deyə, qeyd edib.

Xalq artisti Firəngiz Mütəllimova "Əziz dost, qardaş, istedadlı tərəf müqabili, Ramiz Novruz. Səni itirmək necə ağırdır. Varlığını, şirin zarafatlarını, gülüşünü, səsini heç unutmayacağam. Qəlbimdə daim yaşayacaqsan. Ailəni və səni sevənlərə Allah səbr versin. Məkanın cənnət olsun əziz dost" deyə, paylaşımında yazıb. 

Əməkdar artist Aybəniz Haşımova "Bu, çox acı xəbər oldu. Gözəl insan, sənətkar, nə yaman vəfasız oldun. Axı sən vəfasız deyildin, qardaş? Allah yerini behişt eləsin" deyə, R.Novruzu yad edib.

Əməkdar artist Anar Heybətov "Xalq artisti Ramiz Novruz... Özündən sonra gələn nəslə aktyor sənətini sevdirən sənətkar, Allah sənə rəhmət eləsin. Gənc yashlarımdan dostluq edirdik, ölüm xəbərini eşitdiyim an ilk dəfə onu yaxından görəndə sevindiyim yadıma düşdü. Ailəsinə, dostlarına və ikinci ailəsi sayılan Akademik Milli Dram Teatrının kollektivinə başsağlığı verib, Allahdan səbr diləyirəm. Əgər o dünyada teatr varsa, mütləq görüşəcəyik, dost" sözləri ilə xatirələrini bölüşüb. 

Qeyd edək ki, xərçəng xəstəliyindən əziyyət çəkən aktyor 67 yaşında dünyasını dəyişib. Axşam.az






Fikirlər