Laçın-Xankəndi yolundakı aksiya DAYANDIRILIR?

Laçın-Xankəndi yolundakı aksiya DAYANDIRILIR?

Aprelin 23-də Dövlət Sərhəd Xidməti (DSX) Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulduğunu açıqlayıb. DSX məntəqənin üçtərəfli bəyanata zidd olaraq Ermənistandan Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasının qarşısının alınması məqsədilə yaradıldığını bəyan edib.

Sərhəd-buraxılış məntəqəsinin yaradılması barədə Rusiya sülhməramlı kontingenti və Rusiya-Türkiyə Monitorinq Mərkəzinin komandanlıqlarına məlumat verilib. Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə mətbuata açıqlamasında deyib ki, Qarabağ bölgəsinin erməni sakinlərinin hər iki istiqamətə gediş-gəlişi üçün müvafiq şərait təmin olunacaq. 

Sərhəd-buraxılış məntəqəsinin yaradılmasından sonra Laçın-Xankəndi yolunda 4 aydan çoxdur davam edən ekoloji aksiyanın dayandırılıb-dayandırılmayacağı mövzusu gündəmə gəlib.

Qeyd edək ki, ötən ilin dekabrın 12-dən etibarən azərbaycanlı ekofəallar və QHT nümayəndələri sülhməramlıların postu yaxınlığında etiraz aksiyası keçirirlər. Aksiyanın əsas tələbləri Ermənistanla sərhəddə Laçın istiqamətində ayrıca sərhəd və gömrük nəzarəti postlarının yaradılması, Azərbaycan ərazisinə qanunsuz silah daşınmasının qarşısının alınması və faydalı qazıntı yataqlarında monitorinqlərin aparılmasından ibarətdir. Bəzi müşahidəçilərin fikrincə, Laçın-Xankəndi yolunda sərhəd məntəqəsinin yaradılmasından sonra 134 gündür davam edən aksiyanı məqsədinə çatmış hesab etmək olar. Bu mənada aksiyanın dayandırılması məsələsi müzakirə mövzusuna çevrilib.

Bəs ekoloji aksiya dayandırılacaqmı?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin deputatı Ceyhun Məmmədov hələlik aksiyaların davam etdirilməsinin məqsədəuyğun olduğunu bildirib. 

“Laçın yolundakı aksiyanın məqsədi Azərbaycanın sərvətlərinin talanmasının qarşısının alınmasıdır. Eyni zamanda haqq səsimizin dünya birliyinə çatdırılması və Qarabağ ermənilərinə birgəyaşayışla bağlı mesajların verilməsi də məqsədlər arasındadır. Hesab edirəm ki, bu məsələlərdə ictimaiyyətin və cəmiyyətin fikirləri nəzərə alınacaq. Amma düşünürəm ki, burada dövlətin qərarı və yanaşması daha önəmlidir. Fikrimcə, bir müddət aksiyalar davam etməlidir. Aksiyaların davam etməsinə bizim ehtiyacımız var. Həm sərvətlərimizin talanmasına etiraz, həm Ermənistana, həm də dünya birliyinə mesaj verilməsi məqsədilə aksiyalar vacibdir.

Proseslər tam qaydasına düşdükdən, Azərbaycan müəyyənləşdirdiyi hədəf və məqsədlərə nail olduqdan sonra aksiyanın başa çatması məsələsinə baxmaq olar. Amma hazırda aksiyaların dayandırılması ilə bağlı addımların atılmasına ehtiyac yoxdur. Biz proses sona çatana qədər addımlarımızı atmalı və səylərimizi gücləndirməliyik. Digər məsələlərə isə sonrakı dövrlərdə baxmaq olar”, - deyə parlamentari vurğulayıb.

Deputat Aydın Mirzəzadə aksiyanın dayandırılmasına vətəndaş cəmiyyəti nümayəndələrinin qərar verəcəyini söyləyib:

“Fikrimcə, qərarı özləri verəcəklər. Çünki bu vətəndaş cəmiyyəti tərəfindən irəli atılan bir addım idi. Buna görə də fəaliyyətin necə davam edəcəyi ilə bağlı qərarı onlar verəcək. Bu gün hamı kimi onlar da sevinirlər ki, Azərbaycan Ermənistanla sərhəddə sərhəd-buraxılış məntəqəsi qurub. Bununla da cəmiyyətin istəyinin böyük bir hissəsi həyata keçdi. Azərbaycan ərazisində qanunsuz daxil olmalar, Qarabağa Ermənistan hərbi kontingentinin daxil olması, qanunsuz silahlı birləşmələrinin hərbi texnika, silah-sursatla təmin edilməsi və digər narahatlıq doğuran məqamlara son qoyulacaq. Amma aksiyaların davam edib-etməyəcəyinə vətəndaş cəmiyyətinin nümayəndələri özləri qərar verəcək”.

Aksiyanın fəal iştirakçısı olmuş Qarabağ qazisi Rey Kərimoğlu isə bildirib ki, əgər ekoloqlar yataqlarda sərbəst şəkildə monitorinq apara biləcəklərsə, o zaman aksiyanı dayandırmaq olar.

“Əgər Laçın yolunda postumuz qurulubsa, yataqlara bizim ekoloqlarımızı buraxacaqlarsa və onlar sərbəst şəkildə monitorinq apara biləcəklərsə aksiyanı dayandırmaq olar. Yox, əgər bizim ekoloqlar hələlik həmin əraziyə daxil ola bilmirsə, aksiyanı davam etdirmək lazımdır. Ümumilikdə Laçın yolundakı sərhəd postundan sonra ermənilərin Qarabağdan nəsə apara biləcəklərini düşünmürəm. 

Qeyd etdiyim kimi, ekofəalların keçirdikləri aksiyanın məqsədi faydalı qazıntı yataqlarının ermənilər tərəfindən istismar edilməsinin qarşısını almaq idi. Hələ dəqiq fikir bildirmək mümkün deyil. Yəqin ki, aksiyanı təşkil edən qeyri-hökumət təşkilatları və vətəndaş cəmiyyətinin nümayəndələri düşünüb qərar verəcəklər”, - deyə jurnalist vurğulayıb.






Fikirlər