5800 bağça müəlliminin müvafiq sahə üzrə ali və ya orta ixtisas təhsili yoxdur - Nazirlik
Ötən bir il ərzində məktəbəqədər təhsil müəssisələrində sistemli təkmilləşdirmə işləri aparılıb, işçi heyətin məlumatları elektron bazalarda toplanılıb və təhlillər aparılıb. "AzerTaym.az" bildirir ki,bu barədə “Qafqazinfo”nun sorğusuna cavab olaraq Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan 11 300 nəfər tərbiyəçi-müəllimdən 51%-nin (5800 nəfər) məktəbəqədər təhsil sahəsi üzrə müvafiq ali və ya orta ixtisas təhsili yoxdur. Qeyd edək ki, “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən məktəbəqədər təhsil sahəsi üzrə ali və ya orta ixtisas təhsilli şəxslər tərbiyəçi-müəllim vəzifəsində çalışa bilərlər. Elm və Təhsil Nazirliyi yaranmış problemin həlli üçün hazırda məktəbəqədər təhsil müəssisələrində çalışan şəxslərə təhsil sənədlərini aidiyyəti quruma təqdim etmək üçün imkan yaradıb. Sözügedən heyət tərəfindən müvafiq ixtisas üzrə təhsil sənədi təqdim edildiyi halda onların əməkhaqqı ödənişinin “Təhsil sahəsi işçilərinin qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas sorğu kitabçası”na əsasən ödənilməsi həyata keçiriləcək. Məlumat üçün qeyd edək ki, Elm və Təhsil Nazirliyi məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulunu elektron qaydada həyata keçirir, həmçinin məktəbəqədər təhsil müəssisələrinə tərbiyəçi-müəllimlərin işə qəbulu prosesi də ilk dəfə mərkəzləşdirilmiş müsabiqə yolu ilə təşkil olunaraq 102 nəfər işə qəbul edilib. Hazırda sözügedən təhsil müəssisələrinə rəhbər heyətin mərkəzləşdirilmiş müsabiqə əsasında işə qəbulu ilə bağlı qaydalar hazırlanır. Həmçinin serifikatlaşmanın tətbiqi də əsas hədəflərdəndir.