“BOLT” VƏ “UBER” AZƏRBAYCANDAN ÇIXARILACAQ? – Taksi bazarında dəyişikliklər nə vəd edir?

“Bazarın bir əldə cəmləşməsi qiymətlərin yüksəlməsinə səbəb olacaq”

Yaxın zamanlarda “Uber”, “Bolt”, “Yango” kimi xairici taksi şirkətləri Azərbaycandan çıxarıla bilər.  Bunun anonsunu rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev verib.

Nazir deyib: “Çox yaxın zamanda qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi gözlənilir. Bu dəyişikliklər sahəyə dövlət nəzarətini həyata keçirməyə imkan verəcək, vətəndaşlarımız üçün keyfiyyətli taksi xidmətlərinin təqdim olunmasına, sürücülərin isə layiqli iş şəraiti ilə təmin olunmasına gətirib çıxaracaq”.

R. Nəbiyev taksi bazarında yaşanan neqativ halların həm də “Bolt”, “Uber”, “Yango” kimi şirkətlərlə bağlı olduğunu deyib. Onun sözlərinə görə, taksi bazarında nizam-intizamsızlığın günahkarı bu şirkətlərdir.

Nazir şirkətləri vətəndaşların şəxsi məlumatlarından məqsədyönlü şəkildə istifadə etməkdə də günahlandırıb:“Şirkətlər tərəfindən vətəndaşların fərdi məlumatlarının mühafizəsinə dair mövcud qanunvericilik normaları da kobud şəkildə pozulur. Taksi sürücüləri, xüsusilə də qlobal aqreqatorlarla çalışan sürücülər, ağır və uzun iş saatları müqabilində qazanclarının az olmasından şikayətlənirlər. Öz növbəsində sərnişinlər də xidmət keyfiyyətinin aşağı olmasından, kobud və qeyri-etik davranışlardan narazılıq edirlər.Taksi xidməti göstərən avtomobillərdə bir çox hallarda gigiyenik normalara riayət olunmur. Bütün bunlar problemlərin yalnız üzdə görünən hissəsidir”.

 

 

R. Nəbiyevin bu açıqlamaları son günlər sosial şəbəkələrdə əsas müzakirə predmetinə çevrilib. Sosial şəbəkə istifadəçiləri qanunvericiliyə edilən dəyişikliklərin taksi bazarında inhisarçılığa və qiymət artımına səbəb olacağını, taksi fəaliyyəti ilə məşğul olan əksər sürücülərin isə işlərini itirmək təhlükəsi ilə üzləşə biləcəklərini iddia ediblər.

“AzPolitika.info” bu mövzunun aktuallığını nəzərə alaraq, taksi bazarındakı mövcud vəziyyəti öyrənməyə çalışıb.

Taksi bazarında hansı xarici şirkətlər fəaliyyət göstərir?

Qeyd edək ki, ötən 10 il ərzində yaranan şirkətlər, həmçinin xarici investorların bazara daxil olması bu sahədəki rəqabəti xeyli artırıb. Hazırda ölkədə 100 –dən çox yerli və 5 xarici taksi şirkəti fəaliyyət göstərir. Hər halda yerli taksi bazarına “Bolt” və “Uber” şirkətlərinin hegemonluq etdiyini desək, yanılmarıq. Qiyməti münasib, mobil tətbiqi daha asan və əlçatan olduğu üçün bu iki şirkətin taksi bazarındakı sərnişin payı digər şirkətlərlə müqayisədə olduqca yüksəkdir. 

Hazırda Azərbaycanda fəaliyyət göstərən xarici şirkətlər bunlardır:

1. “Uber” (Bu brendin MDB-də sahibi “Yandex”dir. Belə ki, xeyli müddətdir Amerikanın qlobal taksi şirkəti olan “Uber” Azərbaycanda öz payını Rusiyanın “Yandex” şirkətinə satıb-red.);

2. “Bolt” (Estoniya);

3. “Yango” (Rusiya, Yandex);

4. “Maxim” (Ukrayna);

5. “Uklon” (Ukrayna) (“Paşa Holdinq”in “Umico” brendi bu ilin may ayından “Uklon” şirkəti ilə əməkdaşlığa başlayıb-red.).

 

 

 

Vətəndaşlar arasında apardığımız rəy sorğusuna əsasən, respondentlərin böyük əksəriyyəti xarici taksi şirkətlərindən istifadəyə üstünlük verirlər. Paytaxt sakinləri daha çox - “Bolt”, “Uber”, “Maxim”, “Yango”, “Salam taksi”, “Omega taksi”, “189 taksi” və “Ekonom taksi” şirkətlərinin xidmətindən istifadə etdiklərini bildiriblər. 

 

Onu da qeyd edək ki, xarici şirkətlərlə yanaşı, “Salam Taksi”(*9933), “Ailə Taksi”(*8555) və “Ekonom Taksi”(*9911) kimi yerli taksi xidmətlərindən istifadə edən vətəndaşlar da kifayət qədər çoxdur.

Bu şirkətlər ən ucuz və operativ xidmətə üstünlük verməklə bazarda güclənməyə, müştərini özlərinə cəlb etməyə çalışırlar. Son dövrlər taksi bazarında rəqabət mühitinin xeyli güclənməsi qiymətləri aşağı salıb və əksər vətəndaşlar üçün əlçatan edib.

 

 

 

Məlumat üçün qeyd edək ki, hazırda Azərbaycanda 40 mindən çox taksi fəaliyyət göstərir ki, onun da təxminən 28 mini Bakıdadır. Mövcud dəyişikliklərdən sonra bu sayın 10 minə qədər azalacağı, xüsusən də paytaxtda taksi fəaliyyəti ilə məşğul olan bir çox vətəndaşın işini itirəcəyi bildirilir.

Xarici şirkətlər Azərbaycandan çıxarılarsa, bu, taksi bazarına necə təsir edəcək?

Bu barədə iqtisadçı Xalid Kərimli “AzPolitika.info”-ya şərhində bildirib ki, xarici şirkətlər çox rahatlıqla Azərbaycan bazarından uzaqlaşdırıla bilərlər. Ekspertin sözlərinə görə, bu, azad iqtisadi mühitin pozulması deməkdir. İqtisadçı bu cür inzibati yolla digər iştirakçıların taksi bazarına girişinin qarşısının alındığını bildirir.

 

 

Ekspert qeyd edir ki, taksi bazarında yaşanan neqativ halların qarşısını almaq üçün nəzarət mexanizmini gücləndirmək lazımdır: “Düzdür, sözügedən şirkətlərlə bağlı bir sıra problemlər mövcuddur. Ancaq düşünürəm ki, bu sahədə müəyyən tənzimləmələrə və nəzarət mexanizminin təkmilləşdirilməsi kimi, məsələlərə yönəlmək olardı. Burada - sürücülərin treyninqlərə cəlb edilməsi, sürücü seçimində daha sərt yanaşma, vaxtaşırı yoxlamalar və cəzalandırma tədbirlərindən söhbət gedir. Digər tərəfdən, bu sahədə vergi nəzarəti artırılmalıdır. Hökumətin bu qaydalarına əməl etməyən şirkətlərlə bağlı sonda daha sərt qərarlar qəbul edilə bilər. Ancaq sözügedən taksi şirkətlərinin bazardan qovulması çıxış yolu ola bilməz”.

“Təbii ki, bu şirkətlərin taksi bazarında mövcudluğu ciddi rəqabət mühiti yaradan amildir. Azərbaycanda taksi qiymətləri dünyanın digər ölkələri ilə müqayisədə kifayət qədər ucuzdur. Hətta bəzən avtobusdan belə ucuz başa gəlir. Təbii ki, bazarın bir əldə cəmləşməsi, bu sahəyə girişin çətinləşdirilməsi, sərt qaydaların qoyulması qiymətlərin yüksəlməsinə səbəb olacaq. Bu, qaçılmazdır”,-deyə ekspert bildirib.

Mövcud dəyişikliklər taksi bazarında normallaşmaya səbəb olacaqmı?

Qeyd edək ki, bu gün taksi bazarında müəyyən problemlərin olduğu heç kimə sirr deyil. Sürücülər qiymət tariflərinin aşağı olmasından, vətəndaşlar isə göstərilən xidmətin keyfiyyətindən narazıdırlar. Ancaq ekspertin də qeyd etdiyi kimi, bu sahəyə nəzarəti artıraraq, sözügedən neqativ halların qarşısını almaq mümkündür.

Dövlət qurumları taksi bazarına “əl gəzdirməzdən” əvvəl, problemin kökündə dayanan əsas məsələləri həll etməlidirlər. Elə götürək, taksi fəaliyyəti ilə məşğul olan sürücülərin Narkoloji Dispanserdə rüşvət verərək, narkotik testindən keçməsini (Qeyd:Bu günlərdə mətbuatda Narkoloji Dispanserdə 10 manat qarşılığında sürücülərə narkotik testinin verilməsi ilə bağlı görüntülər yayılmışdı). Ya da rüşvət qarşılığında sürücülük vəsiqəsinin kifayət qədər əlçatan olmasını... 

İstənilən halda, bu cür problemlər həll olunmadığı müddətcə, xarici investorların bazarı tərk etməsi nə xidmət keyfiyyətini artıracaq, nə də bu cür inhisarçı bir mühitdə taksi sürücüləri daha çox gəlir əldə edə biləcəklər.

 






Fikirlər