Görüntüləri ilə şantaj edilən deputatın mandatı əlindən alına bilərmi?

Görüntüləri ilə şantaj edilən deputatın mandatı əlindən alına bilərmi?

Milli Məclisin deputatı İqbal Məmmədovun adı daha bir qalmaqala qarışıb. Deputatın özü üzləşdiyi şantajla bağlı açıqlama verib.

Laf TV-yə telefon bağlantısı ilə qoşulan İqbal Məmmədov hadisənin 2020-ci ilin yanvar ayında baş verdiyini deyib. O, deputatlığa namizəd olduğu dövrdə oğlunun ona məxsus olduğu iddia edilən görüntülərlə şantaj edildiyini deyib:

“Oğlum mənə dedi ki, ona zənglər edirlər, şantaj edirlər. Mən dedim ki, gəl həmin adamları hüquq-mühafizə orqanlarına verək. Çünki belə bir şey bizim nəslə yaraşmayan bir şeydir. Dərhal hüquq-mühafizə orqanlarına müraciət etdik. Həmin pulu da hüquq-mühafizə orqanlarının istəyi ilə deyilən karta yüklədik ki, onlar izi tapa bilsinlər. 3-4 ay ərzində həmin adam tapıldı, araşdırma aparıldı və işi məhkəməyə göndərdilər. Məhkəmə də ona iş kəsib”.

İqbal Məmmədov əlavə edib ki, həmin şəxs qadın deyil, kişidir:

“Mən əvvəllər uzun müddət biznes fəaliyyəti ilə məşğul olmuşam. 2010-cu ildə millət vəkili seçiləndən sonra şirkətlərimi ailəmə və qardaşıma dövr etmişəm. Bu şəxs də həmin şirkətlərin birində işləyib, daha əvvəl isə hansısa reket saytlardan birində çalışıb. Qardaşıma məxsus olan şirkətdə işlədiyi vaxt o, işdən qovulub. Bu səbəbdən də belə bir şantaja əl atıb”.

Deputat şantaja əl atmış şəxsin əlində hər hansı ifşaedici foto və ya məlumatın olmadığını bildirib. “Qafqazinfo”nun apardığı dəqiqləşdirmələrdən sonra məlum olub ki, millət vəkilinin oğlunu şantaj etdiyinə görə həbs edilən şəxs 1992-ci il tarixdə Bakıda anadan olmuş, ailəli, ali təhsilli Xəzər rayonu, Şüvəlan qəsəbəsində yaşayan R.Ə.Quliyevdir. O, 1984-cü il təvəllüdlü Nəzrin Məmmədli adı ilə saxta profillər açaraq İqbal Məmmədovun oğlu Mirhəmin Nərimanlını şantaj edib.

Qeyd edək ki, “Qafqazinfo”da yayımlanan xəbərdə də Xəzər Rayon Məhkəməsinin hökmü ilə R.Ə.Quliyevin 2022-ci ildə həbs olunduğu, daha sonra şərti cəza ilə azadlığa buraxıldığı qeyd olunmuşdu. Bu ilin may ayının 18-də isə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə o, yenidən məhkəmə zalındaca həbs edilib. Belə ki, apellyasiya instansiyası təqsirləndirilən şəxs barəsindəki 3 il həbs hökmünü bərpa edib. R.Ə.Quliyevin 2022-ci ildə bu cinayət işi üzrə həbsdə saxlanıldığı 1 ay 28 gün cəzasından çıxılıb.

Oxşar şantaj hadisəsi ilə YAP-nın Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov da üzləşmişdi. 2021-ci ilin sentyabrında onun kimliyi bəlli olmayan qadınla video görüntüsü yayılmışdı. Yayılmış videoda Ramiz Göyüşov əxlaqsız qadınla videogörüntülü danışır və intim hərəkətlər edirdi. Videosu yayaılandan az sonra Ramiz Göyüşov YAP-nın Binəqədi rayon təşkilatının sədri postundan uzaqlaşdıırldı.

Ötən ilin noyabrında isə Ədliyyə Nazirliyinin Mühafizə Alayının komandiri, ədliyyə mayoru Tural Rəfiyevin intim videosu yayılmışdı. Video yayılandan az sonra Tural Rəfiyev tutduğu vəzifədən uzaqlaşıdırlmışdı. Bu baxımdan adı oxşar olaya qarışmış deputatın da mandatını itirə biləcəyi müzakirə mövzusuna çevrilib. Hazırda şantaj video və fotoları ortada olmasa da, üzə çıxmayacağı ehtimalı da yox deyil. Belə bir halda İqbal Məmmədovun başa daha böyük qalda ola bilər.

Musavat.com






Fikirlər