"Səhhətində problemlər olsa da, Salayevi Müalicə Müəssisəsindən çıxardıblar"
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Salyan rayon şöbəsinin sədri Zamin Salayevin (Əlizamin Salayev) səhətti ağırlaşıb. "AzerTaym.az" yeniavaz-a istinadən xəbər verir ki, bu barədə vəkil Nemət Kərimli onunla telefon danışığından sonra Feysbukda yazıb.
"Zamin bəylə danışdım, ayaqları çox şişib, böyrəkləri işləmir, amma, buna baxmayaraq, onu Müalicə Müəssisəsindən çıxardıblar”, - deyə vəkil bildirib.
Penitensiar Xidmətdən onun səhhəti ilə bağlı məlumat almaq mümkün olmayıb.
Qeyd edək ki, Əlizamin Salayev fevralın 7-də saxlanılıb, ertəsi gün Qaradağ Rayon Məhkəməsi onu həbs edib. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü maddəsilə (xuliqanlıq - silah və ya silah kimi istifadə olunan əşyaların tətbiqilə zərərçəkmişə qarşı güc tətbiqi) cinayət işi açılıb.
Mayın 22-də Qaradağ Rayon Məhkəməsi hakim Rufan Mürsəlovun sədrliyi ilə Zamin Salayevin 4 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.
Mayın 30-da məhkəmənin hökmündən apellyasiya şikayəti verilib.
Salayev həbsinin sifariş olduğunu hesab edir və məhkəmə qərarına etiraz olaraq 114 gün aclıq edib. İyunun 1-də o, aclığı dayandırıb.