Azərbaycanda iri çinli məmurların maddi imkanlarının həddi-hüdudu yoxdur. Əksər dövlət məmurları haram yolla yığdıqları pullarla özlərinə olmazın imkanlar yaratmaqla yanaşı, dəyəri milyonlarla manatla ölçülən evlər, villalar, saraylar inşa etdiriblər.
Belə saraylardan biri də Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova məxsusdur. Bilgəhdə inşa edilmiş 4 mərtəbəli sarayın hansı pulla inşa edildiyi məlum deyil. Hər halda agentlik rəisinin aylıq əmək haqqısı belə bir kəhkəşana sahib olmasına imkan vermir.
Məlumata görə, bu villanın ümumi dəyəri 15 milyon dollardan çoxdur. Onun dizyanını İtaliyadan gəlmiş memarlar veriblər. Elə layihəsini də onlar hazırlayıblar. Tikintiyə nəzarət edən italyanlar, sonradan iç dizaynı da yoluna qoyaraq, külli miqdarda pul alıblar.
Əldə etdiyimiz məlumata görə, bu villa dünən artıq sökdürülüb. Sökülməsi barədə tapşırıq isə prezident İlham Əliyev tərəfindən verilib. Bildirilir ki, dövlət başçısı Bilgəhdə olarkən həmin sarayı görüb və onun kimə məxsus olduğunu soruşub. Prezidenti müşayət edənlər bildiriblər ki, həmin saray FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarova məxsusdur. Bunun ardından ölkə rəhbəri həmin sarayın sökülməsi tapşırığını verib. Və bildirib ki, belə kəhkəşanı ancaq qudurğan məmur yarada bilər.
Amma işin olduqca maraqlı başqa bir tərəfi var. Bilgilərə görə, dövlət başçısının tapşırığına baxmayaraq, Cəbrayıl Xanlarov bir müddət 15 milyon dollara tikdirdiyi sarayının sökülməsinə imkan verməyib. Hətta bunun qarşısını almaq üçün müxtəlif vasitələrə belə əl atıb. Dünən isə tapşırığı icra edənlər sonuncu xəbərdarlıqdan sonra binaya dinamit qoyaraq, partladıblar. Elə fotoşəkildən də aydın görünür ki, uçqun hissənin divarlarında qara rəngli hisə boyanma var. Bundan sonra Xanlarov evin tamamilə sökülməsinə icazə verib.
Bu əsnada, azpolitika.info-da bir müddət əvvəl Cəbrayıl Xanlarovla bağlı maraqlı bir araşdırma yaymışdı. Həmin araşdırmada vurğulanırdı ki, Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəisi Cəbrayıl Xanlarov ölkədə geniş vüsət almış tikinti sektoruna nəzarət edən əsas fiqur olmaqla yanaşı, həm də çox böyük varidata sahiblənib. Xəbərə görə, Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəhbəri 1972-ci il təvəllüdlü Cəbrayıl Xanlarov bu vəzifəyə agentlik yarandığı gündən - 2006-cı ildən rəhbərlik edir. Yəni 34 yaşında bu vəzifəyə təyin olunub. Bu təyinata qədər FHN-in özündə adi bir işdə işləyib və qeyri-adi bacarığı ilə diqqəti çəkməyib. C.Xanlarovun nazirlikdə birinci müavin, keçmiş MTN-çi Rəfail Mirzəyevin himayəsi altında olduğu da bildirilir.
Əsasən birinci müavinin təlimatları əsasında hərəkət edən C.Xanlarov, belə demək mümkünsə, tikinti şirkətlərinin kabusuna çevrilib. Azərbaycanda tikilən hər kvadratda C.Xanlarov-R.Mirzəyev tandeminin "haqqı” var.
Azpolitika.az yazır ki, il ərzində Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində lisenziyaların, rəylərin verilməsi, tikinti şirkətlərindən və fərdi sahibkarlardan alınan "nəzarət haqları” hesabına toplanan pulların miqdarı on milyonlarla ölçülür.
Mənbə əminliklə bildirir ki, Bakıda son 10 ildə tikilən bütün yaşayış binalarında Cəbrayıl Xanlarovun 3-5 mənzili var: "Bu mənzillərin ümumi haqq-hesaba aidiyyatı yoxdur… Cəbrayıl Xanlarovun "ağası” Rəfail Mirzəyev, "qara kassası” Niyazi Babuşovdur. Agentlikdə orta və kiçik məbləğləri Babuşov toplayır. İri məbləğləri Cəbrayıl Xanlarov şəxsən qəbul edir”.
(AzerTaym.az)
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.