Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu imtahanları ilə bağlı şikayət var.
Daxil olan məlumata görə, imtahanda iştirak edən müəllimlərin işə qəbulu üçün 75, direktor və direktor müavinlərindən isə 95 manat rüsum tələb olunur. Bundan əlavə, imtahanda iştirak edəcək müəllimlərə əvvəlcədən bu haqda məlumat verilməyib. Onlar bu məlumatdan imtahana gələrkən xəbər tutublar. Bu isə imtahanda iştirak edəcək müəllimlərin haqlı narazılığına yol açıb.
Təhsil eksperti Elçin Əfəndi Qaynarinfo-ya açıqlamasında bildirib ki, əvvəlcədən elan olunmayan ödəniş qeyri-yığım hesab olunur:
"Vətəndaş ödənişdən məlumatsızdır. Bunu bilməyən vətəndaş yaxınlaşır ki, imtahan versin və imtahan götürən təşkliat ona bu qədər rüsum ödəyəcəyini deyir. Bu doğru yanaşma deyil, imtahan keçirılməsi üçün konkret qiymət var. Yəni, imtahanı onlar hansı əsasla keçirir? Həmin imtahanın ümumi dəyəri nə qədərdir? Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahandırsa, orada hansı imtahanın hansı əsaslarla keçirildiyi və rüsumun təyin oldunduğu haqda məlumat var. Dövlət İmtahan Mərkəzi deyil, fərqli bir qurum imtahan keçirir və özündən də rüsum təyin edirsə, bunu əsaslandırmalıdır. Ümumi ödəniş yığmaq qanunsuzdur. Xüsusən də əvvəlcədən elan olunmayıbsa, rüsum tələb edilə bilməz”.
Elçin Əfəndi bildirib ki, bu məsələ Mədəniyyət Nazirliyinin əsasındadır. "Nazirlik hansı əsasla bu pulu təyin edib? Ən azı nazirlik buna bir açıqlama verməlidir”, deyə ekspert bildirib.