Azərbaycanda qızmar yay: İstidən necə qorunmalı?
Azərbaycanda yağışlı-küləkli havalardan sonra temperatur 30 dərəcəni ötüb. Avropa, Amerika və Asiya ölkələrində isə istilər rekord həddə çatıb. Bu həftə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) yüksək temperaturlara görə xəstəlik və ölüm risklərinin artacağı ilə bağlı xəbərdarlıq edib. Bəs, görəsən, sərinləməyin sadə yolları nədir? Britaniyalı alimlər aşağıdakı üsulları məsləhət görürlər. Paltarınıza su çiləyin "Mənim üçün qızmar havada bayıra çıxmağın ən sadə üsulu paltarı islatmaqdır", - Cambridge Universitetindən Lisa Jardine-Wright deyir. Suyun buxarlanması, yəni maye vəziyyətindən qaz vəziyyətinə keçməsi enerji tələb edir. Bu enerjini insan bədəni təmin edir. Nəticədə suyun buxarlanması temperaturun enməsinə gətirib çıxarır. Sərinləmə effekti yaranır. Əgər siz ventilyatordan istifadə edirsinizsə, o, dərinizin səthindən buxarlanmanı sürətləndirir və siz sərinləyirsiniz. "Fransada velosiped sürəndə havanın temperaturu 40C dərəcədən yuxarı idi. Mən, sadəcə, maykamı suya salıb çıxardım və bayıra çıxdım. Lakin bu üsul bir qədər ekstremal görünə bilər”, - Jardine-Wright deyir. "Buxarlanma ilə müşayiət edilən istənilən proses bədəninizin temperaturunun aşağı düşməsinə səbəb olacaq". Əllərinizi soyuq suya salın Əlləri soyuq suya salmaq sərinlənməyə kömək edir, Portsmouth Universitetindən psixoloq, professor Mike Tipton deyir. Bədənin temperaturu artanda qan daha çox daxili orqanlardan dərialtı, o cümlədən, əlin içindəki kapillyarlara doğru axır. "Bu zaman iki əlinizi də suya salsanız, istinin azalmasına kömək edərsiniz", Tipton deyir. "Bədənin temperaturu normal səviyyəyə düşəndə, qan dövranı da yavaşlayır, qan, sanki soyuyur - insan özünü daha rahat hiss etməyə başlayır". Ventilyatoru pəncərəyə yaxın işlədin Pəncərələri bağlı otaqda ventilyatorun işləməsi havanın daha yaxşı dövriyyəsini təmin edir. Lakin daha effektiv yol onu açıq pəncərənin yaxınlığında yerləşdirməkdir, Jardine-Wright deyir. Onun sözlərinə görə, bu, bayırdakı havanın içəriyə doğru yönəlməsinə kömək edir. "Pəncərə açıq olanda ventilyator soyuq havanı bayırdan içəriyə doğru çəkir, pəncərə bağlı olanda isə yalnız daxildəki hava dövriyyə edir". Üzünüzü sərinlədin Əgər ventilyatordan istifadə edirsinizsə, ondan gələn havanı üzünüzə doğru yönləndirin, Tipton deyir. "İnsan üzündə çoxlu reseptorlar var, buna görə də üz sərinləyəndə, rahatlıq effekti yaranır -deyə tədqiqatçı qeyd edir. - Hətta bütövlükdə bədəniniz sərinləməsə belə, sırf üzün sərinlənməsi ümumi sərinlik hissi yaradır”. Eyni zamanda o deyir ki, bir çoxları bəzən bu məsələdə səhvə yol verir. Misal üçün, əl sərinkeşindən o dərəcədə güclə istifadə edirlər ki, nəticədə sərinləmə effekti yaratmaq əvəzinə bədəni daha da istilədirlər. İlıq duş qəbul edin Soyuq duş bədənin hərarətinin aşağı salınmasının ən səmərəli yolu kimi görünə bilər. Lakin soyuq duş altında insan orqanizmi istiliyi saxlamağa çalışır. "Bədənin temperaturu artanda soyuq duş almaq qan dövranını məhdudlaşdırır və bədəndən istinin çıxmasının qarşısını alır", - Tipton deyir. Buna görə də duş üçün suyun temperaturu 20C dərəcədənsə, 10C dərəcə ətrafında olsa, daha səmərəli olar. "Bu səbəbdən suyun temperaturu elə seçilməlidir ki, kifayət qədər sərin olsun, eyni zamanda o, qanın dəri kapillyarlarına yönlənməsi üçün kifayət qədər ilıq olmalıdır". İstiotlu yeməklər yeyin İstiotlu yeməklər, nə qədər təəccüblü görünsə də, sərinləməyə kömək edə bilir. "İstiotlu yeməklər sərinləmə gətirir", - Tipton deyir. Buna səbəb onun tərkibində tərləməni gücləndirən kapsaitsin maddəsinin olmasıdır. "Tərləməni gücləndirən istənilən amil son nəticədə sərinləməyə və bədənin hərarətinin enməsinə səbəb olur", - Tipton əlavə edir. “Tər buxarlandıqca, sərinlik hissi yaranır", - o deyir. İsti havada günvurma - TƏBİB-dən tövsiyələr Azərbaycanın Tibbi Ərazi Bölmələrinin İctimai Birliyi (TƏBİB) xəbərdarlıq edib ki, yay mövsümü başlayandan 16 nəfər günvurma ilə bağlı təcili tibbi yardıma müraciət edib, onlardan 13-ü xəstəxanalara aparılıb. TƏBİB günvurma zamanı ilkin tibbi yardım olaraq aşağıdakıları tövsiyə edib: • zərərçəkəni kölgəyə və ya sərin otağa aparmaq, onu sıxan paltarları çıxarmaq, yarıoturaq vəziyyətdə uzatmaq • zərərçəkənə soyuq su vermək, üzünü və sinəsini soyuq su ilə silmək • zərərçəkənin başının, boynunun yan tərəflərinə, qoltuqaltı və qasıq nahiyələrinə (iri damarlar keçən yerlər) buz və ya bu mümkün olmadıqda soyuq su ilə kompres etmək • və ilkin tibbi yardımdan sonra dərhal təcili tibbi yardım çağırmaq və ya zərərçəkəni yaxınlıqda olan tibb müəssisəsinə çatdırmaq lazımdır. BBC Azərbaycanca