“Cəbrayılın işğaldan azad olunması tariximizin ən şərəfli anlarından biridir”

“Cəbrayılın işğaldan azad olunması tariximizin ən şərəfli anlarından biridir”

“Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonu 27 il davam edən işğaldan sonra  Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və qəhrəman Ordumuzun şücaəti nəticəsində üç il öncə oktyabr ayının 4-də düşmən işğalından azad olmuşdur. Cəbrayılın işğaldan azad olunması düşmənə ağır zərbə vurmuşdur. Heç təsadüfi deyil ki, “Böyük Qayıdış” Cəbrayıldan başlamışdır”.

 Bu sözləri AzerTaym.az-a açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

 Deputat bildirib ki, 5 yanvar 1994-cü il tarixində Horadiz əməliyyatı zamanı Cəbrayıl Cocuq Mərcanlı kəndi işğaldan azad edilmişdi. Strateji yüksəkliklər işğalçılardan azad olunandan sonra Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Cocuq Mərcanlıya qayıdış Böyük Qayıdışın başlanğıcı idi. 2016-cı il aprel döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi də işğaldan azad edilmişdi. Azərbaycan Ordusunun bu uğurları bizi Böyük Qələbəyə daha yaxın etmişdir.Cəbrayılın azad olunması Azərbaycan Ordusunun şücaətinin nəticəsidir. Beləki, 2016-cı il Aprel Döyüşləri zamanı Azərbaycan Ordusunun əks hücumu nəticəsində Lələtəpə yüksəkliyi işğaldan azad edilmiş və Cocuq Mərcanlı kəndi Azərbaycan Ordusunun nəzarətinə keçmişdi. Vətən müharibəsi zamanı Azərbaycan Ordusu 2020-ci il 27 sentyabr tarixində Cəbrayıl rayonunun Böyük Mərcanlı və Nüzgar kəndlərini, 3 oktybar tarixində Mehdili, Çaxırlı, Aşağı Maralyan, Şəybəy və Quycaq kəndləri, 4 oktyabr tarixində Cəbrayıl şəhərini və rayonun 9 kəndini – Karxulu, Şükürbəyli, Çərəkən, Daşkəsən, Horovlu, Mahmudlu, Cəfərabad, Yuxarı Maralyan və Decal kəndlərini işğaldan azad etmişdir. Cəbrayıl rayonunun ərazisində aparılan hərbi əməliyyatlar nəticəsində ümumilikdə 1 şəhər (Cəbrayıl) və 80 kənd işğaldan azad edildi. Bununlada Cəbrayıl rayonu 27 ildən sonra düşmən işğalından azad edildi. Üstəlik, Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı.

 T. Cəfərova qeyd edib ki, 1993-cü ilin avqust ayının 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuş Cəbrayıl rayonunun 27 il ərzində bütün infrastrukturu dağıdılmaqla yanaşı, maddi-mədəni abidələri də məhv edilmişdir. Dağtumas kəndi yaxınlığında yerləşən “Divlər Sarayı” mağarası, Qalacıq kəndindəki “Məscid Təpəsi”, “Canqulu” və “Qumtəpə” kurqanları, Diri dağındakı Mazannənə, Mərmər nənə məqbərələri kimi arxeoloji, Doğtumas kəndindəki “Başıkəsik Gümbəz”, Sirik kəndindəki “Qala”, Diri dağındakı “Qız qalası”, Xudafərin körpüləri, Çələbilər kəndindəki Məscid kompleksi, rayon mərkəzindəki “Sultan Məcid hamamı”, Şıxlar kəndindəki “Dairəvi Türbə”, Xubyarlı kəndindəki “Dairəvi” 8 guşəli türbə və məqbərələr, türk qəbiristanlığındakı türbə və məqbərələrin hər biri işğal zamanı məhv edilmiş və ya dağıntıya məruz qalmışdır. Şübhəsiz ki, Azərbaycan xalqının birliyi və dövlətimizin gücü sayəsində  dağıdılmış bütün tarixi abidələr yenidən bərpa olunacaq.

 Bunlarla yanaşı dövlətimizin başçısının üçrəngli bayrağımızı tarixi Xudafərin körpüsündə qaldırmasının əhəmiyyətini xüsusilə vurğulayan millət vəkili Tamam Cəfərova qeyd edib ki, bu tarixi hadisə Azərbaycan xalqı üçün qürur və fəxarət idi.Cəbrayıl rayonu ərazisində yerləşən qədim Xudafərin körpüsünün düşməndən azad edilməsi və Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu körpüdə Azərbaycan bayrağını ucaltmasının böyük tarixi və siyasi əhəmiyyəti vardır.

 Azərbaycanın əbədi və əzəli torpaqlarının düşmən işğalından azad olunması xalqımızın şərəfli tarixinin ən mühüm hadisələrindəndir.Vətən müharibəsi zamanı və ondan sonrakı dövrdə Azərbaycan xalqı tarixinin ən şərəfli anlarını yaşayır. Azərbaycan xalqı qədim xalqdır. Bizim tariximizdə bir çox şərəfli anlar olub, hadisələr olub, qələbələr olub. Onların sırasında Cəbrayılın  azad edilməsi xüsusi əhəmiyyət daşıyır.

 Böyük fəxarət hissi ilə deyə bilərik ki, bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarına daxil olan bütün rayonlarda olduğu kimi Cəbrayıl raynunda da bərpa və quruculuq işləri sürətlə və planlı şəkildə davam etdirilir. Bunu cənab Prezident İlham Əliyevin Cəbrayıl rayonun ötən iki ildəki səfərlərində əyani şəkildə görə bilərik.Ötən üç ildə ölkə Başçımız Cəbrayıl rayonuna 7 dəfə səfər etmişdir. Bu səfərlərdə mühüm infrastruktur obyektlərinin təməqoyma və açılış mərasimləri olmuşdur. Həyata keçirilən bərpa-quruculuq işlərində tezliklə Cəbrayıl rayonuna gələcək vətəndaşların rahatlığı üçün bütün məsələlər nəzərə alınır. Beləki, Cəbrayıla gələn vətəndaşlar rahat gələcək və buradan keçən Zəngəzur dəhlizindən istifadə edəcəklər. Cəbrayıla 4-6 zolaqlı yol çəkilir. Rayonun bütün kəndlərinin tədricən bərpa edilməsi proqramı da təsdiq edilmişdir.

 Həyata keçirilən bütün bu işlər Azərbaycan dövlətinin iqtisadi, siyasi gücününün növbəti təzahürüdür. Bu gün bütün dünyanın gözü Azərbaycanın işğaldan azad olunan ərazilərdə gördüyü işlərdədir. Dünya bütün bu işləri heyranlıqla və müəyyən mənada qısqanclıqla izləyir. Nəzərə alsaq ki, hazırda dünyada çox böyük mürəkkəb və çətin proseslər gedir. Belə bir şəraitdə ölkəmizin beynəlxalq miqyasda qazandığı nüfuz və eləcə də işğaldan azad olunan ərazilərdə həyata keçirdiyi bərpa-quruculuq işlərinin miqyası böyük bir təəccüb və haqlı bir heyranlıq doğurur. Əlbəttə, qazanılan bütün uğurların arxasında mövcud siyasi iradə, xalqın birliyi və ordunun gücü dayanır.

 Millət vəkili Tamam Cəfərova belə deyib.






Fikirlər