“Vəzifəli şəxsə 120 min avroluq “Lexus” hədiyyə olunur. Budur şəffaflıq?”
“Dünən son 30 ildə ilk dəfə olaraq, Naxçıvan Muxtar Respublikasının dövlət büdcəsi haqqında qanun layihəsi Ali Məclis tərəfindən ictimai müzakirəyə çıxarılıb. 2024-cü il dövlət büdcəsi haqqında qanun layihəsi Naxçıvan Muxtar Respublikası Ali Məclisinin və Nazirlər Kabinetinin orqanı olan “Şərq qapısı” qəzetinin 30 noyabr 2023-cü il tarixli sayında dərc olunub. Əvvəllər muxtar respublikanın dövlət büdcəsi haqqında qanun layihəsi heç vaxt dərc edilməmişdi”. Bunu “TNS” İnformasiya Agentiyinin direktoru Tural Səfərov öz “Facebook” hesabında yazıb. Jurnalist bildirib ki, Naxçıvan Muxtar Respublikasının 2024-cü il büdcəsi haqqında qanun layihəsinin Nazirlər Kabineti tərəfindən Ali Məclisə təqdim olunduğu xəbəri ölkəmizin əksər media orqanları tərəfindən yayılıb. “Amma bəzi media orqanlarında tamamilə yanlış, Azərbaycan qanunlarına zidd məlumatlar verilib. Qeyd edirlər ki, bu ilki büdcə layihəsi Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin apardığı islahatlar fonunda müəyyən edilmiş prinsiplər əsasında hazırlanıb. Burada maliyyə şəffaflığı əsas prioritet kimi diqqətdə saxlanılıb. Gəlin bu iki cümləni qısa təhlil edək. Əvvəla Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyinin büdcəyə qarışmaq səlahiyyəti yoxdur. Naxçıvanın Konstitusiyasına görə, dövlət büdcəsini Nazirlər Kabineti hazırlayır, Ali Məclis də təsdiqləyir. Şəxsən mən indiyədək Prezident Administrasiyasının dövlət büdcəsinin hazırlanması ilə bağlı məsələlərə müdaxilə etdiyi barədə heç bir məlumata rast gəlməmişəm. Büdcə layihəsi Nazirlər Kabineti tərəfindən hazırlanır, Milli Məclisdə qəbul edilir, Prezident tərəfindən təsdiqlənir. Hesab edirəm ki, belə bir məlumatın ictimailəşdirilməsi dövlətimizin imicinə ciddi zərbə olacaq. Bizim media orqanlarımızı xaricdə də izləyirlər. Bu cür yanlış təbliğatla ölkəmizin daxilindəki və xaricindəki düşmənlərin əlinə əsas veririk. Keçək ikinci məsələyə. Belə təbliğatın sifarişçilərinə və icraçılarına xatırladırıq ki, ölkədə islahatı bir şəxs – Azərbaycan Respublikasının Prezidenti aparır. Mən heç yerdə Prezident Administrasiyasının, Nazirlər Kabinetinin islahatlar apardığı məlumatına da rast gəlməmişəm. Naxçıvanın sabiq rəhbəri Vasif Talıbov da vaxtilə yerli şəraitə uyğun “islahatlar” aparmağa çalışırdı. O ki qaldı şəffaflığa, bu il Naxçıvanda keçirilən tenderlərdən necə “şəffaf” olduqları görünür. Tikinti təcrübəsi olmayan şirkətlər muxtar respublikada keçirilən tenderlərdə qalib gəlir, heç bir səlahiyyəti olmayan bir şəxs dövlət orqanlarının işinə qarışır, hansısa vəzifəli şəxsə 120 min avroluq “Lexus” hədiyyə olunur. Budur şəffaflıq?”, - Tural Səfərov əlavə edib.