Qızılca tüğyan edir: Ölkə qapanmaya gedir - Məktəblər bağlanır?
Qızılca xəstəliyinə yoluxma hallarında günü-gündən artım müşahidə olunur. Məsələnin ən qorxulu tərəfi isə bu xəstəliyə yoluxan məktəblilərin həyatını itirməsidir. Valideynlər mövcud vəziyyətdən olduqca narahatdırlar. Hətta bir çoxları övladını məktəbə göndərmir və qapanmanın olmasını istəyir. Bununla bağlı “Yeni Sabah”a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla hazırda qapanmaya ehtiyac olmadığını deyib: “Qızılca xəstəliyinin statistikasının artması narahatlıq doğurur. Bütün dünya üzrə bu tendensiya müşahidə edilir və təkcə vaksinə bağlı bir vəziyyət deyil. Amma Azərbaycanda valideynlərin bir müddət vaksinasiyadan, xüsusilə də milli peyvənd proqramı üzrə vacib vaksinlərdən yayınması hazırda öz təsirini göstərməkdədir. Valideynlərin imtina ərizəsi yazması nəticəsində xeyli müddətdir ki, uşaqların əksəriyyəti peyvəndsiz qalıb. Bir çoxları müxtəlif şaiyələrə inanıb və peyvənd prosesindən kənarda qalıb. Məlum səbəblərdən dolayı qızılcanın əhatə dairəsi genişlənir. Təkcə yol vaksinasiyadır. Kütləvi şəkildə məktəblərin bağlanmasına gərək yoxdur. Ancaq lazım olan hallarda qapanmalara gedilə və onlayn təhsilə keçilə bilər. Bütövlükdə isə, buna ehtiyac olduğunu zənn etmirəm. Düşünürəm ki, vaksinasiya intensiv həyata keçirilərsə, yoluxma halları lokallaşacaq”. Həkim-infeksionist Mərdan Əliyev isə “Yeni Sabah”a bildirib ki, yoluxmanın qarşısını almaq üçün bir neçə variantdan istifadə etmək mümkündür: “Qızılca hava-damcı yolu ilə yayılır. Bu səbəbdən kollektiv qruplarda yoluxma halları intensivləşir. Məktəb və bağçalarda 1 yoluxma halı qeyd olunduğu halda, digərlərinin də qızılcaya tutulmaq ehtimalı artır. Bu səbəbdən belə məkanlardan çəkinməklə xəstəliyin qarşısını almaq mümkündür. Amma tədris müəssisələrində qapanmalara gedilməsi ilə bağlı qərarı aidiyyatı qurumlar verməlidir. Bu məsələ ilə bağlı müxtəlif variantlar fikirləşmək olar. Yoluxma hallarının qarşısının alınması üçün uşaqların ciddi şəkildə müayinə olunması, məlum xəstəliyə qarşı immunitetinin olub-olmamasının yoxlanması lazımdır. Müayinələrin nəticəsində hansı uşağın qızılcaya qarşı nə qədər davamlı olduğunu aşkar etmək mümkündür. Bütün bunların fonunda distant təhsil sisteminə yenidən qayıtmaq da olar. Digər variant da budur. Ən son və vacib versiya isə peyvəndlənmədir. Sürətli şəkildə yayılan bu virusun qarşısını almaq üçün mütləq olaraq yoluxmayan şəxslərin vaksinasiya ən yaxşı üsuldur. Beləliklə, onlarda qızılcaya qarşı immunitet yaratmaq olar”.