Son bir neçə həftədir yazıçılara, sosial şəbəkə fenomenlərinə hədiyyə edilən evlərlə bağlı sosial şəbəkələrdə müzakirələr davam edir. Belə ki, Yazıçılar Birliyindən yazarlara hədiyyə edilən evlər, tiktoker Baboşa şəhərin ən gözəl yeri olan Port Bakudan bağışlanılan ev müzakirə olunur.
Mövzu ilə bağlı sosioloq Lalə Mehralı fikirlərini Moderator.az-a bölüşdü. Bildirdi ki, dünən gündəmə gələn tiktokerlərin evlə təmin olunması gənclərə pis örnəkdir:
"Baboş kimilərə ev verilməsi reklam xarakteri daşıyır. Belə ki, sosial şəbəkə fenomenləri daha çox izlənmək, izləyici sayını artırmaq mətbuatda xəbərlərinin dərc olunması, sosial şəbəkələrdə yazılması üçün bu cür üsullardan istifadə edirlər. Yəni belə insanlar onlara alınan bahalı hədiyyələrlə gündəmə gəlmək, özlərini reklam etmək istəyir. Onlar kimi tiktokerlərə böyük məbləğlər xərclənir. Bunu kimlərin niyə etdiyi bəzən gizlin, bəzən məlum olur.
Sizə adi bir misal göstərim ki, bu günlərdə Yazıçılar Birliyinin təşəbbüsü ilə bəzi yazıçılar evlə təmin edildi. O zaman tanınmış yazıçı, tərcüməçi Sevil Gültən bununla bağlı haqlı olaraq etirazını bildirdi ki, illərdir kirayədə yaşayıram iki atasız qız övladı böyüdürəm və evə daha çox ehtiyacım var. Ömrünü ədəbiyyata həsr etmiş imkansız bir yazıçı Yazıçılar Birliyindən ev ala bilmədi, amma Baboşkimilər iki gün məşhur olub üçüncü gün evlə təmin olunurlar. Baboşun kim olduğunu bilmirəm. Onun kimilər evlə təmin olunursa təbii ki, ədalətə, qanunlara insan inamını itirir. Normal insan yardım etmək istəsə elə Sevil xanıma ev hədiyyə edərdi. Port Bakuda yox elə adi hər hansı tikililərin birində, lap bir otaqlı mənzil belə olsa ala bilərdi. Port Bakudakı evin qiymtinə bir neçə evsiz insanı sevindirərdi. Yəni ev yardıma ehtiyacı olan, sənətə, yaradıcılığa canını qoyan insana verilməli idi. Hər hansı tiktokerə yox. Bu cür insanlara hədiyyələr verərək, onları dəstəkləyərək əslində cəmiyyətin kökünü baltalayırıq. İnsanın pulu ola bilər, amma o pulu elə formada xərcləməyi bacarmalıdır ki, həm cəmiyyətə faydası dəysin, həm də insan olaraq prolemini həll etsin. Port Bakudan ev alıb hədiyyə edəcək qədər insanın pulu varsa həqiqətən də o evin qiymətinə bir neçə ehtiyacı olan insanı evlə təmin etmək olardı. Demək ki, burada məsələ yaxşılıq etmək deyil. Ev alan şəxsin məqsədi fərqlidir. Bu məqsəd nədir az- çox hamımız bilirik. Elə şeylər var ki onu demək yazmaq olmur".
Fikirlər