“Sidneydə qalib xalqın nümayəndəsi kimi oxudum” - Xalq artisti
"Bakıdan Sidneyə getmək üçün bir neçə dəfə təyyarə dəyişməli olduq. Bəzən aeroportda 4-5 saat gözləməli olurduq. Ağır səfər idi. Yollarda 30 saat vaxtımız getdi". Bu sözləri Xalq artisti Mənsum İbrahimov deyib. Bu gün "Zaurla Günaydın" verilişində qonaq olan sevilən xanəndə sənəti sayəsində xarici ölkələrin böyük əksəriyyətini gördüyünü bildirib. O, aparacının "neçə ölkədə olmusunuz?" sualına belə cavab verib: "Bəlkə də neçə ölkədə omadığımı soruşmaq daha doğru olardı. Getmədiyim, görmədiyim, gəzmədiyim çox az ölkə qalıb. Bütün böyük dövlətlərdə konsert vermişik. Dünyanın o biri ucunda da Azərbaycan mədəniyyətini, Azərbaycan musiqisini təbliğ etmişik. Həmişə bizi böyük bir qələbəlik izləyib. Sonda "Azərbaycan!", "Azərbaycan!" nidaları salonu bürüyüb". Mənsum İbrahimov deyib ki, Sodneydə verdikləri konsert analoji mahiyyət daşıyan digər tədbirlərdən fərqlənib: "Əvvəllər xaricə gedəndə içimizdə niskil, çöhrəmizdə kədər olurdu. Bəzən nə qədər çalışsaq da, bu kədəri gizlədə bilmirdik. Amma Sidney səfəri fərqli idi. Böyük bir auditoriyanın qarşısında çıxış etmək insanı qürurlandırır. Bizə demişdilər ki, salonun yarısı dolsa, bu, böyük nailiyyət olacaq. Amma tamaşaçı o qədər çox idi ki, insanların 30 faizi bizi ayaq üstə dinlədi. Fərqli bir aura vardı. Tamaşaçıların qarşısında qalib xalqın nümayəndəsi kimi oxuyurdum. Allah bu qüruru bizi yaşadan şəhidlərimizə rəhmət eləsin, Müzəffər Ali Baş Komandanımıza cansağlığı versin!"