Ramin İsayevin həbsdə saxlanması hansı qüvvələrin marağına XIDMƏT edir?
Məlumdur ki, son vaxtlar ölkə gündəmini zəbt edən əsas mövzulardan biri də, ötən 12 il 6 ay ərzində SOCAR AQŞ-də baş direktor vəzifəsində çalışan, məşhur Harvard Universitetində ali təhsil alan və bu təhsil ocağını fərqlənmə diplomu ilə başa vuran Ramin İsayevin qanunsuz həbsdə saxlanması məsələsidir. Qeyd edək ki, bu şəxsin həbsdə saxlanmasının heç bir hüquqi əsası olmasa da, Ramin İsayevlə qərəzçilik edən bəzi şəxslərin verdikləri sifarişlər əsasında qeyd olunur ki, guya o, həmin vəzifəni daşıyarkən özünə yüksək məbləğdə maaş yazır. Belə bir səbəbdən də Ramin İsayev daşıdığı vəzifəsindən azad olunur.
Əslində bütün bunlar tamamilə cəfəng və böhtan xarakterli məlumatlardır ki, həmin məlumatlar bu şəxslə qərzçilik edən şəxslər tərəfindən dövriyyəyə buraxılır. Əldə etdiyimiz məlumatlara görə Ramin İsayevi kimsə işdən çıxartmayıb, əslində onun özü baş verən haqsızlıqlara etiraz əlaməti olaraq 16 oktyabr 2020-ci il tarixdə öz ərizəsi ilə işdən çıxır. Yəni, bu şəxs işdən çıxmaq barədə yazdığı ərizəsini müəssisənin baş hüquqşünasına təqdim edir. Baş hüquqşünas da Ramin İsayevin ərizəsini Direktorlar Şurasına təqdim edir və bununlada o, daşıdığı vəzifəsindən uzaqlaşır. Diqqət yetirmək lazımdır ki, Ramin İsayev məmur olmayıb, o, özəl müəssisə hesab olunan SOCAR AQŞ MMC-də baş direktor vəzifəsində çalışıb. Digər tərəfdən, bu şəxsin aldığı maaşın məbləğini SOCAR AQŞ-nin səhmdarları təyin edib və müvafiq sənədlərin imzalanması səlahiyyəti isə, bu gün də NEQSOL Holdinqin Baş İcraçı direktoru vəzifəsini daşıyan Yusif Cabbarova həvalə olunur. İndi isə sənədlərə və lazımi faktlara istinad etməklə bunları qeyd edə bilərik.
1. Ramin İsayevlə yeni əmək müqaviləsinin imzalanması səlahiyyətləri 15 iyul 2020-ci il tarixdə SOCAR AQŞ-nin səhmdarlarının ümumi yığıncağında Yusif Cabbarova həvalə olunur.
2. Ramin İsayevin əmək haqqının 9224 manatdan 54301 manata qaldırılması ilə bağlı 01 sentyabr 2020-ci il
tarixdə səlahiyyətli şəxs olan Yusif Cabbarov əmr imzalayır.
3. Qeyd edək ki, Ramin İsayev 2008-2020-ci illər ərzində NEQSOL Holdinqin ən iri müəssisəsinə rəhbərlik edirdi və o, digər müəssisə rəhbərləri ilə müqayisədə qat-qat aşağı maaş alır. Bir faktı da qeyd edək ki, Ramin İsayevin tabeliyində işləyən, amma Yusif Cabbarovun əsas adamlarından biri olan Fuad Behbudun maaşı, Ramin İsayevin aldığı maaşdan təxminən 3 (üç) dəfə çox olur.
4. Ramin Isayevin 1 022 785 manat məbləğində mükafatlandırılması, əslində onun 2017-ci ilin dekabr və 2020-ci ilin iyun ayları ərzində ödənilməmiş maaşı olur. Bunun sübutu olaraq Yusif Cabbarov tərəfindən ingilis və azərbaycan dillərində imzalanmış sənədlərin olmasıdır.
5. Ramin İsayevin 1 022 785 manat məbləğində mükafatlandırılması ilə bağlı 01 sentyabr 2020-ci il tarixdə səlahiyyətli şəxs olan Yusif Cabbarov tərəfindən əmr imzalanır.
Qeyd edək ki, əgər altı aydan çox müddət ərzində qanunsuz həbsdə saxlanan Ramin İsayevlə bağlı məlumatlar olduğu qaydada, düzgün formada ölkə rəhbərinə çatdırılarsa, yəqin ki, o halda o, dərhal həbsdən azad olunar. Bununla da haqq-ədalət öz yerini tapar. Ötən yazımızda, yəni “Sabiq baş direktor hansı səbəblərdən həbsdə saxlanır?- İDDİALAR TƏSDİQİNİ TAPMIR” başlığı altında yayımladığımız yazımızda onu da qeyd etmişdik ki, sabiq baş direktor həbs olunduğu vaxtdan bu günə kimi davam etdirilən istintaq araşdırmaları zamanı, Ramin İsayev barəsində 16 milyon manatlıq mənimsəmə faktı ilə bağlı ortaya heç bir dəlil-sübutu qoymaq mümkün olmamışdır. O halda sual oluna bilər ki, hal-hazırda bu şəxs hansı səbəbdən həbsdə saxlanır və nəyə görə də həbsdə saxlanmalıdı.(Gundemxeber.az)
Ardı var.
Mövzuya qayıdacağıq, bizi izləməyi unutmayın.