– Gənclər niyə Türkiyəni seçir? “Bu, hər bir dövlətin milli təhlükəsizlik məsələsidir”

Gənclər niyə Türkiyəni seçir? – “Bu, hər bir dövlətin milli təhlükəsizlik məsələsidir”

Türkiyədə 35 mindən çox azərbaycanlının təhsil alması müsbət haldır, çünki gənclərimiz burada heç bir dəyər itirmir”.

AzerTaym.az bildirir ki,bu sözləri “Yeni Sabah”a millət vəkili, ürək-damar cərrahı, tibb üzrə elmlər doktoru, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası idarə heyətinin sədri, Azərbaycan Respublikasının Əməkdar həkimi Rəşad Mahmudov bildirib. Onun sözlərinə görə, Türkiyədə təhsil alan gənclərimiz milli adət-ənənələrimizə uyğun olaraq yetişirlər:

“Bu məsələyə ən başda xaricdə təhsil almağa yönələn hər bir şəxsin, həmçinin, onların valideynlərinin tələb və ərzlərini nəzərə almaqla öz övladının gələcək perspektivini harada, nə şəkildə və hansı imkanlarla əldə edə biləcəyi reallığını qiymətləndirməklə yanaşmaq lazımdır. 

Bu gün statistik olaraq müqayisə etdiyimiz zaman ölkəmizdə bakalavr və magistr təhsili alan istər dövlət, istər özəl təhsil müəssisələrində ortalama 200 mindən çox tələbə təhsil alır. Qardaş Türkiyədə isə son rəqəmlərə görə 35 mindən çox azərbaycanlı tələbənin olmasını isə belə qiymətləndirə bilərik ki, burada yetişən gənclərimiz ən başda heç bir dəyər itirmir. Nə qədər xarici ölkə desək də, cəmiyyətin gözündə Türkiyədə təhsil almaq məsələsinə baxış fərqlidir. Burada təhsil alan tələbələr ən azından vətənpərvərlik ruhunda, milli adət-ənənələrimizə uyğun formada və bütün dəyərlərimizin bizdən tələb etdiyi kriteriyalara uyğun olaraq inkişaf etdiyindən əminik. Düşünürəm ki, bu, hər bir dövlətin milli təhlükəsizlik yönündən önəm verdiyi vacib bir məsələdir”.

Millət vəkili vurğulayır ki, hər bir dövlət kimi ölkəmiz üçün də bütün sahələrdə olduğu kimi  təhsil sistemində də olan ən son dünya yeniliklərinin ölkəmizdə tətbiqinə nail olmaqdır:

“Burada əsas məqam bir insanın öz həyat hekayəsini yazarkən, xəyalları içərisində həyatını qurması, karyerasını və iş imkanlarını artırması yönündə olan ən optimal variantı seçməsidir.

Türkiyəyə gedənlərin bir hissəsi iki illik peşə yönümlü olaraq bu ölkəyə üz tutur, digər bir qismi yaşamaq və çalışmaq icazəsi almaq üçün daha sonra ali təhsilini dayandırır. Bu kimi reallıqlarla da üz-üzəyik. Ancaq hər bir halda hansı ölkəyə yollanmasından asılı olmayaraq, elm, təhsil, bilik arxasınca gedən bir cəmiyyət varsa, bundan narahat olmağa əsas yoxdur. Xaricdə təhsil alan hər bir azərbaycanlı vətənə, həm dünyada, həm də ölkə daxilində faydalı olur.

Ümumilikdə onu deyə bilərəm ki, hədəfimiz yeni Azərbaycanın, xüsusən, Cənab İlham Əliyevin rəhbərliyi altında müzəffərlik ruhuna və şərəfinə nail olan bir ölkədə hər bir qurumun, eləcə də, yaşamımızın bütün sahələrinə təsir edən vacib məqam olan təhsil sistemimizin üzərinə daha böyük yük düşür. Məktəbəqədər təhsildən doktorantura pilləsinə qədər bu təhsili alan insanların həm ölkədə, həm də dünya iş bazarında özünə rahatlıqla imkanlar tapması üçün yüksək nəticələr əldə edilə bilən dəyişikliklərə ehtiyac var. Bu, həmçinin, ali təhsil müəssisələrimiz üçün də daha effektiv təhsil mexanizmlərini inkişaf etdirməyə şərait yaradacaqdır”.

Rəşad Mahmudov ölkəmizdə tələbələrə yaradılan fürsətlərdən də söz açıb:

“Digər vacib bir məqam isə ölkəmizdə fəaliyyət göstərən Təhsil Tələbə Kredit fondu ilə bağlıdır. Vətəndaşlarımızın çoxu bu qurumdan xəbərsizdir. Valideynlərin dövlət tərəfindən yaradılmış bu imkanın nələr vəd etdiyi barədə yetəri qədər məlumatı yoxdur. Düşünürəm ki, bu, ölkəmizdəki təhsil müəssisələrinin öz iş və imkanlarını inkişaf etdirmək üzrə yaradılan böyük bir fürsətdir. 

Yəni, sözügedən fürsətdən təkcə təhsilalanlar yox, eyni zamanda təhsilverənlər də faydalana bilər. Bugünkü  reallıqda ali təhsil müəssisələrində baş verən reformlar, inkişaf, gedişat və tələblərə baxdığımız zaman, eləcə də Azərbaycanda ali təhsili bitirən şəxslərin xaricdə magistratura və doktoranturaya daxil olma faizlərinə nəzər salanda deyə bilərik ki, təhsil sistemimiz kifayət qədər inkişaf tempindədir. 

Həmin nəticələr bizi gələcəkdə xəyal etdiyimiz nöqtələrə varmağa inandırır. 

Başqa bir məqam isə xaricdən ölkəmizə təhsil almaq üçün müraciət edənlərin sayı ilə bağlıdır. Əgər xarici ölkəyə üz tutan vətəndaşlarımızın sayını gündəmə gətiririksə, bu zaman Azərbaycana təhsil üçün müraciət edən əcnəbiləri də nəzərə alıb, müqayisə etmək daha doğru olar. Belə olduqda, gələcəyə dair planlamalarda daha doğru və effektiv qərarlar vermək mümkündür. 

Unutmamalıyıq ki, hər bir ölkənin gələcəyi, insanlarının həyatı və ölkənin inkişafı burada təhsilalanların sayından  və təhsilin keyfiyyətindən asılıdır”.






Fikirlər