“Vurulan rus təyyarəsi ətrafında müzakirələr Azərbaycanda “beşinci kolon”un varlığını təsdiq etdi”



 

Tanınmış yazar Elnur Astanbəyli Türkiyə - Rusiya qarşıdurması fonunda Azərbaycandakı "kim haqlıdır" müzakirələrinə qatılıb və Moderator.az - a aşağıdakı məzmunlu fikirlərini yazaraq göndərib:
"Maraqlıdır ki, bu cür mövqe sərgiləyənlər aylar əvvələdək Azərbaycanda Rusiyanın “beşinci kolon”unun varlığından bəhs edir, onu müxalifətin içərisində axtarır, iddia edirdilər ki, burada kimlərsə Kremllə işbirliyində olub hakimiyyəti dəyişdirmək istəyirlər. 
Öz qəzetlərində bu cür “komplo teoriləri”nə gen-bol yer verənlərin indi öz hava sərhədlərini qoruyan bir ölkəni (bu ölkənin Türkiyə və ya başqa bir ölkə olması az əhəmiyyət daşıyır, şəxsən mənim üçün ümumiyyətlə, heç bir əhəmiyyət daşımır ) Rusiyadan üzr istəməyə çağırması ikiüzlülüyün son həddidir. 
Amma bu, qətiyyən təəccüblü də deyil. Çünki bu adamların artıq çoxdan öz fikirləri, öz mövqeləri, öz münasibətləri yoxdur. Onlar öz fikirlərini, öz mövqelərini, öz münasibətlərini çoxdan əmtəəyə çeviriblər, kimi mənzil, kimi deputat mandatı, kimi digər maddi imtiyazlara dəyişiblər. Çətini bunu etməkdir, ondan sonrası çox asandır, sənə diqtə edilən istənilən yalanı asanlıqla söyləyə və yaza bilərsən. 
Dünənəcən Türkiyənin adına toz qondurmayıb, Türkiyənin adı gələndə damarlarında qanının fontan vurduğunu söyləyib, Bakıdakı Türkiyə səfirliyinin rəsmi qəbullarına dəvət edilməsindən qürur duyub, amma bu gün Putinin mirzəsi kimi, ya da Jirinovskinin ağzı ilə danışmaq belələri üçün su içimi kimi bir şeydir. Onlar özləri danışmırlar, onları danışdırırlar, çünki havayı pendir tələdə olur. 
Adamlara layiq olmadıqları halda bu qədər maddi imkanlar ona görə tanınıb ki, məhz indi olduğu kimi, laziımi anda, həlledici situasiyada onlardan zərərli məqsədləri üçün istifadə etsinlər. Odur ki, biz danışana yox, danışdırana baxmalıyıq. Vurulan rus təyyarəsi ətrafında müzakirələr Azərbaycanda “beşinci kolon”un varlığını təsdiq etdi, amma onun həqiqi ünvanını da göstərdi. Məlum oldu ki, Putin rejimi ilə işbirlikçiləri, Kreml heyranlarını harada axtarmaq lazımdır: indiyədək “beşinci kolon” damğası vurulanların, yoxsa bu damğanı vurmağa çalışanların arasında! Bir sözlə, hər şərdə bir xeyir var - iki gündür məlum məsələ ətrafında davam edən müzakirələr “adımı sənə qoyum, səni də yana-yana qoyum” əxlaqınını daşıyıcılarını tamamilə ifşa etdi, onları mənəvi baxımdan bitirdi. Bunun özü də böyük işdir".






Fikirlər