Azərbaycanın səhiyyə naziri Ümumdünya Səhiyyə Assambleyasının 77-ci sessiyasının plenar iclasında çıxış edib
Xəbər verdiyimiz kimi, Cenevrədə Ümumdünya Səhiyyə Assambleyasının “Hər kəs üçün sağlamlıq, bütün səylər sağlamlıq naminə” mövzusunda 77-ci sessiyası keçirilir. Tədbir iştirakçılarını salamlayan nümayəndə heyətinin rəhbəri qeyd edib ki, bəşəriyyətin üzləşdiyi son qlobal təhlükələr parçalanmış dünyanı bərpa etmək üçün bizləri sıx əməkdaşlıq etməyə sövq edir: “Son illərdə baş verən fövqəladə hallar bəşəriyyətin gözlənilməz hallara qarşı həssaslığını üzə çıxarıb. Fövqəladə hallara daha yaxşı hazırlıq davamlı qlobal səhiyyə infrastrukturunun mövcudluğunu tələb edir”.
Səhiyyə Assambleyasının plenar iclasında Azərbaycan nümayəndə heyətinin rəhbəri, səhiyyə naziri Teymur Musayev çıxış edib.
Nazirin sözlərinə görə, informasiya texnologiyalarının sürətli inkişafı tibbi xidmətləri əlçatan etməklə, “Hər kəs üçün sağlamlıq” arzusunun reallaşmasına imkan yaradıb. Diqqətə çatdırılıb ki, son 20 ildə Azərbaycanda milli səhiyyə sisteminin gücləndirilməsi istiqamətində mühüm işlər görülüb. Belə ki, 700-dən çox tibb müəssisəsi tikilib və əsaslı təmir olunub, müasir tibbi avadanlıqlarla təchiz edilib: “Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın məqsədlərindən biri də vətəndaşların sağlam həyat tərzinin təmin edilməsidir”.
Nazir çıxışında 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edildiyini xüsusilə vurğulayıb: “Dövlət başçısının Sərəncamında qeyd olunur ki, Azərbaycan Respublikası beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verir. Azərbaycan həmişə “yaşıl” gündəliyə sadiq olub və bu ilin noyabrında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi bunun əyani sübutudur”.
“Belə mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi Azərbaycana beynəlxalq ictimaiyyət tərəfindən böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir”, - deyə Teymur Musayev qeyd edib.
Azərbaycanda “Hər kəs üçün sağlamlıq” konsepsiyasının keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına təhlükəsiz qayıtmasının təmin edilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyi diqqətə çatdırılıb. “Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Azərbaycan hökuməti işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması istiqamətində mühüm işlər görür: “Vaxtilə işğal altında olan torpaqların mina və partlayıcı maddələrlə həddindən artıq çirklənməsi məskunlaşma proseslərinə maneələr yaradır. Bu, milli səhiyyə sistemi üçün də ciddi çətinlik yaradır”.
“Biz səhiyyə üzrə qlobal əlaqələndirici təşkilat kimi Ümumdünya Səhiyyə Təşkilatını dünya əhalisinin sağlamlığını və rifahını qorumaq üçün vahid norma və standartları müəyyən etməyə çağırırıq. Bu mövzuda strateji sənədlərin işlənib hazırlanması, eyni zamanda Təşkilatın üzv ölkələri tərəfindən yekdilliklə dəstəklənməsinin zamanıdır”, - deyə Azərbaycan səhiyyə naziri fikrini tamamlayıb.