“Ölkədə 20-30 min manat maaş alan insanlar var” - ŞOK faktlar...
Bir neçə gündür ki, ölkədə sosial təminatla bağlı müzakirələr gedir. Belə ki, baş verən qiymət artımı ictimaiyyəti ciddi şəkildə narahat edir. İnsanlar hər bir məhsulun bahalaşdığı dövrdə maaşların olduğu kimi qalmasından şikayətlənir. Ortaya sual çıxır: Maaşlar nə qədər artsa, indiki bahalaşmanı kompensasiya edər? Ümumiyyətlə, Azərbaycanda normal yaşamaq üçün aylıq gəlir minimum nə qədər olmalıdır? Mövzunu Globalinfo.az-a şərh edən iqtisadçı ekspert, hüquq müdafiəçisi Əkrəm Həsənov deyib ki, doğrudan da bu gün Azərbaycanda insanların xeyli hissəsinin aldığı əməkhaqqı heç onların minimum ehtiyaclarını ödəmir. İqtisadçı bunu günü-gündən davam edən qiymət artımı ilə əlaqələndirib: “Düzdür, elan edirlər ki, Azərbaycanda orta aylıq əməkhaqqı 1000 manatı ötüb. Amma rəqəm belə olsa da, insanların gəliri o deyil axı. Bu gün Azərbaycanda minimum əməkhaqqı 345 manatdır. Bunun özü qanun pozuntusudur. Çünki Azərbaycan beynəlxalq konvensiyalara qoşulub. Bu səbəbdən də minimal əməkhaqqı barədə Avropa Şurası və onun mahiyyətinə görə, ölkədə ən az əməkhaqqı orta aylıq əməkhaqqının minimum 60 faizini təşkil etməlidir. Yəni əgər Azərbaycanda bu gün orta aylıq əməkhaqqının 1000 manatı keçdiyini deyirlərsə, deməli, minimum əməkhaqqı da 600 manatdan çox olmalıdır, 345 manat deyil. Bu, real rəqəmdən iki dəfə azdır”.
Əkrəm Həsənov Ə.Həsənov gəlirlərin azlığından, işsizliyin çoxalmasından danışıb: “Bu problemlər hər kəsə məlumdur. Yaxşı olardı ki, belə məsələlər öz həllini tapsın. Sual verilə bilər ki, bəs, necə olur, orta aylıq əməkhaqqı 1000 manatdan çoxdur, amma insanların çoxunun maaşı olduqca azdır. Çünki Azərbaycanda dövlət şirkətlərində xeyli insan var ki, onların maaşı çox yüksəkdir. Ölkədə 20-30 min maaş alan insanlar var. Bu da orta aylıq əməkhaqqı ilə bir yerdə sayılır”. İqtisadçı deyib ki, orta aylıq əməkhaqqının artması o demək deyil ki, insanların da maaşı artıb: “Bizdə bu o deməkdir ki, kimlərinsə maaşı artıb. Təəssüf ki, Azərbaycanda sosial təbəqələşmə sürətlə inkişaf edir və buna görə də kasıblar daha da kasıblaşır, varlılar daha da varlanır. Cüzi orta təbəqə var, o da günü-gündən zəifləyir və ölkədə inhisarlaşma davam edir. Yəni, bizneslər bir neçə əldə cəmləşir, müstəqil bizneslər yavaş-yavaş bağlanır. Bu isə monopolistik, inhisarçı, kapitalizm cəmiyyətinə xasdır”