Mətbuatımız Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla yerinə yetirir

148 yaşlı Azərbaycanın mətbuatı: DÜNƏN VƏ BU GÜN

1875-ci il iyulun 22-də görkəmli ziyalı və maarifçi-publisist Həsən bəy Zərdabi tərəfindən Azərbaycan dilində nəşr olunmağa başlamış “Əkinçi” qəzeti milli mətbuatımızın ilk nümunəsi və həmin dövr Azərbaycanın ictimai-siyasi həyatının mühüm hadisəsi kimi tarixə düşmüşdür. “Əkinçi”nin 1875-ci il iyulun 22-dən 1877-ci ilin sentyabrınadək cəmi 56 sayı işıq üzü görsə də, onun Azərbaycan milli mətbuatının təşəkkül tapmasında, inkişafında əvəzsiz rolu olub.  

Əsasən maarifçilik missiyasını üzərinə götürmüş “Əkinçi” qısa müddətdə həm ziyalı təbəqə, həm də sadə insanlar arasında çox məşhurlaşıb. Lakin “Əkinçi”nin ömrü uzun sürməyib. Çar Rusiyası qəzetin insanların maariflənməsində, ictimai-siyasi proseslərə daha yaxından bələd olmasındakı rolundan çəkinməyə başlayıb və sonda qəzetin nəşrini dayandırıb. Buna baxmayaraq, o dövrün görkəmli maarifçiləri "Əkinçi" qəzetinin səhifələrində öz maarifçi və demokratik ideyalarını təbliğ edərək ictimai, siyasi və bədii fikrin inkişafına böyük təsir göstərmişlər. 1875-ci ildən sonra çoxsaylı nəşrlərlə zənginləşən milli mətbuatımız Azərbaycan ədəbi dilinin və maarifçilik hərəkatının inkişafına əhəmiyyətli töhfələr vermiş, milli özünüdərk və istiqlal məfkurəsinin formalaşmasında, qabaqcıl ideyaların təbliğində böyük xidmətlər göstərmişdir.

Azərbaycanda müasir kütləvi informasiya vasitələrinin formalaşması və inkişafı üçün geniş imkanlar yaranmışdır. Bu mühüm məqamı da xüsusi qeyd etməliyik ki, Azərbaycanın müstəqillik tarixində mətbuatın inkişafından bəhs edərkən göz önünə dərhal  Ulu Öndər Heydər Əliyevin xidmətləri  gəlir. 1993-cü ildən başlayaraq Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən və cəmiyyət həyatının bütün sahələrini əhatə edən köklü islahatlar nəticəsində ölkədə senzura, söz və məlumat azadlığını məhdudlaşdıran digər süni maneələr aradan qaldırılmış, medianın fəaliyyətini tənzimləyən mütərəqqi qanunvericilik bazası yaradılmış, onun problemlərinin həlli, iqtisadi müstəqilliyinin gücləndirilməsi, vətəndaş cəmiyyəti quruculuğunda rolunun yüksəldilməsi məqsədilə ardıcıl tədbirlər görülmüşdür. 1993-cü ildən etibarən demokratik KİV-in inkişafında əldə olunmuş nailiyyətlər Ümummilli Liderin bu sahəyə müstəsna diqqət və qayğısı nəticəsində artıb.  

 Milli mətbuatımızın inkişafı Ulu Öndərin adı ilə bağlıdır - "İki sahil"

Ulu Öndər ölkəmiz müharibə şəraitində yaşasa da böyük cəsarətlə əvvəlcə hərbi senzuranı, 1998-ci ilin avqustunda isə bütövlükdə KİV üzərində dövlət senzurasını ləğv etdi. Göstərilən ali siyasi iradə nəticəsində ölkəmizdə mətbuat azadlığı prinsipləri bərqərar olmuş, habelə qəzet və jurnal bolluğu yaranmışdır. Prezident İlham Əliyevin bilavasitə rəhbərliyi ilə “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” hazırlandı və qəbul olundu. Cənab İlham Əliyevin mətbuatın inkişafına diqqət və qayğısı davamlılığı ilə diqqətdədir. Dövrün tələblərinə uyğun olaraq geniş miqyas alan islahatlar mətbuatdan da yan keçmir.

Azərbaycan mediası həm Birinci, həm də İkinci Qarabağ müharibələrində üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib, Azərbaycanın böyük Zəfərinin müjdəçisi olub. Hər zaman Azərbaycan həqiqətlərinin təbliği missiyasını uğurla həyata keçirən mətbuatımızın 44 günlük Vətən müharibəsinin gedişində ölkəmizin düşmən təbliğatına qarşı informasiya mübarizəsinə töhfələrini verdiyi kimi, postmüharibə dövründə də bu işi davam etdirməkdədir. Bu işlərin həyata keçirilməsində ən böyük missiyanı Ali Baş Komandanın özü reallaşdırdı. Onun Vətən müharibəsi dövründə 30-dan çox beynəlxalq media qurumlarına geniş müsahibələri bu reallıqların dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rol oynadı. Azərbaycan mediası bu gün də dövlətimizin başçısı, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin artıq tarixə qovuşmuş Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi hər bir fikrin, hər bir bəyanatın, işğaldan azad edilmiş ərazilərimizdəki vəziyyət barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə çatdırılmasında fəal rol oynayır. Bu günə qədər fasiləsiz davam edən informasiya müharibəsində mətbuat işçiləri öz peşəkarlığı və vətənpərvərliyi ilə daim fərqləniblər. Jurnalistlər 44 günlük Vətən müharibəsində cəbhə xəttində həm xəbər istehsalçısı, həm də səfərbərlik proqramı çərçivəsində əməliyyatlara cəlb olunublar. Qarabağ uğrunda döyüşlərdə fərqlənən və müxtəlif medallarla təltif edilənlər arasında jurnalistlərin də olması ölkəmizdə bu sahədə çalışanlara göstərilən böyük etimadın və diqqətin təzahürüdür.

  İyulun 20-də “Yalan məlumatların ifşası: Dezinformasiyaya qarşı mübarizə” mövzusunda 2-ci Şuşa Qlobal Media Forumunun açılış mərasimi keçirildi.  “Euronews” televiziyasının aparıcısı və prodüseri xanım Rebekka Maklaflin-İstham “Mənim üçün böyük şərəfdir ki, bu cür çox mötəbər 2-ci Şuşa Qlobal Media Forumunda iştirak edirəm. Biz buraya səyahət edərkən çox gözəl, səfalı təbiətin, möhtəşəm tunellərin şahidi olduq və möhtərəm cənab Prezident, Sizə bu işdə uğurlar arzu edirəm. Mən şadam ki, bugünkü tədbirimiz Zati-aliləri, cənab İlham Əliyevin himayəsi altında keçirilir” fikirləri ilə Azərbaycanın belə mühüm tədbirə ev sahibliyini təqdir etdiyini, Prezident İlham Əliyevə etimadın böyüklüyünü, hər bir təşəbbüsünün yüksək dəyərləndirildiyini nümayiş etdirdi.  Cənab İlham Əliyev “Ölkənizdə o tədbirdən bu günədək media sahəsində hansı dəyişikliklər baş veribdir” sualını cavablandırarkən bildirdi ki, burada 49 ölkədən və ev sahibi ölkədən nümayəndələr, jurnalistlər var. Yəni, bu gün Qarabağda ikinci dəfə əllidən artıq ölkənin nümayəndəsi bir araya gəlib: “Mən xatırlayıram ki, ötən il məhz bu auditoriyada, məhz bu tarixdə mənim iştirakçılarla çox maraqlı söhbətim oldu və o vaxt mən arzumu bildirdim ki, bu forum bir ənənəyə çevrilsin və gördüyünüz kimi, bu tədbir artıq bir ənənəyə çevrilibdir. Deyərdim ki, mən ötən forumdan bəri regionda və ölkədə baş verən hadisələrlə bağlı geniş danışmağa başlasam, bizim vaxtımız qalmaz. Bu, təkcə media sahəsində deyil, ümumiyyətlə, ölkədə və regionda baş verən hadisələrdir. Cənubi Qafqaz regionuna gəldikdə deyə bilərəm ki, biz tarixi transformasiyanın şahidiyik, tarixi, geosiyasi dəyişikliklər baş verir. Ənənəvi ittifaqlar bir qədər zəifləyib və yeni əməkdaşlıq formatları meydana gəlib. Əlbəttə, ərazi bütövlüyümüzün və suverenliyimizin tam bərpası, - bu, ötən ilin sentyabrında baş verdi, - ən mühüm hadisədir. Təkcə bu, birinci və ikinci forum arasında deyil, ümumiyyətlə, müasir tariximizdə mühüm hadisə oldu. Bundan əlavə bir çox hadisələr baş verdi və ümid edirəm ki, bütün bu hadisələr regionu daha proqnozlaşdırılabilən edəcəkdir.”

Dövlət başçısı İlham Əliyevin 2-ci Şuşa Qlobal Media Forumunda səsləndirdiyi çağırışların hər biri hazırda ölkə və dünya mətbuatında geniş müzakirə edilir. Bu fikir xüsusi qeyd edilir ki, Azərbaycanın daim ədalətin və beynəlxalq hüququn yanında olması diplomatik uğurlarının davamlılığında mühüm rol oynayır.

Milli Məclisin sabiq deputatı 

Məşhur Məmmədov.

Milli Məclisin deputatı Məşhur Məmmədov “Yeni TV”nin CANLI YAYIMINDA - YouTube

 






Fikirlər