Aydın Əliyevin keçmiş gəlinindən ağır ittihamlar-Övladımı əlimdən aldılar….
Dövlət Gömrük Komitəsinin sabiq sədri general-polkovnik Aydın Əliyevin keçmiş gəlini ailə ilə bağlı ağır ittihamlar səsləndirib. AzerTaym.az-ın məlumatına görə, Aydın Əliyevin oğlu Orxan Əliyevin keçmiş həyat yoldaşı Rada Musayeva Gununsesi.info-ya bildirib ki, övladının atası ondan aliment tələb edir. R. Musayeva əlavə edib ki, ikinci övladı 8 yaşına çatsa da, O. Əliyev ona heç bir maddi dəstək göstərməyib: “Uşağın adına mənzil alınıb, amma mən bu gün kirayədə yaşayıram. Təsəvvür edin ki, bu vəziyyətdə ölkədəki mövqelərindən istifadə edib məndən pul tələb edirlər. Bu nə dərəcədə qanunauyğundur? Övladına sahib çıxmayan ata onu böyüdən ananı hər cür formada əzir. Bu hökmü çıxaran hakim sual vermədi ki, axı sənin digər övladını da bu qadın böyüdür, sən ondan necə pul tələb edə bilərsən?! İkinci övladımı çətinliklə böyüdürəm. Qeyd edim ki, məndən ayrılandan sonra ailə həyatı da qurmuşdu. Lakin ikinci evliliyi də uzun çəkmədi. Sonra mənimlə barışmışdı. Bacım Aydın Əliyevə zəng edib oğlundan şikayət etmişdi. Təəssüf ki, bu adam oğluna haqq qazandırdı. Yəni sözün bitdiyi yerdəyik. Hər yerdə tanışları var. Zənglər edirlər, pul verirlər. İndi qorxuram ki, ikinci övladımı da əlimdən alsınlar. Aidiyyəti qurumlardan xahiş edirəm ki, məni bu vəziyyətdən çıxarsınlar. Orxan Əliyev hər gün məni təhdid, şantaj edir. Kiçik övladım mənimlə yaşayır, amma onun adına olan mənzilə girə bilmirəm. Qapının açarlarını dəyişib. Hədə-qorxu gəlir ki, evə getsən, özündən küs. Mənə deyir ki, üzünə “kislota” tökəcəyəm. Açığı, mən çox qorxuram. Sabah başıma bir hadisə gələrsə, bunu Orxan təşkil edəcək. Həyatıma görə çox narahatam”. Sayt məsələ ilə bağlı Orxan Əliyevin mövqeyini öyrənməyə çalışsa da, buna nail ola bilməyib. Qeyd edək ki, Aydın Əliyev 2006-2018-ci illərdə Dövlət Gömrük Komitəsinin sədri vəzifəsini icra edib.