NARDARAN HADİSƏLƏRİNDƏ ŞOK GƏLİŞMƏ - Məşədi Natiqin MTN-dəki məlum dəstəylə əlaqəsi aşkarlandı!

 

natiq-1Noyabrın 26-dan etibarən, Daxili İşlər Nazirliyinin Bakının Nardaran qəsəbəsində başladığı xüsusi əməliyyatların üzərindəki sirr dumanı yavaş-yavaş çəkilməkdədir. Emosiyalar sakitləşdikcə və son bir neçə gün ərzində üzə çıxan bəzi həqiqətlər güc strukturlarının bütün ölkə boyu niyə fövqəladə hazırlıq vəziyyətinə gətirildiyinin gerçək səbəblərinə işıq salmaqla yanaşı, bu ehtiyat tədbirlərinin həm də əbəs olmadığını təsdiqləməkdədir…

Strateq.az-ın mötəbər mənbələrdən əldə etdiyi məlumata görə, Nardaran olayları zamanı silahlı birlik yaradaraq terrora, dövlət çevrilişinə və ölkədə şəriət dövləti qurmağa hazırlaşmaqda ittiham edilərək həbsə atılan “Müsəlman Birliyi” hərəkatının lideri Taleh Bağırzadənin və tərəfdarlarının ilkin dindirilməsi zamanı hüquq-mühafizə orqanları təkcə bu dəstənin cinayətkar plan və niyyətləri, silahların yeri və sayı barədə deyil, həm də onları indiyədək himayə edən, ələ keçməkdən yayındıran vəzifəli şəxslərlə bağlı, eləcə də daha başqa cinayətləri açmağa imkan verəcək olduqca qiymətli informasiyalar əldə ediblər.

Mənbə bildirir ki, artıq belə şəxslərdən birinin – el arasında “Məşədi Natiq” kimi tanınan Nardaran Ağsaqqallar Şurasının sədri Natiq Kərimovun Milli Təhlükəsizlik Nazirliyindəki “məlum dəstə” üzvləriylə bağlantıları, sıx təmasları tam dəqiqləşdirilib.

Müəyyən edilib ki, Məşədi Natiq MTN-də əməkdaşlıq etdiyi qurumun etibarını qazandıqdan sonra uzun illər ərzində qəsəbədə cinayətkar şəbəkə qurmuş dəstəni də öz qanadı altına alaraq, onları hüquq-mühafizə orqanlarının diqqətindən yayındıra və beləliklə, daha rahat fəaliyyət göstərmələrini təmin edə bilib.

Hazırda Natiq Kərimovun, eləcə də daha bir neçə nüfuzlu şəxsin üzə çıxan əlaqələrindən hansı məqsədlərlə istifadə edildiyinin, Nardarandakı silahlı dəstə və onların yerli və xarici əlaqələri barədə MTN-dəki məlum qrupa vaxtında məlumat verilib-verilmədiyinin dəqiqiləşdirilməsi istiqamətində araşdırmaların aparıldığı və bu araşdırmaların nəticəsinə görə də yekun qərarların veriləcəyi bildirilir…

 






Fikirlər