“NARDARAN MÜƏMMASI” – Taleh Bağırzadə yüksək rütbəli ABŞ diplomatıyla görüşdən niyə imtina edib? (Şok)
Şeyxin İranın yaxasını kənara çəkmək cəhdi Qərbmeylli qüvvələr arasında qəzəblə qarşılanıb Noyabrın 26-da güc strukturlarının Nardaran qəsəbəsində qəfil həyata keçirdikləri və 2-si polis olmaqla 7 nəfərin ölümü, 40-ya yaxın şəxsin isə həbsiylə nəticələnən əməliyyatın səbəbləri və təfərrüatları ilə bağlı hər gün yeni-yeni xəbərlər yayılır. Hökumət qüvvələrinin davranışlarından və bütün ölkə boyu güc strukturlarının hazırlıq vəziyyətinə gətirilməsindən açıqca görünür ki, hakimiyyət terrora, dövlət çevrilişinə və ölkədə şəriət dövləti qurmağa hazırlaşmaqda ittiham edərək həbsə atdığı “Müsəlman Birliyi Hərəkatı”nın lideri Tale Bağırzadənin və tərəfdarlarının arxasında həm də hansısa böyük bir xarici gücün durduğu qənaətindədir. Hətta ola bilsin ki, hakimiyyətdəməhz o gücün ölkədə kütləvi iğtişaşlar törədəcəyi haqda hansısa konkret informasiyalar, əməliyyat siqnalları da var və bütün bu fövqəladə ehtiyat tədbirləri bununla bağlıdır. Ancaq hansı gücün, hansı dövlətin? Hazırda cəmiyyətin diqqətinin bu məsələyə yönəldiyi bir vaxtda, dünən Qafqaz Müsəlmanları İdarəsinin sədriHacı Allahşükür Paşazadə olduqca maraqlı açıqlama verib. Bütün Qafqazın Şeyxi Nardaranda baş verənlərin kökünün “başqa yerlərə gedib çıxdığı”haqda bəyanat verərək, deyib:“Bunların kökü xaricdən gəlir. Xaric deyəndə bəziləri qonşuluqdakı dövlətləri nəzərdə tutur. Lakin nə Türkiyə, nə də İran Azərbaycanda iğtişaşın tərəfdarıdır. İran Azərbaycanda sülh olmasını istəyir”… Qeyd edək ki, Şeyxin bu açıqlamasında dərhal İran və Türkiyənin Azərbaycanda iğtişaşda maraqlı olmadığını, xüsusən də “İran Azərbaycanda sülh olmasını istəyir” fikrini qabartması avtomatik olaraq diqqəti Azərbaycanda hakimiyyəti dəyişmək məqsədiylə daxildə iğtişaş təşkil etmək imkanlarına və marağına sahib digər güclərə– xüsusən də Rusiya və Qərbə yönəldir. Şeyxin özünün Rusiya ilə də olduqca isti və hətta deyərdik ki, qırılmaz münasibətlərini nəzərə aldıqda isə, hədəf bir qədər də konkretləşir: aydın olur ki, Şeyx ad çəkməsə də, dolayısıyla bu məsələdə Qərbin əlinin olduğuna eyham vurur və nəyin bahasına olursa-olsun Taleh Bağırzadənin arxasında İranın durmadığı mesajını vermək istəyir… Qeyd edək ki, Şeyxin bu açıqlaması hazırda ciddi müzakirəyə çevrilməklə yanaşı, Qərbə yaxın siyasətçilərin də qəzəbinə və adekvat reaksiyalara səbəb olub. Belə ki, “AzPolitika.info”nun müxbiriylə bu mövzuda söhbəti zamanı Azərbaycanın tanınmış qəbmeylli siyasətçilərindən biri olduqca maraqlı informasiyalar verib. Həmin siyasətçinin dediyinə görə, Şeyx Taleh Bağırzadənin İranla əlaqələrinin olmadığını və son vaxtlar Qərblə yaxınlaşdığını, onu son davranışlara da məhz Qərbyönümlü qüvvələrin təhrik etdiyi fikrini yaymağa çalışsa da, əslində ortadakı dəlil-sübutlar tamam başqa şey deyir: “Hazırda hakimiyyət, o cümlədən də Şeyx Allahşükür Paşazadə Taleh Bağırzadənin Milli Şura üzvü olması faktından istifadə edərək, onu bu düşərgəyə bağlamaq istəyirlər. Ancaq çox az adam bilir ki, Taleh Bağırzadəyə dəfələrlə Qərb institutlarıyla işləmək təklifi olsa da, o, məhz İranla olan əlaqələrinin kəsiləcəyindən ehtiyatlanaraq, bundan imtina edib. Hətta məndə olan məlumata görə, Milli Şura rəhbərliyindən Əli Kərimli və Cəmil Həsənli ötən ay ABŞ səfirliyinə Taleh Bağırzadənin adını noyabrın 23-24 Bakıda səfərdə olan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bridget Brinklə görüş protokoluna da salmaq istəyiblər. Baxmayaraq ki, belə bir görüş Taleh Bağırzadəyə ciddi nüfuz gətirə və onu Azərbaycanda siyasi islamın faktiki liderinə çevirə bilərdi, ancaq Taleh Bağırzadə məhz İranla sabit maddi-siyasi əlaqələrinin qırılacağı və bunun da ona əlavə problemlər gətirəcəyi səbəbiylə bu görüşdən imtina etdi. İndi Şeyxin böyük canfəşanlıqla Tale Bağırzadənin hamisi kimi İranın adını çəkməkdən yayındırması xeyli suallar yaradır”. Qeyd edək ki, “AzPolitika.info” digər mənbələrlə dəqiqləşdirib ki, həqiqətən də ötən ayın 18 və 24-də ABŞ səfirliyində Milli Şura rəhbərliyinə daxil olan şəxslərlə görüş keçirilib. Bildirildiyinə görə, noyabrın 18-də keçirilən görüş təxminən bir həftə sonra ölkəmizə səfəri planlaşdırılan ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisinin müavini xanım Bridget Brinkin başçılığı ilə gələcək nümayəndə heyətiylə qəbula hazırlıq məqsədi daşıyıb. Noyabrın 24-də isə AXCP sədri Əli Kərimli və Milli Şuranın sədri Cəmil Həsənli, həmçinin Müsavat başqanı Arif Hacılı səfirlikdə ABŞ-dan gəlmiş nümayəndə heyətiylə görüşüblər. Xatırladaq ki, Dövlət katibinin köməkçisinin müavini hakimiyyət düşərgəsindən isə Prezident İlham Əliyev və Xarici İşlər naziri Elmar Məmmədyarovla görüşüb. AzPolitika.info