AZƏRBAYCANA QARŞI SANkSİYALAR arxa plana düşdü?

Azərbaycana qarşı sanksiyalar arxa plana düşdü?

Zahid Oruc: “Əgər sanksiyalar qəbul olunsa, ilk növbədə Rusiya öz çevrəsində Amerikadan qopmuş varlı bir tərəfdaş qazanacaq”; Elxan Şahinoğlu: “Əslində Kristofer Smitin qanun layihəsinin qəbul olunmaması rəsmi Bakının əlindədir” 

Helsinki Komissiyasının sədri, konqresmen Kris Smit tərəfindən ABŞ Konqresinə təqdim olunmuş, Azərbaycana qarşı sanksiyaları nəzərdə tutan qətnamə okeanın o tayında da etirazlara səbəb olub. 

Xatırladaq ki, qanun layihəsində Azərbaycana və ölkə rəhbərliyi də daxil olmaqla, vəzifəli şəxslərə qarşı sanksiyaların tətbiq edilməsi barədə təkliflər əksini tapır. ABŞ-ın aparıcı mətbu orqanı olan “The Washington Post” qəzetində dərc olunan məqalə də diqqət çəkir. 
 
Oksford Universitetinin doktorantı Samuel Ramaninin Azərbaycana həsr etdiyi məqalədə konqresmen K.Smitin Azərbaycan əleyhinə qanun layihəsinin qəbul edilməyəcəyinin səbəblərini açıqlayıb. Müəllif yazır ki, Azərbaycan Mərkəzi Asiya və Avropanı birləşdirən mühüm enerji tranziti qovşağıdır, prezident İlham Əliyev Gürcüstan və Ukrayna da daxil olmaqla ölkələrin suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir, Azərbaycan terrorizmə və islam radikalizminə qarşı mübarizədə ABŞ-la həmrəydir.
 
Bir sıra mühüm məqamların qeyd olunduğu məqalədə bildirilir ki, Azərbaycan müstəqilliyinin bütün illərində beynəlxalq hüquq normalarını dəstəkləyib. Odur ki, o, Ukrayna və Gürcüstanın ərazi bütövlüyünü dəstəkləyir və bununla da Birləşmiş Ştatlar ilə eyni mövqe nümayiş etdirir. Bundan başqa, Azərbaycanın ərazi bütövlüyü ölkənin Dağlıq Qarabağ regionunu işğal edən Ermənistan tərəfindən pozulub.
Düzdür, hələ Smitin layihəsi müzakirəyə çıxarılmayıb, amma onun tam kənara qoyulduğunu da demək olmaz. Bununla belə, ABŞ-ın yüksək çinli məmurunun yanvar ayında Azərbaycana səfər etməsi, prezident Əliyevin mart ayında ABŞ-da keçiriləcək nüvə sammitinə dəvət olunması, Amerikanın ölkəmizdəki səfirliyinin dostluq və əməkdaşlıq məsələlərindən bəhs edən son açıqlamaları onu deməyə əsas verir ki, sanksiyalarla bağlı qətnamələr hələlik arxa plana keçirilib. Azərbaycanın antiterror koalisiyasının üzvü olması, Əfqanıstana yük daşımalarla bağlı məsələlərdə ölkəmizin önəmi xüsusi qeyd olunur. Düzdür, son zamanlar Tehran da öz tərəfindən Əfqanıstanla bağlı prosesdə ərazisini təklif etməyə başlayıb. Ancaq bu, gələcəkdə reallaşa bilər, indiki situasiyada isə Bakı Qərbə çox lazımdır.
Politoloq Elxan Şahinoğlu bildirdi ki, K.Smitin qanun layihəsinin Konqresdən keçib-keçməyəcəyini indidən söyləmək çətindir: “Bəli, Azərbaycan enerji və təhlükəsizlik sahəsində ABŞ-ın tərəfdaşıdır, bunu amerikalı rəsmilər və diplomatlar da dönə-dönə qeyd edirlər. Ancaq Konqres Dövlət Departamentinin təlimatları ilə fəaliyyət göstərmir. Dövlət Departamenti üçün Azərbaycanla əməkdaşlığın genişləndirilməsi vacibdirsə, Konqres üçün tam ayrı dəyərlər əsas götürülür. Həm də onu nəzərə almaq lazımdır ki, Konqresin hər iki palatasında çoxluq Respublikaçılar Partiyasına məxsusdur. Onlar isə prezidenti Barak Obamanın və Dövlət Departamentinin işini çətinləşdirmək üçün istənilən addımı ata bilərlər.
Çünki Respublikaçılar Partiyası prezident seçkisində indidən öz gələcək namizədinin mövqelərinin gücləndirməyə çalışır. Bunun üçün isə Barak Obama və Dövlət Departamentinin işini çətinləşdirmək lazımdır”. E.Şahinoğlunun sözlərinə görə, çünki Smitin qanun layihəsi qəbul olunarsa, rəsmi Bakının Vaşinqtonla münasibətləri yenidən sərinləşəcək: “Əslində Kristofer Smitin qanun layihəsinin qəbul olunmaması rəsmi Bakının əlindədir. Barak Obama azərbaycanlı həmkarını Vaşinqtona nüvə konfransına dəvət edib. Tədbir martın sonunda aprelin əvvəllərində keçiriləcək. Əgər həmin tarixə qədər Azərbaycan prezidenti siyasi və ya mübahisəli adlandırlan məhbusları əfv fərmanı ilə həbsdən azad etsə, Smitin qanun layihəsinin əhəmiyyəti qalmayacaq. Bəlkə də onun özü həmin layihədən imtina etdi. Ona görə də top Azərbaycanın meydanındadır”.
Politoloq vurğuladı ki, “Pentaqon Azərbaycanla əməkdaşlığa görə Konqresə və konqresmenlərə təsir edəcəkmi”, yaxud “Pentaqon Azərbaycana görə Smitlə və digər koqnresmənlər təmasa baş vurub onları fikirlərindən daşındırcaqmı” kimi suallara birmənalı cavab vermək çətindir: “Bəli, Smitin qanun layihəsinin qəbulunu nə Pentaqon, nə də Dövlət Departamenti istəyir. Ancaq hər iki qurumun Azərbaycana görə Konqreslə qarşıdurmaya gedəcəyini düşünmürəm”.
 
Deputat, MM-in Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc “Yeni Müsavat”a bildirdi ki, “Vaşinqton post” kimi nüfuzlu qəzetdə Amerika-Azərbaycan münasibətlərinin köklü əsaslara malik olduğunun qabardılması müxtəlif siyasi qruplara xidmət edən lobbi hərəkatlarına qarşı təsirli informasiya hücumudur: “Gördüyünüz kimi, söhbət yalnız bir ölkənin mənafelərindən çıxış etməkdən getmir, Birləşmiş Ştatların Ukrayna və Gürcüstanla bağlı apardığı strategiyanın əngəllənməməsi üçün hansı regional dayaqlara ehtiyac duyulduğunu bir daha mesaj edir. Ağ Evə yaxın beyin mərkəzləri və siyasi institutlar indi yaşadığımız bölgəyə daha geniş nəzərlərlə baxırlar. Əgər sanksiyalar qəbul olunsa, ilk növbədə Rusiya öz çevrəsində Amerikadan qopmuş varlı bir tərəfdaş qazanacaq və mahiyyət etibarilə Kremllə savaş aparanların tam əks nəticə ilə üz-üzə qaldığı ortaya çıxacaq. Axı, Cənubi Qafqazın geopoltikasını dəyişən mühüm siyasi layihələr və iqtisadi müqavilələrin üzərindən xətt çəkilərsə, onda Qərbin burada hansı imkanlar və resurslar hesabına Putinlə müharibə edəcəyini proqnozloşadırmaq çətin olmur. Faktiki olaraq, Azərbaycan əleyhinə toparlanan qüvvələr Amerikanın əli ilə burada Qərbə hər zaman kömək edən bir dövləti cəzalandırmağı təklif edirlər və onun ziyanı hər hansı məhdud siyasi elita deyil, bütövlükdə xalqlara dəyəcək”.
Z.Oruc fikrini əsaslandıraraq qeyd etdi ki, çünki orada yer alan müddəalar bir partiyanın ölkəmizdəki hakimiyyətinə son qoymaq üçün deyil: “Əslində hadisələrin gələcək inkişafı Obama ilə cənab prezident İlham Əliyev arasındakı görüşün baş tutmasından çox asılıdır. Doğrudur, nüvə sammiti konkret gündəliyə malikdir. Lakin hər iki tərəf xoş iradə göstərərək danışıqlar və yeni çözüm planlarının hazırlanmasına dair xarici siyasət idarələrinə göstəriş verə bilərlər. Diplomatik kanallar isə sıx bir qrafikdə çalışaraq parlamentarilərin təşəbbüslərini yarıda qoyar və dövlət maraqları qalib gələr. Amerikanın İrandan sanksiyaları ləğv etdiyi bir siyasi atmosferdə beynəlxalq siyasəti müəyyənləşdirməyən və dünyanın təhlükəsiliyni təhdid etməyən başqa bir regional güc mərkəzini öz siyasətindən sərt bir şəkildə kənarlaşdırmasını heç bir müqəddəs dəyərlərlə əsaslandırmaq mümkün olmayacaq. Ona görə də Amerikanın nüfuzlu bir nəşri ilə başlanmış informativ müdafiə və gerçəklərin tanıdılması, qarşılıqlı maraqların birgə faydalarını tirajlayan fəlaiyyəti davam etdirilməsi çox arzuolunandır. Orada Azərbaycanın dostları hesabına yüksək bir düzeydə pozulmuş əlaqələri bərpa etməklə fərqli bir perspektiv gəlişdirmək olar. Hər halda Azərbaycan siyasi elitası, yaxud konkret iqtisadi maraqlı qruplar Qərblə tərəfdaşlığın yanındadılar və məlum maliyyə qeyri-sabitliyi də Avropa ilə yaxın əlaqələri həyati zərurətə çevirir. Ölkə başçısının elan etdiyi yeni iqtisadi kurs öncəsi Davosa getməsi və orada müxtəlif dövlət rəhbərləri ilə görüşməsi Azrbaycanın izolə siyasətinə qarşı tutduğu prinsipial xətti sübuta yetirir və bizi tərəfaş kimi görənlərin sayını artırır. İlham Əliyevin zamanın çağırışlarını yüksək dərəcədə bilən çevik liderlik keyfiyyətləri də məhz bunda özünü əks etdirir”.
(Azərtaym.az)






Fikirlər