Əflatun Amaşov Milli Məclisdə saytlarla bağlı önəmli MƏSƏLƏ QALDIRDI

  

"Bu gün biz  2016-cı ilin dövlət büdcəsinə dəyişiklik layihəsini müzakirə edirik. Öncədən onu deyim ki, layihə hazırkı şərait üçün ən optimal variantdır. Mən də öz növbəmdə ümumən sənədə səs verəcəm”.

Modern.az saytı xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat, Mətbuat Şurasının sədri Əflatun Amaşov 2016-cı ilin büdcəsinə dəyişikliklə bağl müzakirələrdə çıxışı zamanı deyib.


Ə.Amaşov bir məsələnin üzərində dayanmaq istədiyini vurğulayıb.

“ Ötən çıxışımda da bu barədə söz açdım. Məlumdur ki, iki devalvasiya nəticəsində medianın vəziyyəti ağırlaşıb. Qəzet kağızı 100 faizdən çox bahalaşıb, çap xərcləri yarıbayarı artıb. Ümumən KİV-lərimizin satışı çox zəifdir. Reklam gəlirləri də kifayət qədər aşağıdır. Ölkənin aparıcı KİV-lərinin illik büdcələrinin təqribən 70 faizi Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) hesabına formalaşır. Göründüyü kimi, mediamız bazar münasibətləri sistemində oturuşmadığından kommersiya qurumları kimi fəaliyyət göstərmir, daha çox ictimai missiya yerinə yetirir. Bu missiya isə həm cəmiyyət, həm də dövlət üçün son dərəcə vacibdir. Buna görə də KİV-lərimiz qarşılaşdıqları iqtisadi çətinliklərə baxmayaraq, ayaqda qalmalıdırlar. Düzdür, biz bir çox sahələrdə qənaət etməliyik. Ancaq düşünürəm ki, mediaya həssas yanaşılmalıdır. Qeyd etdiyim kimi, daxildə ictimai rəyin düzgün şəkildə formalaşdırılması önəmlidir. Buna görə də medianın fəaliyyətində hər hansı axsamalar olmamalıdır. Növbəti bir məqamı da xüsusi vurğulamaq istərdim. Bilirik ki, ölkəmizə kənardan maraq da az deyil. Bu maraq həmişə müsbət cəhətlərlə yadda qalmır. Elə qüvvələr var ki, onlar bu və ya digər şəkildə medianı da ələ almaq istəyirlər. Ötən illər hamımızın yaxşı xatirindədir. Əlavə nəyisə vurğulayıb vaxtınızı almaq istəməzdim. Düşünürəm ki, məhz buna görə də bizlər medianın maliyyə vəziyyətini hazırkı şəraitə uyğun sabit saxlamalıyıq. Bunun yolu isə KİVDF üçün dövlət büdcəsindən ayrılan vəsaitin artırılmasından keçir. Biz hazırkı vəziyyətdə nə tez bir zamanda reklam bazarını genişləndirə, nə də hansısa başqa maliyyə vasitələrini mediaya yönləndirə bilərik. Yeganə mexanizm KİVDF-yə ayrılan maliyyə vəsaitinin artırılmasıdır. İstərdim ki, məsələyə həssas yanaşaq”. 

Deputat həllini çox vacib hesab etdiyi digər bir məsələyə də toxunub.

“Cəmiyyətdə internet üzərindən yayımlanan media vasitələrinin rolu və sayı getdikcə artmaqdadır. Bu gün internet media orqanları ölkə daxilində ictimai rəyi formalaşdırır, xaricdə Azərbaycanın müsbət imicini yaradır və çevik təşviq edirlər. Çalışmalıyıq ki, onlar bu missiyanı indikindən də mütəhərrik yerinə yetirə bilsinlər. Dünyada informasiya müharibəsi gedir. Biz də onun içərisindəyik. Buna görə də onlayn medianın dövlət dəstəyindən bəhrələnməsi zəruridir. Əgər KİVDF-yə ayrılacaq maliyyə artsa, elə bilirəm ki, onlayn jurnalistikanı da maliyyələşdirə bilərik".






Fikirlər