Sumqayıtda DƏHŞƏT: bir ailənin 6 ÜZVÜ ÖLDÜ - TƏFƏRRÜAT (YENİLƏNDİ)
Publika.az-ın hadisə yerinə olan əməkdaşı bina sakinlərinə istinadən hadisə ilə bağlı bəzi məlumatlar əldə edib. Bina sakinləri neçə gündür kəskin qoxudan şikayətləniblər: "Bir neçə gün olar kəskin qoxular gəlirdi. Ailə bura təzə köçdüyü üçün heç kimlə əlaqələri yox idi. Kəskin qoxudan bloka girmək olmurdu. Axırda məcbu qalıb qapılarını döydük, açan olmadı. Mənzil İstismar idarəsinə xəbər verdik. Onlar da aidiyyəti orqanlarla birlikdə gəldilər və qapını qırıb içəri girdilər." Sakinlər deyir ki, ətrafa yayılan qoxu o qədər kəskin olub ki, mənzilin pəncərəsinin ətrafında milçəklər yığışıb. Bu da mənzildəkilərin bir neçə gün qabaq öldüyünü deməyə əsas verir. *** Respublikası Baş Prokurorluğu Sumqayıtda 6 nəfərin ölümü ilə nəticələnən hadisə barədə məlumat yayıb. Baş Prokurorluğun mətbuat xidmətindən Publika.az-a verilən məlumatda bildirilir ki, martın 4-də Sumqayıt şəhəri, 5-ci məhəllə, ev 18/11-in zirzəmisində, yaşayış yeri kimi istifadə olunan sahədə 1961-ci il təvəllüdlü Hüseynov Rafiq Kamal oğlunun, 1965-ci il təvəllüdlü Hüseynova Yeganə Yolçu qızının, 1987-ci il təvəllüdlü Hüseynova Sara Rafiq qızının, 2009-cu il təvəllüdlü Abbasov Fərid Qüdrət oğlunun, 2010-cu il təvəllüdlü Abbasova Zemfira Qüdrət qızının və 2012-ci il təvəllüdlü Abbasova Yeganə Qüdrət qızının meyitlərinin aşkar olunması barədə daxil olmuş məlumat əsasında dərhal hadisə yerinə və meyitlərə məhkəmə-tibb ekspertinin iştirakı ilə prokurorluq və polis əməkdaşları tərəfindən baxış keçirilərək maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib. Meyitlərin müayinəsi zamanı ilkin əlamətlərə əsasən dəm qazından zəhərlənərək ölmələri ehtimalı olduğundan fakta görə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq məhkəmə-tibbi və digər ekspertizalar təyin edilib. Hazırda hadisənin baş vermə səbəblərinin və digər zəruri halların müəyyənləşdirilməsi istiqamətində təxirəsalınmaz istintaq tədbirləri davam etdirilir. *** Sumqayıtda ötən gün bir ailənin 6 üzvü dəm qazından boğularaq faciəli şəkildə ölüb. Sumqayıt Şəhər Polis İdarəsinin 5-ci polis bölməsindən Publika.az-a verilən məlumata görə,hadisə Sumqayıt şəhəri, Sülh küçəsi 5-ci məhəllə adlanan ərazidə baş verib. Faktla bağlı hüquq-mühafizə orqanlarına qonşular tərəfindən məlumat verilib. Qonşular mənzildən iy gəlməsindən şübhələniblər. Sumqayıt Şəhər Prokurorluğu Publika.az-a ölənlərin adlarını açıqlayıb: Onlar Sumqayıt şəhərində yaşayan 1961-ci il təvəllüdlü Rafiq Hüseynov, 1965-ci il təvəllüdlü Yeganə Hüseynova, 1987-ci il təvəllüdlü Sara Rafiq qızı Hüseynova, 2009-cu il təvəllüdlü Fərid Qüdrət oğlu Abbasov, 2010-cu il təvəllüdlü Zenfira Qüdrət qızı Abbasova və 2012-ci il təvəllüdlü Yeganə Qüdrət qızı Abbasovadır. Hadisə ilə bağlı Sumqayıt şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (səhlənkarlıq - ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.