Yanan binanın təmiri deputata həvalə edildi...
“Qafqazinfo” xəbər verir ki, bununla bağlı ASC-nin rəhbəri, Milli Məclisin deputatı Ağalar Vəliyev “Yeni Müsavat”a açıqlama verib: “Binanın təmiri bizə həvalə olunub. Hazırda binanın üzlük konstruksiyasının söküntüsü ilə məşğuluq. Alt konstruksiyanın söküntüsünü 3 gün müddətinə yekunlaşdıracağıq. Fövqəladə Hallar Nazirliyinin Dövlət Layihə İnstitutu tərəfindən həmin binanın layihə-smeta sənədləri hazırlanır, bina Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri tərəfindən müayinə olunur, binanın dayanıqlığı normal şəkildədir. Ancaq bəzi düyünlərdə bərpa-gücləndirmə tədbirlərinin keçirilməsinə də çox güman ki, ehtiyac olacaq. Layihə-smeta sənədləri bizə verildikdən sonra binanın hansı müddətə təmir olunacağını deyə bilərik. Hesab edirəm ki, binanı 4-5 aya tam təmir edib, təhvil vermək mümkün olacaq”.
Deputat bildirib ki, binada poliuretan üzlükdən istifadə edilməyəcək: “Nəinki həmin binada, ümumiyyətlə, respublikada aparılan tikintilərdə poliuretandan istifadə olunması bu gündən sonra qadağan olunub. Hazırda həmin binada üzlənmə işlərinin görülməsi üçün 3 material üzərində işlənir. Birincisi keremoqranit, ikincisi pəncərələrin kənarları aqlay daşı ilə üzlənib ətrafı suvaq vurulacaq və yüksək keyfiyyətli boya ilə üzlənə bilər, hansı ki, həmin boyaların istismar müddəti 20 ildən az deyil, üçüncüsü də sintofleks adlı materialdır. Həmin material İtaliyada, İspaniyada və Türkiyədə istehsal olunur. Ola bilər ki, bu materialdan da istifadə olunsun. Hazırda bu 3 variant üzərində işlənir, layihə-smeta sənədlərində nədən istifadə olunması nəzərdə tutulacaqsa, biz də o materialdan istifadə edib binanın üzlənməsini təmin edəcəyik”.
Deputat binadakı təmirin ən qısa müddətə və yüksək keyfiyyətlə həyata keçiriləcəyini də söylədi: “Binanı yüksək keyfiyyətlə təmir etməyi öhdəmizə götürmüşük, binanın daxilindəki təmir işlərindən tutmuş, fasadı, damı yenidən qurulacaq”.
Poliuretan materialın keyfiyyətsizliyi haqda fikirlərə də deputatın münasibət bildirib. A.Vəliyev üzlük materialı haqda bunları bildiyini açıqladı: “Bu, çox tez alışan materialdır. Görünür, istehsal prosesində pozuntu olub. İstehsal zamanı yanğına davamlı olması üçün müəyyən qatqılar əlavə olunmalıdır. Yəqin həmin materiallardan istifadə edilməyib. Düşünürəm ki, FHN-in laboratoriyasında poliuretanla bağlı bütün suallara aydınlıq gətiriləcək. Amma bu material tez alışan, tez yanan materialdır”.
Yanan bina ilə bağlı belə məlumatlar da vardı ki, guya binanın üzlənməsi Binəqədi rayonunun rəhbərliyi ilə razılaşdırılmayıb. Qəzet A.Vəliyevdən Bakı şəhərində bir sıra mühüm tarixi əhəmiyyət kəsb edən binaların tikintisi, bərpası və yenidən qurulması ilə məşğul olan ASC-nin rəhbəri olaraq bu məlumatlara münasibətini də öyrənib. Cavabı belə olub: “Heç kim, küçədən keçən gəlib binaları təmir edə bilməz. Rayon icra başçısının sifarişçi kimi binanın təmirində istifadə olunan materialdan xəbəri olmaya bilər. İlk görünüşdən görürsən ki, material gözəldir. Amma tərkibi haqda məlumat olmaya bilər. Hər bir materialın məişət sertifikatı olur. Bu, sifarişçiyə təqdim olunur. Bilinir ki, bu material harada istehsal olunur, bunun kimyəvi tərkibi nədir. Görünür, bunun istehsalında texnoloji proses pozulduğuna görə material belə tez yanır”.
Uzun illər tikinti sektorunda çalışmış deputat günahı icraçı təşkilatda gördüyünü də gizlətmədi: “İcraçı sifarişçiyə sertifikat təqdim etməlidir ki, bu material yanğına davamlıdır. Heç bir icra başçısının, sifarişçi təşkilatın laboratoriyası yoxdur ki, bunun sertifikatına inanmasın. Desin ki, sənin sertifikatın saxtadır, sənə inanmıram, gedib öz laboratoriyamda yoxlatdıracağam. Mümkündür ki, sifarişçinin materialın tərkibindən xəbəri olmasın. Tikinti təşkilatı olaraq hazırda respublikada 125-dən artıq tikinti idarəmiz var, Azərbaycanın bütün regionlarında iş görürük. Heç yerdə bu materialdan istifadə etmirik”.
Deputat həmin materiala güvənmədiklərini də açıqlayıb. A.Vəliyev general Bəylər Əyyubovla yaxın münasibətləri haqda mətbuatda yazılanlarla bağlı bunları deyib: “Bəylər Əyyubovla heç bir qohumluğum yoxdur. Yazırlar, yazsınlar. Mən 20 ildən artıqdır ki, prezidentin sərəncamı ilə ölkədə işlər görürəm, millət vəkiliyəm. Ümumi münasibət hamı ilə necə, mənimlə də elə. Bəylər müəllimlə qohumluğum yoxdur”.
Mövcud qanunlara görə deputatlar gəlir gətirən fəaliyyətlə, bizneslə məşğul ola bilməzlər. A.Vəliyev qanunda yazılanlarla razılaşırmı? “Mən Səhmdar Cəmiyyətin təsisçisiyəm. Ora özəl qurumdur. Mən rəhbər yox, təsisçiyəm, oranın icraçı direktoru var, biznes sahəsi ilə məşğul olan adam var, mən sadəcə millət vəkilliyimlə məşğulam”.
Bəs qanunda belə hal nəzərdə tutulurmu? A.Vəliyev tam qanuni şəkildə fəaliyyət göstərdiyini deyir: “Fəaliyyətim tam qanunidir, qanunsuz heç bir şey yoxdur”.