Deputat Elmira Axundovanın oğlu məhkəməyə sənədlər və video gətirdi: "ŞANTAJDIR,MONTAJDIR..."

Külli miqdarda dələduzluqda təqsirləndirilən şəxs hakim qarşısına çıxarılıb. Zərərçəkmişlərdən biri deputat oğludur.

Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Elnur İbrahimovun cinayət işi üzrə məhkəmə iclası hakim Rahib Salmanovun sədrliyi ilə davam etdirilib. Hakim məhkəmə prosesində Ramin Həmidovun şahid qismində dindindiriləcəyini elan edib.

Lakin zərərçəkmiş Fərman Mmmədovun vəkili buna etiraz edib. Vəkil bildirib ki, məhkəmə heyəti prosesin ədalətli şəkildə araşdırılmasında maraqlı deyil.

Onun sözlərinə görə, məhkəmədə prosessual pozuntular həddən artıq çoxdur. Vəkil buna görə də məhkəmə tərkibinə etiraz edib. O, məhkəmə tərkibinin dəyişdirilməsini istəyib: "Ötən proseslərdə Həbib Axundov 8 dəqiqə istədi. Dediniz ki, məhkəmənin vaxtı bitdiyinə görə Həbib Axundova sualları növbəti dəfəyə saxlayırıq. Həm də Həbib Axundov xaricə əməliyyata gedəcəkdi. Amma getmədi. İndi Həbib Axundov məhkəmədədir. Bizim ona kifayət qədər suallarımız var. Ancaq şərait yaratmırsınız".

Vəkil etirazını məhkəməyə yazılı şəkildə də təqdim edib. Hakim bildirib ki, etiraz Fərman Məmmədovun adından yazılıb. Vəkil isə deyib ki, Fərman Məmmədovun nümayəndəsi olduğu üçün danışa bilər. Həbib Axundovun vəkili də etirazın təmin edilməməsini istəyib. Söyləyib ki, bu etiraz işin uzadılmasına hesablanıb. İş üzrə digər zərərçəkmişlər də etirazın təmin edilməməsini istəyiblər. Məhkəmə müşavirədən sonra etirazın qəbul edilmədiyini açıqlayıb.

Prosesdə Həbib Axundovun dindirilməsinə başlanılıb. Əvvəlcə H.Axundov bir neçə dəqiqəlik çıxış etmək istədiyini söyləyib. H.Axundov deyib ki, zərərçəkmiş Fərman Məmmədov onun və anası Elmira Axundovanın adından mətbuata qərəzli, iftira, şantaj və montaj olunmuş məlumatlar ötürür.

O, deyib ki, iş üzrə iki nəfər zərərçəkmiş şəxs - Şahin Məhərrəmov və Sabir Ağayev Fərman Məmmədov tərəfindən bu işə qoşulduqlarını etiraf ediblər: "Şahin məndən şikayət edəndə ona zəng elədim. Əvvəldən tanımamışam. Ofisimə çağırdım, danışdıq. Dedi ki, onun Fərmana 3 min borcu var. Buna görə də Fərmanın istəyi ilə şikayət edib. Məndən 3 min borc istədi ki, Fərmana versin və onun tələblərindən canını qurtarsın. Mən də ona borc verdim. Şahin məndən şikayətinin olmaması ilə bağlı notariusdan sənəd verdi. Onunla aramızdakı görüş mənim ofisimdəki kameraya da düşüb. Həmin görüntünü də sizə təqdim edirəm. Həmçinin Sabir Ağayev də məndən şikayət edəndə onunla görüşdüm. Sabir dedi ki, borcu, kreditləri var və buna görə də Fərmanın dedikləri ilə razılaşıb. Sabir mənə pul verməyib. O, məndən şikayətçi olmaması ilə bağlı da notariusdan sənəd verib. Onu da məhkəməyə təqdim edirəm".

H.Axundov daha sonra Fərman Məmmədovun şəxsi fəaliyyəti ilə bağlı danışmaq istəyib. Hakim isə bu məsələlərin araşdırılan işlə əlaqəsinin olmadığını deyib. Fərman Məmmədovun vəkilinin suallarını cavablandıran H.Axundov özünə dəymiş zərəri dəqiq xatırlamadığını bu barədə istintaqa məlumat verdiyini deyib. H.Axundov suallara cavabında qeyd edib ki, Fərman Məmmədov onların ailəsinə çox yaxın olub. Deputat oğlu, Fərman Məmmədovla həbs edilən Elnur İbrahimovun şəxsi münasibətləri və biznes əlaqələri barədə məlumatsız olduğunu söyləyib.

Məhkəmə davam etdiriləcək.

Elnur İbrahimov ittihamla özünü təqsirli bilmir. Deyir ki, 2007-2009-cu illərədək “İntelekt” MMC-də kuryer və satış meneceri, daha sonra isə “OfisOne” şirkətində satış meneceri işləyib. O, ifadəsində göstərib ki, müxtəlif şirkətlərdən nisyə mal alaraq satmağa başalyıb.

Müxtəlif şəxslərdən əvvəlcə xırda məbləğlər alaraq iş görən E.İbrahimov onlara qısa zamanda qazanclar da qaytarıb. Bu işlər bir müddət davam etdikdən sonra Elnur İbrahimov daha çox qazanc əldə etmək üçün işlədiyi şəxslərdən böyük məbləğlərdə borclar almağa başlayıb.

İttihama görə, təqsirləndirilən E.İbrahimov zərərçəkmişlər - Elvin Vəliyev, Fərman Məmmədov və digərlərindən biznes qurmaq adı ilə ümumilikdə 1 milyona yaxın pul alıb.

Bu işdə deputat Elmira Axundovanın oğlu Həbib Axundov da zərərçəkmiş kimi tanınır. Məlumata görə, E.İbrahimovla deputatın oğlu ilə dost olub. Cinayət işi başlanılan zaman E.İbrahimov ölkədən qaçıb, daha sonra Rusiyada həbs edilib. Onu da qeyd edək ki, zərərçəkmişlərin bir neçəsi pulu E.İbrahimova deyil, H.Axundova veriblər.   Musavat.com

 
 






Fikirlər