Azərbaycanda dələduzluqda təqsirləndirilən şəxs beynəlxalq axtarışa verilib. 1984-cü il təvəllüdlü Elnur İbrahimov Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə təqsirləndirilir.
O, ölkədən qaçdığı üçün barəsində dövlətlərarası axtarış elan olunub və saxlanılması üçün İnterpola müraciət edilib. Mətbuatda yayılan məlumatlara görə, E.İbrahimov deputat Elmira Axundovanın oğlu Həbib Axundovun şəriki olub.
Politika.Az-ın özəl mənbələrdən əldə etdiyi məlumata görə, axtarışa verilən deputat oğlunun şəriki artıq tutulub. O, Moskvanın Klinski rayonunda gizləndiyi evdə həbs edilib. E.İbrahimovun Azərbaycana təhvil verilməsi gözlənilir.
Deputat Elmira Axundovanın oğlu Həbib Axundovun adı 7-8 milyonluq dələduzluq qalmaqalına qarışıb. Bir çox saytların elektron ünvanına Bakı sakini Fərman Xeyrulla oğlu Məmmədovun adından məktub daxil olub.
Həmin məktubda müəllif iddia edir ki, Həbib Axundov anası Elmira Axundovaya arxayın olaraq onlarla insanın pulunu mənimsəyib.
Fərman Məmmədov Elmira Axundovanı neçə illərdir tanıdığını və ailəvi münasibətlərinin olduğunu bildirib. Amma nə vaxtsa onlar tərəfindən aldadılacağını ağlına belə gətirmədiyini vurğulayıb.
Təxminən 3 il əvvəl xırda alverlə məşğul olan Elnur İbrahimov adlı bir şəxs, Həbib Axundov adlı bir gömrük işçisi ilə əlbir olaraq "geniş biznes şəbəkəsi” qurmaq planı işləyib hazırlayıblar.
Qısa müddət ərzində bu cütlük plana uyğun olaraq yaxından tanıdıqları adamların etibarından istifadə edərək, onların hər birinin külli miqdarda pulunu ələ keçiriblər.
Aldadılmış həmin şəxslər hətta heç nədən şübhələnməyib və fikirləşiblər ki, Həbib Axundov və onun dostu pul qoparmaq naminə Həbib Axundovun anası, Milli Məclisin üzvü Elmira Axundovanın nüfuzunu güdaza verməz.
Çox təəssüflər olsun ki, Millət vəkili Elmira Axundovanın oğlu Həbib Axundov dələduzluq yolu ilə övladlarımıza olmazın əzabını yaşatmaqla bahəm, bütün ailə üzvlərimizin həyatını cəhənnəmə döndərib. Həmin pullar hesabına Bakı şəhərinin A. Alı 45 ünvanında 5 mərtəbəli möhtəşəm bina, Nəsimi rayonu N.Rəfibəyli küçəsi 72 ünvanında 6 mərtəbəli ofis binası inşa etdirən Həbib Axundov qiyməti yüz min manatlarla ölçülən 4-5 ədəd bahalı avtomaşınlarda gəzməklə, London, Dubay, Türkiyədə kef məclisləri qurmaqla ”Port Baku" yaşayış kompleksində 235 kv.metrlik lüks evində dəbdəbəli həyatını yaşayır.
Dövlət Gömrük Komitəsində aylıq maaşı 486 manat olan bu şəxs hansı vəsait hesabına yuxarıda qeyd etdiyimiz obyekt və avtomaşınlara, villalara və daha nələrə sahiblənib? Əlbəttə ki, bizim övladlarımızın və daha onlarla insanlardan dələduzluq yolu ilə aldadıb aldığı pullar hesabına.