DEPUTAT və oğlu ətrafında maliyyə QALMAQALI DAVAM edir

Deputat və oğlu ətrafında maliyyə qalmaqalı davam edir

Şahin Məhərrəmov: «Elmira Axundovanın oğlu məni aldadıb o ərizələrə imza atdırıb, sonradan onları ləğv elətdirmişəm»

Elvin Vəliyev: «Bizdən pullar alınandan sonra Elmira Axundova və oğlunun əldə etdiyi əmlaklar barədə konkret faktlarımız var»

Deputat Elmira Axundova və oğlu Həbib Axundov ətrafında maliyyə qalmaqalı səngimir. Deputat onu ittiham edənləri də, həmin şəxslərin fikirlərini ictimailəşdirən mətbuatı da qınayır, qarşı tərəf isə iddialarında israr edir. Maraqlıdır ki, Elmira Axundova nədənsə, əsas ittihamların mahiyyətindən danışmaq istəmir.
Xatırladaq ki, Həbib Axundov və onun dostu Elnur Ibrahimovdan şikayətçi olan vətəndaşlar bu iki şəxsin əməllərinin olduğunu bildirirlər. Şikayətçilərin sözlərinə görə, onların əməlləri nəticəsində Ziya Vəliyev 205 min, Elvin Vəliyev 202 min, Sabir Ağayev 115 min, Şahin Məhərrəmov 70 min, Fərman Məmmədovun isə 575 min məbləğində pulları əllərindən çıxıb. Adıçəkilən vətəndaşlar Həbib Axundovun vasitəsi və zəmanətilə birbaşa onun özünə və hazırda barəsində CM-in 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə cinayət işi başlanmış Elnur Ibrahimova pul verdiklərini deyirlər.

Bugünlərdə Elmira Axundova mətbuata onun oğlundan şikayətçi olan vətəndaşlardan Şahin Məhərrəmovun imzası ilə bir ərizə təqdim elədi. Həmin ərizədə qeyd olunur ki, dövlət orqanlarına, o cümlədən prezidentə göndərilən şikayətlərdə Şahin Məhərrəmovun adından edilmiş imzalar onun özünə məxsus deyil.

“Şikayətlərimi özüm imzalamışam”

Lakin Şahin Məhərrəmov “Azadlıq”a açıqlamasında bildirib ki, deputatın oğlu onu aldadaraq belə bir ərizəyə imza atdırıb. Əslində, Elmira Axundova və onun oğlundan müvafiq qurumlara ünvanlanmış şikayətlərdə onun adının qarşısından atılmış imzaların hamısı özünə məxsusdur. Şahin Məhərrəmovun sözlərinə görə, o, Həbib Axundov tərəfindən aldadıldığını bilən kimi notariat kontoruna müraciət edərək, 5 fevral tarixli ərizəni ləğv elətdirib: “Mən prezidentə və digər dövlət orqanlarına şikayət məktublarına könüllü şəkildə imza atmışam”.

Onun sözlərinə görə, prezidentə məktubdan sonra Həbib Axundov onunla əlaqə saxlayaraq görüşmək istədiyini bildirib: “Həbib Axundovla görüşdük. Ona izah elədim ki, ağır vəziyyətə düşmüşəm, evdə xəstə var, əməliyyat olunmalıdır. Mənə dedi ki, ərizələrə qol çək, pulu qaytarıram. Bildiyim qədər ərizələrdən biri prezidentə, deputatlara və s. ünvanlanan ərizələrə qol çəkməməyim, digəri isə bundan sonra Həbib Axundov və Elmira Axundovadan şikayətçi olmayacağım barədə idi”.

“Həbib Axundovun əli yoxdursa, mənə niyə zəng edirdi?”

Şahin Məhərrəmovun sözlərinə görə, verdiyi 70 min manat pulun 17 min 500 manatı hələ xeyli əvvəl onun özünə qaytarılmışdı: “Qalmışdı 52 min 500. Getdik notariusa, ərizələri imzalatdırandan sonra Həbib Axundov 3500 manat verdi. Qalanını 10 gün ərzində hissə-hissə verməli idi, amma vermədi. Mən də gedib notariusda həmin ərizələrin hamısını ləğv elətdirdim”.

Şahin Məhərrəmov deyir ki, onu aldadarıq imzalatdırılan və sonradan notarial qaydada ləğv olunmuş ərizədən deputatın şantaj məqsədilə istifadə etməsi yolverilməzdir: “Əvvəla, Elmira Axundova deputatdır, adamların aldadılmasına, mənim kimi əlacsız qalmasına özü imkan verməməlidir. Bəs o nə edir?! Mənim adımdan şantaj məqsədilə istifadə olunmaması üçün o ərizələri ləğv elətdirmişəm. Əgər bu işin Həbib Axundova aidiyyəti yoxdursa, niyə mənimlə dəfələrlə telefonla danışıb? Niyə məni notariusa aparıb? Niyə o pulun 3500-nü verib? Mən qalan pulumu tələb edirəm”.

Bahalı maşınlar, evlər, obyektlər…

Həbib Axundovdan şikayətçi olan digər vətəndaş Elvin Vəliyev də “Azadlıq”a açıqlamasında deputat xanımın onların ünvanına səsləndirdiyi ittihamlara münasibət bildirib: “Elmira Axundova ictimaiyyəti çaşdırmasın, biz heç kimi şantaj eləmirik, sadəcə, pulumuzu tələb edirik. Həbib Axundov və Elnur Ibrahimov cütlüyündən hüquq-mühafizə orqanlarına beş nəfər şikayət etmişik, amma bundan ziyan çəkənlərin sayı 20-yə yaxındır. Onların arasında məhkəmə hakimi, icra başçısının müavini olan xanımlar da var. Sadəcə, adlarının çəkilməsini istəmirdilər deyə, biz də demirik. Digərlərilə işim yoxdur, bu beş nəfərin hamısının məgər Elmira Axundova və ya oğlu ilə düşmənçiliyi var?!”

Elvin Vəliyevin sözlərinə görə, onlar aldadılandan sonra Elmira Axundova və oğlunun adına milyonlarla dəyəri olan əmlaklar, o cümlədən bahalı avtomobillər, qeyri-yaşayış obyektləri alınıb: “Təsəvvür edin: bizdən pullar alınandan 14 gün sonra Həbib Axundov 150 min manatlıq ”Porshe” markalı maşın alıb. Daha sonra “Port Baku”da evlər və s. Düzdür, Elmira xanım mətbuata deyib ki, o evlər beş il əvvəl alınıb. Nəzərə almaq lazımdır ki, Elmira Axundova 16 ildir deputatdır, lap 5 il əvvəl olsa belə, hansı pulla alınıb? Bizdə olan məlumata görə, o evlərin təkcə təmirinə yarım milyona qədər vəsait sərf olunub. Bugünlərdə mətbuatda şəkli yayılan, paytaxtın Nəsib bəy Yusifbəyli küçəsindəki bir neçə mərtəbəli qeyri-yaşayış obyektini isə onlar 2014-2015-ci illərdə tikdiriblər. O obyektin də 6-7 milyon qiyməti var. Onların bizdən pullar alınandan sonra əldə etdikləri başqa əmlaklar barədə də məlumatlarımız, konkret faktlarımız var”.

Qeyd edək ki, aldadılan vətəndaşların şikayətləri üzrə Bakı şəhər Baş Polis Idarəsində istintaq gedir. Amma şikayətçilər istintaqın gedişindən narazıdır. Elvin Vəliyevin sözlərinə görə, Elmira Axundova da istintaqa təsir göstərir: “Elmira Axundova deputat blankında idarəyə məktub göndərib ki, guya, biz onun oğluna təhlükə yaradırıq, hücum edə bilərik. Idarədə bunu bizə deyəndə cavab verdik ki, bizim kiməsə hücum eləmək fikrimiz olsaydı, pulumuzu, hüquqlarımızın qorunmasını qanuni yollarla tələb etməzdik. Deputat blankında şikayət etmək artıq təzyiq xarakteri daşıyır. Halbuki, dəfələrlə bizim özümüzü Həbib Axundov polis və məhkəmə ilə hədələyib”.

Deputat mətbuata açıqlamasında bu işdə adı hallanan Elnur Ibrahimovun beynəlxalq axtarışda olduğunu bildirib. Elvin Vəliyev isə bu barədə deyilənlərin doğru olmadığını vurğulayır: “Əldə etdiyimiz rəsmi sənədlər də sübut edir ki, Elnur Ibrahimov beynəlxalq axtarışa verilməyib. Üçüncü ildir ki, hüquq-mühafizə orqanları onun beynəlxalq axtarışa verilməsini təmin eləmirlər. Bunun arxasında hansı qüvvələrin, səbəblərin dayandığını bilmək üçün isə xüsusi biliyə ehtiyac yoxdur”.






Fikirlər