ELMİRA Axundovanın məhkəməyə verdiyi MƏŞHUR publisist danışdı
Məhkəmə çəkişməsi ilə bağlı Elmira Axundovanın fikirlərini öyrənmək üçün ona telefon açdıq. Lakin zənglərimiz cavabsız qaldı. Firuz Haşımov: “Prezidentin sözlərinə məhəl qoymurlar, iqtidarla xalq arasında qəsdən uçurum yaradırlar
Deputat Elmira Axundova Milli Azadlıq Hərəkatının öncüllərindən olan Firuz Haşımovu məhkəməyə verib. 78 yaşlı tanınmış publisist deputatın qəzəbinə onun oğlu Həbib Axundov haqda mətbuatda dərc etdiyi fikirlərinə görə gəlib. Hazırda deputatın iddiası üzrə Yasamal Rayon Məhkəməsində araşdırma gedir. Məhkəmə F.Haşımovun fikirlərində təhqir elementləri axtarmaqdadır.
Cavabdeh Firuz Haşımov iddianın əsassız olduğunu bildirdi: “Mən həmişə dövlətçiliyə xidmət etmişəm. Hər kəsi prezidentin ətrafında birləşməyə səsləmişəm. Buna görə başıma gəlməyən müsibətlər olmayıb. İndi də Elmira Axundova oğlu Həbib Axundov haqda yazdıqlarımı təhqir bilir. Mən həqiqətləri ifadə etmişəm. Mən nə yazmışam? Yazmışam ki, camaatdan alınan pullar geri qaytarılmalıdır. Yazmışam ki, belə hərəkətlər heç kimə başucalığı gətirmir. Bu təhqirdir?
Elmira Axundovadan soruşmuşdum ki, o hansı qonorarların hesabına neçə-neçə imarət ucaldıb, mənzillər alıb, 5 bahalı maşın saxlayır. Niyə müvafiq orqanlar Elmira Axundovadan soruşmurlar ki, deputat maaşı ilə nə cür olub ki, belə cəh-cəlalı qurub? Londondan vurub Dubaydan çıxan oğlu nə vaxt xalqın pulunu qaytaracaq?
İstər özünün, istərsə də oğlunun qəbahətlərini nə vaxtsa yazdığı bəsit, bədii-publisistik dəyəri o qədər də yüksək olmayan dırnaqarası romanlarla, mədhiyyələrlə örtməyə çalışır. Elmira Axundovanın oğlu Həbib Axundovun əməlləri haqda qəzetlərdə xeyli material gedib. Deputat balası maliyyə fırıldağı quraraq neçə-neçə ailənin həyatını cəhənnəmə döndərib. Pulları, var-yoxları əllərindən çıxmış insanlar respublikanın nüfuzlu təşkilatlarına dəfələrlə müraciət ediblər, ətraflı məlumatlar verilib, vacib dəlillər, sübutlar və təkzib edilməyən faktlar təqdim olunub. “Yeni Müsavat” qəzetində, saytlarda Elmira Axundova və oğlunun bahalı maşınları, təmtəraqlı evləri, villaları barədə yetərincə danışılıb, səs yazılarından belə yayılıb. Bütün bunlara baxmayaraq, Elmira Axundova, onun oğlu barəsində tədbir görülməyib. Özünü elə aparır ki, sanki bütün günahlar qapılara düşən, gündə ora-bura çağırılan, hədələnən, adam yerinə qoyulmayan, pulları əllərindən çıxmış, intihar həddinə çatdırılmış zavallılardadır".
Firuz Haşımov deyib ki, onu və aldadılmış insanları məhkəməyə çəkməklə Elmira Axundova ictimaiyyətin diqqətini yayındırmağa çalışır: “Guya mən onu məqalələrimdə təhqir etmişəm, elə buna görə də üzr istəyib, yüz min manat da cərimə verməliyəm. Məhkəmə sonra bu 100 mini 5 min manata endirdi! Hörmətli prezidentin məmur balalarının harınlığına, azğınlığına münasibətini xalq bilir. Mən də yazmışam ki, məmləkətin indiki durumunda məmur balalarının harınlığı əsl xəyanətdir, bunlar firavan həyatlarını, bahalı maşınlarını sosial şəbəkədə nümayiş etdirməklə kasıb-kusubu təhqir edir. Prezidentin sözlərinə məhəl qoymurlar, iqtidarla xalq arasında qəsdən uçurum yaradırlar. Bu fikirlərdə təhqir var?”
F.Haşımov düşünür ki, deputat oğlunun hərəkətləri ölkə rəhbərliyindən gizlədilir: “Mən qəzetiniz vasitəsilə prezidentə müraciət edirəm. Prezidentdən təvəqqe edirəm ki, deputat balasının müflis edib küçələrə saldığı insanların dadına çatsın. İnanıram ki, obyektiv araşdırma aparılsa, Elmira Axundova bir saat belə Milli Məclisdə otura bilməyəcək”.