Prezidentin müşavirəsində YATAN icra başçısının RESTORANLARI– Reportaj

Prezidentin son müşavirəsində mürgüləyən Şuşanın icra başçısı Bayram Səfərovun Bakının müxtəlif yerlərində biznes obyektləri fəaliyyət göstərirmiş

► “Qala”, “İstanbul”, plitə sexləri…

AzEuroNews.comun verdiyi məlumata görə, konfransda yatan B.Səfərovun şəhərin Nərimanov parkında “Qala”, “İstanbul” və “La vita” restoranları var.

Reportyorumuz KİV-də adıçəkilən restoranların onun olması izinə düşərək obyektləri lentə alıb. Bakıda çox bahalı olmayan bu restoranlar yay-qış işləyirlər və müştəridən əziyyət çəkmirlər.

B.Səfərovun Şuşa icra başçısı və Qarabağ icması rəhbəri kimi fəaliyyətində nəzərəçarpan hallar olmasa da, kommersiya işləri ucsuz-bucaqsızdır.

KİV onun “Binə” və “Sədərək” bazarlarında obyektlərinin olduğu haqda yazıb. B.Səfərovun Binəqədi rayonunda, Gülüstan qəsəbəsində, fərdi yaşayış evlərinin arasında aqlay daş plitələr istehsal edən sexləri də fəaliyyət göstərir.

► Ferma, gön-dəri sexi və…

İcra başçısı mal-qara ferması da saxlayır. Fermanın yaxınlığında şamaxılı bir şəriki ilə böyük gön-dəri sexi açıb.

Binəqədidə hektarlarla torpaq alan B.Səfərov bu torpaqları deputat Hacı Madərin bacısı oğlu Şahsuvardan alıbmış.

Bir müddət bundan əvvəl M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən və Milli Qəhrəman Rövşən Aboyevin adını daşıyan mədəniyyət və istirahət parkını da B.Səfərovun ələ keçirdiyi yazılmışdı.

Şuşanın icra başçısı ATV-nin keçmiş prezidenti Tağı İbrahimovdan aldığı 4,5 milyonluq villa ilə də gündəmdə olmuşdu.

İcra başçısı həmin məlumatı təsdiqləyərək ironiya ilə bildirmişdi ki, “hamı villa ala bilər, mən yox?”

P.S. Əlbəttə, siz də ala bilərsiz, hörmətli Şuşa icra başçısı…














Fikirlər