"İSTƏRDİM Kİ,təhsil nazirliyi qərarlarının üstündə CƏSARƏTLƏ DAYANSIN"

"Təhsil Nazirliyi məktəb direktorlarının işə qəbulunu mərkəzləşdirilmiş qaydada həyata keçirsə də, rayonların icra hakimləri işə müdaxilə edəcək”.

Bunu Sherg.az-a ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə yeni qaydaları izah edərkən Azad Müəllimlər Birliyinin sədri, təhsil üzrə ekspert Məlahət Mürşüdlü deyib. 
O bildirib ki, müəllimlər ərizə verir, müsahibədə iştirak edir, təyinatını alır və vakansiya göstərilən rayona yollanır. Ancaq rayona gedən müəllim məktəb direktoru və ya təhsil şöbə müdiri tərəfindən qəbul edilmir:
"Onlara cavab verilir ki, vakansiyamız yoxdur. Yəni bu şəxslər dərslə təmin edilmir. İcra hakimiyyəti orqanlarının bu işdə iştirakı nəzərdə tutulmur. Bununla razıyam, amma imtahan verib,qəbul olan müəllimlərin həmin rayona gedib, icra hakimiyyətinin razılığı olmadan işləyə biləcəyinə əmin deyiləm. Mütləq İcra Hakimiyyətinin müdaxiləsi olacaq. Hər hansı bəhanələrlə süni əngəllər yaradılacaq. İstərdim ki, Təhsil Nazirliyi verdiyi qərarların üstündə cəsarətlə dayansın. Bununla yanaşı düşünürəm ki, məktəb direktorlarının təyinatında seçim yüksək səviyyədə aparılacaq. Xarici müdaxilələr, tanışlıq, qohumluq kimi müdaxilələrə yol verilməyəcək. Sistem belə qurulub. Ancaq müsahibədən keçmiş şəxsin həmin rayonlarda vəzifəsinə yiyələnməsi məsələsi var”.
Məktəb rəhbərlərinin təyinatının elektron ərizə vasitəsilə həyata keçirilməsini alqışladığını diqqətə çatdıran M.Mürşüdlü bacarığı olan, Azərbaycan təhsilini müasir bazar iqtisadiyyatının tələblərinə uyğun qurmaq, orta məktəblərdə qayda qanun yaratmaq istəyən, islahatları doğru-dürüst yerinə yetirməyi bacaracaq, ən vacibi insan yetişdirməkdə özünə güvənən namizədləri kimliyindən asılı olmayaraq imtahanlara dəvət edib:
"Ancaq şahidi olmuşam ki, 2-3 il bundan əvvəl Təhsil Nazirliyi tərəfindən bir məktəbə direktor təyin edilib. Yerli İcra Hakimiyyəti ilə razılaşdırılmamış kadr olduğundan boş bəhanələr irəli sürüb qəbul edilməyib. Halbuki məktəblər var, illərlə pedaqoji kollektiv rəhbərin əlindən dad diləyir, nazirliyə yazır, nazirlik isə ona toxuna bilmir. Ancaq həmin gənc müəllimə heç iki il işləməyə imkan verilmədi. Ona görə düşünürəm ki, müsahibədən keçmiş, yeni nizama böyük ümid bəsləyənlərin qəbul olduqları məktəblərdə işləməsi üçün Təhsil Nazirliyinin təşəbbüsü lazımdır”.
Qeyd edək ki, qaydalara əsasən, ümumi təhsil müəssisələrinə direktor vəzifəsinə işə qəbul üzrə müsabiqənin mərkəzləşdirilmiş qaydada 3 mərhələdə (elektron ərizənin qəbulu, imtahan, müsahibə) cari ilin aprel-avqust ayları ərzində keçirilməsi nəzərdə tutulub.
AzerTaym.az

 






Fikirlər