Sürücülər buna görə cərimə EDİLƏ BİLMƏZ

Qanunvericilikdə yük avtomobillərinin, qoşquların və avtobusların banının arxa hissəsində dövlət qeydiyyat nişanının hərf və rəqəmlərinin təkrar yazılmamasına görə heç bir məsuliyyət nəzərdə tutulmur. Buna görə sürücü cərimə oluna bilməz.

AzerTaym.az xəbər verir ki, bu sözləri hüquqşünas, yol-hərəkəri üzrə ekspert Ərşad Hüseynov yük avtomobillərinin banında avtomobilin dövlət qeydiyyat nişanının yazılmamasına görə cərimə tətbiq edilməsinə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, Dövlət Yol Polisi əməkdaşı belə nəqliyyat vasitəsini idarə edən sürücüsünü dayandıraraq xəbərdar edə bilər, ancaq cərimə yaza bilməz:

“DYP əməkdaşı sürücüyə xəbərdarlıq edə bilər ki, idarə etdiyi yük avtomobilinin, qoşqunun və avtobusun bortunun arxasında dövlət qeydiyyat nişanının hərf və rəqəmlərini təkrar yazsın.

Həmçinin bu xəbərdarlıqdan sonra belə sürücü avtomobilinin banında nömrəsini yazmadığı üçün avtomobili cərimə meydançasına yerləşdirilə bilməz. Belə avtomobilin cərimə meydançasına yerləşdirilməsi kobud qanun pozuntusu olar. Çünki İnzibati Xətalar Məcəlləsinin 96-cı və 97-ci maddələrində nəqliyyat vasitəsinin hansı hallarda cərimə meydançasına yerləşdirilə bilməsi dəqiq və aydın təsvir edilib”.

Ə.Hüseynov hesab edir ki, nəqliyyat vasitələrinin banının arxasında dövlət qeydiyyat nişanlarının hərf və rəqəmlərinin təkrar yazılmasına dair müddəa ləğv edilməlidir:

“Çünki bunun heç bir əhəmiyyəti yoxdur. Dünyanın tək-tük ölkəsində belə tələbə rast gəlmək olar. Qonşu Rusiyada da Sovet dövründən qalma belə tələb var idi və həmin tələb 2008-ci ildən ləğv edilib. Buna görə də qanunvericilik səlahiyyəti olan orqanlardan xahiş edirəm ki, həmin tələbi bizim ölkəmizdə də ləğv etsinlər. Belə bir təşəbbüsü DYP irəli sürsə, lap yaxşı olar”.






Fikirlər