Türkiyə “boz siyahı”dan çıxarılır – “Bu, Türkiyə iqtisadiyyatı üçün təkan olacaq”

Türkiyə tezliklə Maliyyə Fəaliyyət İşçi Qrupunun (FATF) “boz siyahısı”ndan çıxarıla bilər. Bu məsələ ilə bağlı qərar iyunun sonunda veriləcək.

“AzPolitika” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb.

Qeyd olunur ki, “boz siyahı”da olması Türkiyə üçün ciddi problemlər yaradırdı və bu qərardan sonra Türkiyə iqtisadiyyatı üçün mühüm perspektivlər açılacaq: “Türkiyəni gücləndirilmiş monitorinq altında olan yurisdiksiyalar siyahısından çıxarmağa hazırlaşırlar. Bu, qeyri-qanuni pul axınlarını ram etmək səylərindən sonra Yaxın Şərqin ən böyük iqtisadiyyatlarından biri olan Türkiyə üçün potensial təkan olacaq”.

Qeyd olunur ki, bəzi FATF üzvləri Türkiyənin “boz siyahı”dan çıxarılmasına hələ də mənfi münasibət bəslədikləri üçün bu məsələ ilə bağlı yekun qərar hələ verilməyib. Lakin iyunun 28-də Sinqapurda FATF-ın plenar iclasının sonuncu günündə müsbət qərar qəbul edilə bilər.

“Bloomberg” yazır ki, Türkiyə hökuməti terrorçuların aktivlərinin dondurulması üçün ABŞ ilə birlikdə çalışıb və bu ay FATF-ın "inkişaf etməkdə olan texnologiyalar"la bağlı son tövsiyəsini yerinə yetirmək üçün kriptovalyuta platformalarını tənzimləməklə bağlı qanun təklif edib.

Türkiyə 21 oktyabr 2021-ci ildə FATF-ın “boz siyahısı”na daxil edilib. Səbəb çirkli pulların yuyulmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin kifayət qədər effektiv olmaması göstərilib.

Rusiyanın Ukraynaya qarşı işğalının başlamasıyla çoxlu varlı rus vətəndaşının Türkiyəyə gəlməsindən sonra Türkiyə Qərb ölkələrinin bir qədər də ciddi diqqət obyektinə çevrilib.






Fikirlər