Azərbaycan Prezidenti İlham Əliyev görkəmli alim, tanınmış ictimai xadim akademik Cəlal Əliyevin məzarını ziyarət edib.

ANS PRESS-in məlumatına görə, bu barədə prezidentin rəsmi saytı məlumat yayıb.

Ümumilli lider Heydər Əliyevin qardaşı, akademik Cəlal Əliyev uzun sürən xəstəlikdən sonra fevralın 1-də 88 yaşında vəfat edib. O, dünən I Fəxri xiyabanda torpağa tapşırılıb.

Cəlal Əliyev 1928-ci il iyunun 30-da Naxçıvan şəhərində anadan olub. Naxçıvan Dövlət Müəllimlər İnstitutunun təbiət-coğrafiya fakültəsini və Azərbaycan Dövlət Universitetinin biologiya fakültəsini bitirib.

1948-ci ildən Azərbaycan Dövlət Universitetinin bitki fiziologiyası kafedrasında laborant işləyib. 1954-cü ildən Azərbaycan EA-nın Elmi Tədqiqat Əkinçilik İnstitutunda kiçik elmi işçi, baş elmi işçi, laboratoriya müdiri vəzifələrində çalışıb. 1971–1990-cı illərdə Azərbaycan EA-nın Botanika İnstitutunda fotosintezin fiziologiyası yaradıcı qrupunun rəhbəri, laboratoriya müdiri, şöbə müdiri, Azərbaycan EA-nın Biologiya elmləri bölməsinin akademik-katibi olub.

O, I-III çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub.

Cəlal Əliyev "İstiqlal" ordeni ilə təltif edilib. O, 18 aprel 2014-cü ildə Kənd təsərrüfatı sahəsində fundamental tədqiqatları və nailiyyətlərinə görə Həsən bəy Zərdabi adına mükafatla təltif olunub. Akademikin 1 övladı var.




Prezident Cəlal Əliyevin məzarını ziyarət edərkən


Akademik Cəlal Əliyev