21.02.2014. - Sürücülərə xəbərdarlıq

21.02.2014. -  Sürücülərə xəbərdarlıq"Sürücülər elə hesab etməsinlər ki, bal sistemi ləğv olunacaq deyə istənilən qayda pozuntusuna yol verə bilərlər. Mövcud qanunvericiliyə görə, hələ də onların balı toplanır. İl ərzində 12 və daha artıq bal toplayanların sürücülük hüququ məhdudlaşdırılacaq. Ona görə də, sürücülər daha da diqqətli olmalı və qanunun tələblərinə daha ciddi əməl etməlidirlər".

Bu barədə Trend-ə açıqlamasında Daxili İşlər Nazirliyinin (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bildirib.

Onun sözlərinə görə, ölkədə bal sisteminin ləğvi sürücü tərəfindən əvvəllər törədilmiş müvafiq inzibati xətalarla bağlı araşdırma aparmaq zərurətini aradan qaldırsa da, ağır qəzalara səbəb ola biləcək qayda pozuntularına görə, onların il ərzində təkrar və yaxud üçüncü dəfə törədilməsinə görə sürücülük hüququnun məhdudlaşdırılması nəzərdə tutulur. Sadəcə bu, bal sistemi ilə hesablanmayacaq.
Qeyd edək ki, əlavə edək ki, daxili işlər naziri Ramil Usubovun imzası ilə Azərbaycan Prezidenti Administrasiyasına təqdim olunan təkliflər zərfində Azərbaycanda yol hərəkəti qaydalarının pozuntusuna görə bal sisteminin ləğvi nəzərdə tutulur. Təkliflər əsas etibarilə yol polisinin vətəndaşlarla ünsiyyətinin minimuma endirilməsi, vətəndaş məmnunluğunun təmin olunması ilə bağlıdır. Təkliflərdə hətta qeyri-avtomatik rejimdə müəyyən olunan bir çox qayda pozuntularının da avtomatik rejimə keçirilməsi nəzərdə tutulur ki, bu da yollarda vətəndaşın həm yol patrul inspektoru ilə, həm də inzibati materialların baxılmasında yol polisi əməkdaşı ilə təmasının minimuma endirilməsi məqsədini daşıyır. İrəli sürülən təkliflərdən biri də budur ki, əvvəllər avtomobil sahibinə və ya sürücüyə sənəd formasında protokol, fotogörüntü göndərilirdisə, artıq elektron protokolla yanaşı, kağız daşıyıcıda inzibati xəta üzrə qərar da vətəndaşa göndəriləcək və qərarın qanuni qüvvəyə minməsindən sonra 10 gün müddətində vətəndaşa imkan veriləcək ki, o, vəsatət qaldıra bilsin.

21.02.2014. -  Sürücülərə xəbərdarlıq

Xatırladaq ki, Prezident İlham Əliyev "ASAN xidmət" mərkəzlərində həyata keçirilən xidmət növlərinin və elektron xidmətlərin genişləndirilməsi və "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Prezidentinin 2012-ci il 5 sentyabr tarixli fərmanında dəyişikliklər edilməsi barədə fərman imzalayıb.

Fərmanda qeyd olunur ki, Azərbaycan Respublikası Prezidentinin Administrasiyası yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalara dair işlərə baxılma qaydası və nəqliyyat vasitələrinin dövlət qeydiyyatının aparılması qaydası ilə bağlı şəffaf və operativ mexanizmin tətbiq edilməsi barədə təkliflərini iki ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etməlidir.

Xatırladaq ki, mövcud qanunvericiliyə görə sürücülər bir il ərzində 12 və daha çox bal topladıqda, nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilirlər.






Fikirlər