Xarici avtomobil sahiblərinə XƏBƏRDARLIQ

“Xarici avtomobil sahiblərinə XƏBƏRDARLIQ

Azərbaycanda xarici avtomobillərin texniki baxış müddəti başa çatmaq üzrədir.

 AzerTaym.az avtosfer.az-a istinadən bildirir ki, qanunvericiliklə müəyyən olunan qrafikə əsasən, xarici ölkələrdə istehsal olunan minik avtomobilləri, yəni sürücülərin daha çox "inomarka" adlandırdığı nəqliyyat vasitələri 1 may-31 iyul aralığında texniki baxışa cəlb edilməlidir. Yük avtomobilləri və avtobusların texniki baxış müddəti isə 1 avqust - 31 oktyabr aralığıdır.
Qanunvericiliyə əsasən, minik avtomobilləri və motosikletlər istehsal olunduğu vaxtdan hesablanmaqla 5-ci, 7-ci, 9-cu, 11-ci və sonrakı hər il texniki baxışdan keçirilməlidir. Bu zaman nəqliyyat vasitəsinin nə vaxt əldə edilməsinin heç bir əhəmiyyəti yoxdur. 
Qeyd edək ki, texniki baxışın dövlət rüsumu avtomobillər üçün 20 manat, motosikletlər, habelə avtomobil qoşquları üçün isə 10 manat nəzərdə tutulub. Bu rüsumlar mühərrikin gücündən asılı olmayaraq bütün nəqliyyat vasitələri üçün eynidir.
Nəqliyyat vasitəsini texniki baxışa təqdim edən hər kəs aşağıdakı sənədləri təqdim etməlidir:
1) sürücülük vəsiqəsi; 
2) nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsi (nəqliyyat vasitəsi başqasının adına olduqda isə etibarnamə və ya icarə müqaviləsi); 
3) dövlət rüsumunun ödənilməsinə dair sənəd;
4) nəqliyyat vasitəsinin sahibinin mülki məsuliyyətinin icbari sığortası müqaviləsinin Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq bağlanması faktını təsdiq edən sığorta şəhadətnaməsi. 
Nəzərə alın ki, nəqliyyat vasitəsini texniki baxışdan keçirmədən idarə etməyə görə fiziki şəxslər 50 manat, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 300 manat cərimə olunur.
Bəzən texniki baxışa vaxt qurtarmağa bir-iki gün qalmış gedənlər düşünürlər ki, bununla nəsə irəli düşdülər, faydalı oldu. Lakin bu, tamamilə yalnış fikirdir. Çünki bir ay əvvəl, bir ay sonra, fərq etmir. Bütün hallarda hər bir nəqliyyat vasitəsi qrafik üzrə texniki baxışdan keçməlidir və bununla bağlı sürücüyə "birka" verilir. Sadəcə, texniki baxışa vaxtında getmək lazımdır ki, həm sıxlıq yaranmasın, həm də hansısa texniki nasazlıq aşkarlandıqda sürücü onu rahatlıqla aradan qaldıra bilsin. Əgər sabah vaxt başa çatırsa, sürücü bu gün texniki baxışa gedirsə, o zaman texniki problem yarandıqda sürücü onu dərhal aradan qaldırmaq üçün daha çox pul xərcləyir. Başqa neqativ hallar da ortaya çıxır ki, bunların qarşısını almaq üçün iyul ayının son həftəsini, son gününü gözləməyə ehtiyac yoxdur.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov avtosfer.az-a bildirib ki, mayın 1-dək texniki baxışdaq keçməyən Rusiya istehsalı olan avtomobillərlə bağlı keçirilən reydlər zamanı dünən 24 sürücü barəsində inzibati protokol tərtib olunub. 10 gün ərzində həmin sürücülər avtomobili texniki baxışdan keçirməzsə, yenə də cərimə oluna bilərlər. Mayın 1-dən bu günədək isə 213 sürücü barəsində protokol tərtib edildiyini deyən Vaqif Əsədov bildirdi ki, xarici avtomobillərlə bağlı müddət avqustun 1-də başa çatır. Əgər həmin müddətdən sonra texniki baxışdan keçməyən sürücülər aşkar olunarsa, onların da barəsində inzibati protokol tərtib olunacaq. DYP rəsmisi sürücülərə tövsiyyə edib ki, ayın son günlərində sıxlıq yaranmasın deyə texniki baxışdan vaxtında keçmək lazımdır.






Fikirlər