Bakıda taksi xidməti sistemində vahid qiymətlər tətbiq ediləcək. Yeni qərarla bağlı taksi sürücülərinin münasibətini öyrəndik. Müşahidə etdik ki, taksi sürücülərinin əksəriyyəti bu məsələdən xəbərsizdirlər. Sürücülərlə söhbətimiz zamanı onlar əsas problemlərinin dayanacaq məsələsi olduğunu xüsusi vurğuladılar.
Musavat.com-a danışan fərdi taksi sürücüsü Adil Quliyev bildirdi ki, nəzərdə tutulan yeniliklərdən məlumatlıdır: “Bildiyimə görə, sentyabrdan sonra yeni qaydalar tətbiq olunacaq. Bu qaydalar isə bizə sərf etmir. Əvvəla ona görə ki, onsuz da müştəri az olduğu üçün baha qiymət demirik. İkincisi də ondansa bizim yer problemimizi həll etsinlər. Dayanmağa yer tapmırıq. Ölkədə devalvasiyadan sonra müştərilərin sayı tamamilə azalıb. Misal üçün hazırda saat 13 radələri olsa da, hələ burada dayanan 3 taksi sürücüsündən heç biri 1 manat da olsun, qazanmayıb. Rəsmi dayanacaqlar elə yerdədir ki, oraya sərnişin axını demək olar, yoxdur. Ona görə də bizim əsas problemimiz yer problemidir”.
Digər taksi sürücüsü Vüqar isə bildirdi ki, onların işlərinə maneçilik törədənlərdən biri də taksi şirkətləridir:“Birincisi bu qərardan bizim xəbərimiz yoxdur. İkincisi də indiki vəziyyətimiz onsuz da pisdir. İnanmıram ki, bundan sonra qəbul edilən qərar işimizə yarayacaq. Onsuz da şəhərdə elə dayanacaqlar var ki, orada ancaq şirkət taksiləri dayanırlar. Ora bizim girmək ixtiyarımız yoxdur. Eyni zamanda bir məsələ də var ki, Bakıda beynəlxalq tədbir keçirilən zaman fərdi taksi sürücülərini ora buraxmırlar. Misal üçün I Avropa Oyunları zamanı ancaq şirkət sürücüləri işləyirdilər. Bu baxımdan əgər hər hansı bir qiymət eyniliyi nəzərdə tutulubsa, şirkət və fərdi taksilərin arasında bütün ayrı-seçkiliklər aradan qaldırılsın. Biz də dayanacaqlardan normal qaydada istifadə edək”.
Mövcud yenilikdən şirkət sürücüləri isə narahat deyillər. Onlarla söhbətimiz zamanı bildirdilər ki, qiymət məsələsinə sürücü qarışmır. Bu, şirkət tərəfindən təyin olunur və hazırda da bu qaydalar əsasında çalışırlar.
Sürücü Firdovsi Vəliyev isə bildirdi ki, onların əsas problemi avtomobillərin köhnə olması ilə bağlıdır: “Yeni avtomobillərin çoxu taksi şirkətləri ilə işləyirlər. Ancaq şirkətlər 2000-ci ildən köhnə avtomobilləri qəbul etmirlər. Şəhərdəki taksilərin də demək olar ki, 70-80 faizinin ili 2000-ci ildən köhnədir. Əsas problemimiz budur. Misal üçün mənim avtomobilim 1997-ci ilin istehsalıdır, bunu şirkət qəbul etmir. Qiymətlər isə belədir ki, misal üçün “9933” taksi xidməti hər kilometrinə görə 40 qəpik hesablayır. Minimum isə 1 manat 80 qəpikdir. Biz də görsək ki, müştəri yoxdur, məcbur qalıb həmin qaydalarla işləməliyik. İndi məsələ budur ki, həmin qaydalar qeyd etdiyim kimi yeni avtomobillərə şamil edilir. Biz isə gözləmə mövqeyindəyik. Bilirik ki, köhnə maşınların taleyi yaxşı olmayacaq. Məcburən gedib kreditə girib yeni maşın almalıyıq. Bir zamanlar sovet istehsalı olan avtomobilləri şəhərdən yığışdırdılar. İndi də 2000-ci ildən aşağı olan avtomobillər taksi fəaliyyəti ilə məşğul ola bilməyəcək. Məcburən gedib misal üçün Çin istehsalı olan avtomobil almalıyıq. Bundan başqa digər sənəd işləri də 1200-1500 manata başa gəlir. Bu da əlbəttə ki, bizim üçün böyük maneədir”.
Söylənən fikirlərə rəsmi münasibət almaq üçün Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Nuridə Allahyarova ilə əlaqə saxladır. N.Allahyarova musavat.com-a bildirdi ki, hazırlanan yeni konsepsiyada istehsal ili köhnə olan taksilər barəsində də müvafiq bənd nəzərdə tutulub: “İstismar müddəti başa çatan taksi xidməti göstərən minik avtomobilləri xətdən çıxarılacaq. Dayanacaqlara gəlincə isə deyə bilərəm ki, Bakıda 79 adda qeydiyyatdan keçən və 81 adda qeydiyyatsız taksi dayanacağı fəaliyyət göstərir. Ümumilikdə şəhərdə taksi dayanacaqları kifayət qədərdir. Sadəcə olaraq taksi sürücüləri də iddia edirlər ki, həmin dayanacaqlarda durmamalarının səbəbi sərnişin axınının az olmasıdır. Onlar adətən, avtobus dayanacaqlarının, metro çıxışlarının, istirahət və əyləncə mərkəzlərinin önündə dayanmağı daha üstün tuturlar. Dünyanın heç bir yerində belə hal yoxdur. Konsepsiyada da xüsusi olaraq göstərilir ki, taksilər yalnız nəzərdə tutulan dayanacaqlarda dayansınlar. Şirkətlərdən əlavə taksi xidməti göstərən 16 min fiziki şəxs var. Bu isə günün tələbləri ilə tərs mütənasibdir. Taksilərin sayı sərnişinlərin sayından dəfələrlə çoxdur. Ona görə də yeni konsepsiyada bu da nəzərə alınacaq. Sərnişin axını müəyyən olunduqdan sonra kvota təyin ediləcək. Bundan sonra isə taksilər müvafiq dayanacaqlardan başqa heç bir yerdə dura bilməyəcəklər”.
N.Allahyarova bildirib ki, dayanacaqlarla da bağlı təhlillər aparılır: “Hələ sözügedən rəsmi və qeyri rəsmi dayanacaqların da uyğunluq və optimallığını yoxlayırıq. Daha uyğun yerlərdə olan dayanacaqlar mükəmməlləşdirilərək, sürücülərin ixtiyarına veriləcək. Uyğun olmayanlarla bağlı da müvafiq tədbirlər görüləcək. Konsepsiya ilkin mərhələdə artıq birinci oxunuşdan keçib. Hazırda bunun üzərində ictimai rəyin formalaşdırılması üçün müəyyən işlər görülür. Konsepsiyanın oktyabr ayına tam yekunu gözlənilir, bundan sonra isə irəli gələn müəyyən tələblər qoyulmağa başlayacaq”.
Fikirlər