Son günlər taksilərin dayanması üçün nəzərdə tutulmuş dayanacaqlardakı yol nişanları yoxa çıxır. Onların kim tərəfindən götürülməsi və səbəbi isə qaranlıq qalıb. Bu barədə “Yeni Müsavat” qəzetinə taksi sürücüləri danışıb. Onlar bildiriblər ki, “Neftçilər” metrostansiyasının ətrafındakı iki dayanacaqda qoyulmuş xüsusi nişanlar çıxarılıb. Taksi sürücüləri bu durumdan narazıdır. Onlar həm də sürücülərə qoyulacaq qadağadan narahatdırlar.
Musavat.com-un müxbiri adıçəkilən ərazidə olub və sürücülərlə söhbət edib.
Dayanacaqda olduğumuz zaman həqiqətən də sürücülərin dediyi kimi iki yerdə taksi dayanacaqları üçün xüsusi nişanların yerində olmadığını gördük. Yol nişanı və onun sütununu yerindən qoparılıb. Bu barədə isə sürücülərə heç bir xəbərdarlıq edilməyib. Sürücülər yeganə qazanc yerlərini itirməkdən qorxurlar və nişanların bərpa olunmasını istəyirlər.
Adının çəkilməsini istəməyən taksi sürücüsü musavat.com-a bildirdi ki, hadisə bir həftə öncə baş verib: “Bir gün səhər tezdən gəldik ki, yol nişanlarını çıxarıblar. Elə bildik ki, sürücülərə burada dayanmağa icazə verməyəcəklər. Ancaq səhəri gün bizə nə yol polisindən, nə də Nəqliyyat Nazirliyindən bir söz demədilər. Sonra düşündük ki, yəqin nişanları oğurlayıblar. Ola bilsin aliminiumdur, uşaqlar çıxarıb, satmaq istəyiblər. Bizimlə paralel olan dayanacaqda da eyni mənzərəni görəndə bunun oğurluq olmasına inana bilmədik. Belə anlaşıldı ki, dayanacağın nişanlarını gecə sürücülər getdikdən sonra çıxarıblar. Yoxsa xəbərimiz olardı. O gündən bəri kimsə yol nişanlarını bərpa etmir”.
Digər bir sürücü isə bunun taksi sürücülərinə tətbiq olunan yeni qaydalarla bağlı olduğunu düşünür: “Bildiyiniz kimi, bir neçə aydır ki, sürücülər vergi vermir. Əvvəllər nəqliyyat müfəttişlərinə aylıq 60 manat ödəyirdik. Nəqliyyat Nazirliyini müəyyən səlahiyyətləri DYP-ə verildikdən sonra bu ödəmələr dayandırıldı və taksilər bu günə kimi vergi ödəmir. Bunun bizim üçün çox xeyri oldu. Ancaq bu qərar müvəqqəti idi və biz də bilirik ki, nə vaxtsa vergi ödəməli olacağıq. Ola bilsin ki, yol nişanlarının götürülməsi bu işlərə başlanılması ilə əlaqədardır. Ancaq bizə heç kim bu barədə heç nə deməyib”.
Digər taksi dayanacaqlarındakı durumla maraqlanmaq üçün “Qara Qarayev” metrostansiyası ətrafında dayanan taksi sürücüləri ilə də həmsöhbət olduq. Burada taksi dayanacaqları üçün nəzərdə tutulmuş yol nişanları yerindədir, sürücülər həmişəki qaydada fəaliyyətini davam etdirir. Lakin burada başqa bir problem yaşanır. Sürücülərə yaxınlaşıb, köhnə qaydada, ayda 60 manat ödəyərək işləməyi təklif edənlər peyda olub. Mülki geyimdə olan bir neçə şəxs özlərini nəqliyyat müfəttişi kimi qələmə verib, taksi sürücülərinə qeyri-rəsmi formada 60 manatdan işləməyi təklif ediblər.
Həmsöhbətim bir neçə şəxsin onlara yaxınlaşıb, aylıq ödəniş tələb etdiyini dedi: “Son günlər bir neçə şəxs bizə yaxınlaşıb, əvvəlki qaydada aylıq ödəniş etməyi tələb etdilər. Mülki geyimdə olan adamlar özlərini nəqliyyat müfəttişləri kimi təqdim etdilər. Əvvəlki məzənnə ilə, yəni 60 manatdan, qeyri-rəsmi formada işləmək. Həmin şəxslərə dedik ki, onlarda artıq səlahiyyət yoxdur və təbii ki, heç nə ödəmədik. Bir də ki, taksilərə nəzarəti elə DYP-yə verilsə daha yaxşı olar. İllərdir ki,nəqliyyat müffəttişlərindən çəkəcəymizi çəkmişik”.
Bəzi sürücülər yeni qaydaların tətbiq olunacağından narahatdırlar: “ Eşitdiyimizə görə, yalnız avtomobilinin buraxılış ili 2000-ci ildən yuxarı olanlar taksi işləyə biləcəklər. Bu isə o deməkdir ki, bizim vəziyyətimiz çətinləşəcək. Bu dayanacaqları axtarsan, ən təzə maşın 1999-cu ilindir. Hamı ucuzvari avtomobil alıb, taksi işləyir. İndi mən 1995-ci il buraxılışı olan maşının neçəyə satım ki, yenisini ala bilim. Aylıq ödənişlərin olması bir tərəfdən yaxşıdır. Bir neçə aydır ki, taksilər ödəniş etmir. Bu səbəbdən də hərə bir “şahmat” atıb, taksi işlədir. Bütün dayanacaqlar dolub, tıxac yaranır. “Əhmədli” metrostansiyasında 2-3 cərgə taksi dayanıb, iynə atsan yerə düşməz. Müştəri olsa yenə dərd yarıdır... Bunun nəticəsidir ki, bəzən günlərlə müştərimiz olmur. Əvvəllər növbə ilə işləyirdiksə, sonradan məcbur qalıb, növbəni ləğv etdik. İndi kim qabağa düşdü, müştəri tutur. Çoxu da cavan uşaqlardır, qaydaları başa salmaq olmur. Düzdür onlar da qınalınası deyil, dolanışıq çətindir”.
Fikirlər