Vətəndaşlar belə soyulur – Taksi xidmətində kələk
Keyfiyyətsiz xidmətSon günlər Bakıda taksi xidməti göstərən şirkətlərin göstərdiyi xidmətlərlə bağlı şikayətlər çoxalıb. Bu barədə sosial şəbəkələrdə, mətbuatda müxtəlif cür etirazların olmasına baxmayaraq çatıçmazlıqları aradan qaldırılmı, əvəzində daha da çoxalır.
Taksi ya çağırışa gec gəlir, ya da gediş haqqında müştəriyə kələk gəlir. Tıxaclardan, ictimai nəqliyyatdakı çətinlikdən can qurtarmaq istəyən vətəndaş ucuz taksi xidməti reklamına aldanır. Beləliklə, fırıldaqçı şirkətlərin toruna düşür.
Taksilər turistləri necə aldadır?
Qoşa qala qapılarının yaxınlığında 3 nəfər ərəb turistin London taksisinin sürücüsü ilə yüksək səslə mübahisə edir. Yaxınlaşanda taksi sürücüsünün ondan gedəcəyi məsafə üçün çox pul istədiyini öyrənirik. Halbu ki, həmin taksilərdə məsafəni ölçmək üçün sayğaclar quraşdırılıb. Qiymət də həmin sayğacla hesablanmalıdır. Amma həmin sürücü bu qayda ilə yox, öz istəyi ilə xarici turistlərdən artıq pul almaq niyyətində idi. Taksi şirkətlərinin fırıldağının qurbanı olan şəxslər arasında təkcə əcnədi turistlər yox, jurnalistlər də var.
Misal üçün, bir müddət əvvəl tanınmış jurnalist Aynur Elgünəş *9111 taksi xidmətinin sürücüsünün kələyindən şikayətlənib:
“*9111 nömrəli taksi xidməti ikinci dəfədir məni aldadır. Deməli, dünən axşam 20:43-də keçmiş Respublika Sarayının qarşısından Gəncə prospektinə taksi sifarişi vermişəm və qiyməti 6.50 manat edib. Bu barədə mesaj da gəlib. Sürücü cavan oğlan idi, maşının nömrəsi “10 PZ 793”. Əvvəlcə dediyim ünvanı yanlış yazdıqlarını bildirdi, sonra baxıb dedi ki, yox, yanılıb. Məni düz dediyim ünvana apardı. Çatanda dedi ki, 7.50 manat edir. 10 manat verdim, 2 manat qaytardı. Heç nə demədən düşdüm və dərhal da *9111 xidmətini arayıb şikayət etdim. Operator gözləməmi xahiş etdi və təxminən 3 dəqiqə sonra dedi ki, bəs guya məni dediyim ünvana yox, bir az uzağa aparıb.
Yalan söylədiyini dedim, hətta mənzilimin nömrəsini belə verdim. Sürücü ilə calaşdırıb söhbətimizə qulaq asdılar. Sürücü söz tapa bilmədi. Dedi, binanın o biri başını başa düşüb, mən bu biri başında düşmüşəm. Halbuki 4 bloklu binanın o başı ilə bu başı eyni ünvana düşür. Ölçü götürəcəklərini dedilər. Açığı, inanmıram. Ona görə də yazdım ki, siz də aldanmayın. Neçənci dəfədir taksi xidmətləri ilə bağlı bu cür problemlə qarşılaşıram və ya eşidirəm. İctimailəşmir deyə davamı da gəlir…”
Aynur xanım bu olayla qarşılaşan yeganə jurnalist deyil. Bir neçə ay bundan əvvəl aparıcı Ülvira Qarayeva *9933 nömrəsi ilə xidmət göstərən “Salam Taxi”nin göstərdiyi qeyri-peşəkar xidmətdən yazmışdı.
Taksi xidmətinin fırıldağının daha bir qurbanı Femida.az saytının redaktoru Günay Arda olub. Redaktorun sözlərinə görə iki gün bundan əvvəl Uber taksi xidmətinədən istifadə edib.
“ Yasamal rayonu, Abbas Mirzə Şərifzadə küçəsində taksi çağırdım. Cavab yazdılar ki, ətrafda Fuad adlı sürücü var. Markası da KİA sportagedir.Taksi düz 20 dəqiqədən sonra gəldi. Həmin vaxt telefonuma mesaj gəldi ki, sürücü çağırışdan imtina edib. Bundan sonra həmin xidmətdən başqa taksi çağırdım. Mənzil başına çatanda mənə dedi ki, gediş haqqınız 8 manat 80 qəpik edir və 3 manat da cərimə ödəməlisiniz. Səbəb kimi də göstərirdi ki, mən çağırışdan imtina etmişəm. Halbu ki, həmin taksi sürücüsü ünvanı tapa bilmədiyi üçün çağırışdan imtina etmişdi.”
Xatırladaq ki, Milli Məclisin 2015-ci ilin oktyabrın 20-də keçirilən iclasında "Avtomobil nəqliyyatı haqqında" qanuna təklif edilən əlavələr qəbul olunub.
Qanunun 27-ci maddəsinə edilən əlavəyə əsasən, taksi minik avtomobilləri ilə sərnişin daşımalarına “B” və ya “BE” kateqoriyaları üzrə nəqliyyat vasitələrini idarəetmək hüququnu təsdiq edən sürücülük vəsiqəsi olan, yaşı 21-dən az olmayan, iki ildən artıq müddətdə mülkiyyətində və ya digər qanuni əsaslarla istifadəsində (icarə, etibarnamə və s.) olan avtonəqliyyat vasitəsini idarə edən sürücülər buraxılır.
Həmçinin, əlavədə qeyd olunur ki, taksi minik avtomobillərinin sürücüləri etik davranış və avtomobil nəqliyyatı ilə sərnişin daşımalarını tənzimləyən normativ hüquqi aktlara dair xüsusi hazırlıq keçməlidirlər.
Görünür, bu yolla pul qazanan şəxslər qanunun bu bəndlərini oxumağı və əməl etməyi unudublar.