Azərbaycanda üz tanıma qurğusunu kim alıb? - Polis təkzib edir
Xəbər verdiyimiz kimi, Türkiyəli mühəndis Akif Ekin şübhəli şəxsləri hərəkətə keçmədən zərərləşdirən texnikanın Azərbaycana da satıldığı barədə açıqlama vermişdi. “Qafqazinfo” xəbər verir ki, polis maşınlarının lampalarına yerləşdirilən sistem hərəkətlərindən şübhələnilən və ya axtarılan şəxsi aşkar etdikdə həmin şəxsin şəhər daxilindəki bütün hərəkətləri izlənməyə başlanır, hətta onu zərərsizləşdirir. Sözügedən təhlükəsizlik aparatı üz tanıma, sürət müəyyənləşdirmək kimi xüsusiyyətlərə sahibdir. “Qafqazinfo” bu məqamda üz tanıma kimi mühüm xüsusiyyətə malik olan bir sistemin Azərbaycan polisi tərəfindən necə istifadə edilməsi ilə maraqlanıb. Lakin məlum olub ki, Türkiyəli mühəndisin dediyinin əksinə olaraq, Azərbaycan bu kimi üz tanıma sistemini sözügedən ölkədən satın almayıb. Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev qeyd edib ki, Ekin texnologiyasında sifət tanıma ilə bağlı sistem var: “Ancaq bizim yol patrul xidməti inspektorlarının istifadəsində olan avtomobillərdə belə sistem qurulmayıb. Üz tanıma sistemi ayrıca bir proqramdır. Ola bilər ki o sistem başqa, yəni gömrük və ya sərhəd-keçid xidmətlərində istifadə olunur. Avtomobillərin tanınması, onların axtarışda olub-olmamasını isə hazırkıi sistem müəyyən etmək gücündədir. Yol polisində isə üz tanıma ilə bağlı sistemə hazırda o qədər də zərurət yoxdur. Bizdə onsuz da piyadanın iştirakı olmadan protokulun yazılması qanunvericilikdə nəzərdə tutulmayıb. Ancaq nəqliyyat vasitəsinin sürücüsünün iştirakı olmadan elektron protokol tərtib edilə bilər. Avtomobillərin nömrə tanınma sistemi də hazırda yol patrul xidməti avtomobillərində var. Əgər gələcəkdə piyadaların iştirakı olmadan elektron protokolların tərtib olunması ilə bağlı qanunda dəyişikliklər olarsa o zaman bu cür sistemlərin alınmasına ehtiyac yaranar”.
Bəs Post Patrul Xidməti və Çevik Polis Alayının xidməti avtomobillərində belə sistem quraşdırılıbmı ? Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov “Qafqazinfo”ya açıqlamasında sözügedən xidməti avtomobillərə üz tanıma sisteminin quraşdırılmasından xəbərsiz olduğunu bildirib. Yol məsələləri üzrə ekspert Ərşad Hüseynov da qeyd edib ki, onun bildiyinə əsasən nə yol patrul xidməti (YPX) avtomobillərində, nə də ki, post patrul xidməti (PPX) avtomobillərində üz tanıma sistemi yoxdur: “Ola bilər ki bu məsələdə hansısa konfidensiallığı nəzərə alırlar, ona görə də açıqlamaq istəmirlər. Bizdə bütün şəxslər haqqında Milli Avtomatlaşdırılmış Pasport Sistemi (MAPS) var. O sistemdə hamımızın şəkli var. Həmin foto ilə həyatda görünən görüntünü müəyyən dəqiqliklə eyniləşdirmək olur. Yüz faiz dəqiqləşdirilmə isə dünyanın heç bir yerində yoxdur. Çünki hər hansı şəxs görünüşcə dəyişə bilər. Ümumiyyətlə isə, üz tanıma hüquq pozuntuları ilə mübarizə üzrə ən son texnologiyalardan biri sayılır. Konkret axtarışda olan adamları həmin texnikalar vasitəsilə tanımaq istəyirlər. Ölkənin ərazisində stasionar kameralar quraşdırılır. O kameralarda da axtarılan şəxs görüldükdə təxmini olaraq axtarılan şəxsin haradan keçməsi qeyd olunur”.Onu da qeyd edək ki, Youtube-də Azərbaycan yol polisinin bu texnologiyadan istifadə etməsi haqda “Ekin Patrol Bakıda keçiriləcək ilk Avropa Olimpiya Oyunlarında təhlükəsizliyini təmin edir” başlıqlı rolik də yerləşdirilib. Həmin roliki də təqdim edirik: