Rəislərə yeni səlahiyyəti verildi- Protokollar ləğv oluna bilər!
Daxili İşlər Nazirliyi bir neçə gün əvvəl “Yol-patrul xidməti haqqında” təlimatda dəyişiklik edib. Təlimata əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs hadisəsin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir.
Dəyişikliyə əsasən, bundan sonra belə hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan tərəfindən həmin iş üzrə qəbul edilən qərar, qəbul edildiyi gün Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemində yerləşdiriləcək və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə məlumat veriləcək. Başqa sözlə, müvafiq icra hakimiyyəti orqanının informasiya sistemi inzibati xəta haqqında elektron protokolu və ya inzibati xəta haqqında iş üzrə qərarı və onların əlavələrini hər bir nəqliyyat vasitəsinin istifadəçisi üçün internet informasiya resursunda yaradılmış “elektron kabinet”ə yerləşdirəcək və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin elektron ünvanına (olduğu halda) göndərəcək. İnzibati xəta haqqında elektron protokol və ya inzibati xəta haqqında iş üzrə qərar ona əlavə edilmiş materiallarla birlikdə kağız daşıyıcıda çap olunaraq səlahiyyətli orqan tərəfindən inzibati xətanın törədildiyi vaxtdan 2 gün müddətində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə rəsmi qaydada veriləcək. İcraatında inzibati xəta haqqında iş olan hakimin yanına, səlahiyyətli orqana gəlməklə əlaqədar olaraq zərər çəkənlərin, şahidlərin, ekspertlərin, mütəxəssislərin, tərcüməçilərin və hal şahidlərinin çəkdikləri xərclər qanunvericiliklə edilmiş qaydada ödənilir.
Bəs bu dəyişiklik vətəndaşlar üçün hansı yeniliklər vəd edir? Hüquqşünas ekspert Ərşad Hüseynov Bizimyol.info saytına açıqlamasında bildirir ki, təlimat 2014-cü ilin may ayında İnzibati Xətalar Məcəlləsinə edilmiş dəyişikliyə uyğunlaşdırılıb. “Həmin vaxt İXM-in 429-2-ci maddəsinə edilmiş əlavədə yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar haqqında iş üzrə barəsində icraat aparılan şəxsin səlahiyyətli orqan tərəfindən çağırılması qadağandır. Həmin dəyişiklik şəffaflığı təmin etmək, mümkün korrupsiya və digər neqativ halların minimuma endirilməsi üçün edilib ki, vətəndaş polis əməkdaşları tərəfindən çağırılmasın, idarələrə dəvət edilməsin. Bu, həm də ona hesablanıb ki, sürücü qaydanı pozubsa və özünün xüsusi bir marağı olmadan, çağırılmadan, harasa getmədən, əziyyət çəkmədən, kimisə kabinetdə gözləmədən evində otursun və sənədlər ona hazır göndərilsin ki, cəriməni ödə. Təlimatda dəyişikliyin mahiyyəti də budur ki, sürücü qaydanı pozduğu üçün yol patrul xidməti tərəfindən saxlanılırsa, lakin sürücü YPX ilə razılaşmırsa və etirazını bildirirsə, yerində qərar çıxarılmır. Yəni sürücü razılaşdıqda yerində qərar çıxarılır ki, bu qaydanı pozmusan, get cəriməni ödə, bununla da məsələ bitir. Razılaşmadıqda isə qərar çıxarılmadan protokol yazılır, bir nüsxəsi sürücüyə verilir, digər nüsxəsini isə protokolu yazan polis aparıb verir öz rəisinə. Rəis də həmin sənədə əlavə materiallarla birlikdə baxır. Məsələn, YPX avtomobilində olan kamerada qeydə alınan məlumatlarla birlikdə baxır və tutaq ki, belə nəticəyə gəlir ki, sürücünün etirazı əsaslıdır, həmin protokol ləğv edilsin. Yəni iş üzrə icraata xitam verilsin. Yaxud da baxır ki, sürücü haqlı deyil, həqiqətən də qayda pozuntusu var, o zaman da qərar qəbul edilir ki, sürücüyə filan məbləğdə cərimə tətbiq edilsin. Həmin qərar sürücünün özünün iştirakı olmadan, dəvət edilmədan sürücüyə göndərilir” - deyə Ə.Hüseynov bildirdi.