Naxçıvanla sərhəddə ağır qəza - 26 azərbaycanlı yaralandı, 5-i ÖLDÜ
Türkiyə ilə Naxçıvan arasındakı Dilucu sərhəd keçid məntəqəsi yaxınlığında ağır yol qəzası baş verib. “Qafqazinfo” Türkiyə KİV-nə istinadən xəbər verir ki, iki sərnişin avtobusunun toqquşması nəticəsində ilkin məlumata görə, 6 nəfər ölüb, 20 nəfər isə yaralanıb. Qəzaya səbəb havanın dumanlı olması göstərilir. Avtobuslardan biri İstanbuldan Naxçıvana, digəri isə Naxçıvandan İğdıra doğru hərəkət edirdi. *** Türkiyənin İğdır vilayətində baş vermiş ağır yol qəzasında 26 Azərbaycan vətəndaşı yaralanıb. Bu barədə "Qafqazinfo"ya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. Onun sözlərinə görə, qəzada ümumilikdə 8 nəfər həlak olub, onların arasında azərbaycanlıların olub-olmaması araşdırılır. *** İğdır valisi Ahmet Turgay Alpman bildirib ki, hər iki avtobusda olanların əksəriyyəti naxçıvanlılar olub. Türkiyə mətbuatı hər 2 avtobus sürücüsünün və 5 azərbaycanlının öldüyünü açıqlayıb. Hazırda sıxışan avtomobillərin arasından yaralıların xilas edilməsi üçün tədbirlər görülür.