Bəşəriyyətin uçan maşın sevdası REALLAŞIR
180-lə göydə uçmaq üçün maketlər hazır, qiymətlər hazır, qalır bircə... 90-ların sonu, 2000-ci ilin əvvəllərində dünya kinematoqraflarının ən çox sevdiyi mövzu heç şübhəsiz ki, uçan maşınlar idi. İlk vaxtlar tamaşaçıları hədsiz dərəcədə təəccübləndirən bu mənzərə daha sonra adiləşdi. İndi isə artıq insanlar səbirsizlənməyə başlayıblar. Artıq filmlərdə görmək bəs etmir. İnsanlar reallıqda da onu görmək istəyirlər. Xüsusən də nəzərə alanda ki, son illər dünyanın bütün ölkələrində tıxac problemi özünün pik həddinə çatıb və insanların bir nöqtədən digər nöqtəyə çatması müşkülə çevrilib. Nədir son durum? Alimlər, işbazlar... nə üçün hələ də bu kəşfi insanlıq aləminə ərməğan edə bilmirlər? Öncə son yeniliklərdən başlayaq. Dubayda keçirilən forumda sərgilənən “Uçan avtomobillər” artıq 2017-ci ilin iyul ayından istifadəyə buraxılacaq. Bu haqda Dubayın Matar şəhərinin Yol və Nəqliyyat İdarəsinin rəhbəri Əl-Tair (Al-Tayer) World Government Summit-dəki çıxışında bildirib. “Sürücüsüz daşıma nəqliyyat xərclərini il ərzində 22 milyard dirhəm (6 milyard dollar) azaltmağa imkan yaradacaq. Bununla yanaşı, bu növ daşıma zərərli tullantıları və yol nəqliyyat hadisələrinin sayını da azaltmış olacaq” - deyə əmir bildirib. Əl-Tairin sözlərinə görə, avtonom nəqliyyat vasitəsi üçün ümumi qayda-qanunlar da qəbul ediləcək. Əl-Tair onu da qeyd edib ki, 2030-cu ilə Dubay avtonom nəqliyyat sahəsində “pioner” olacaq.
İlkin maketin göstəriciləri - standart sürəti saatda 100 km, maksimal sürəti 160 km Samitdə Çin şirkəti Ehang tərəfindən istehsal edilən “avtonom uçan cihaz” (AAV) təqdim edilib. Avtomobilin uzunluğu 3.9 m, eni 4.02 m, hündürlüyü isə 1.60 m olmaqla, ümumi çəkisi 250 kq-dır (sərnişinlə 350-360 kq). Bu avadanlıq innovativ və ekoloji nəqliyyat vasitəsi olaraq sərnişinləri qısa məsafəli məkana çatdırmağa qadirdir - maksimal 30 dəqiqəlik məsafə. Standart sürətdə saatda 100 km, maksimal sürəti isə saatda 160 km-ə çatır. Yolda olan tıxac problemini dəf edə bilən maşının videosu YouTube sosial şəbəkəsində artıq yer alıb. Hər nəqliyyat vasitəsinin xüsusi giriş açarı var. Sərnişinlər lazımi dayanacağı maşına təchiz edilmiş naviqasiya sistemində sensor displey üzərinə qeyd edə biləcəklər. İstehsalçılar bu aparatla uçuşun hamar və maksimal dərəcədə təhlükəsiz olacağını əmin edirlər.
Hollandiyanın “PAL-V” şirkəti dünyada ilk dəfə “Liberty” uçan avtomobillərinin satışına başlayıb."PAL-V Liberty" avtomobil yolunda getmək və uçuşlar üçün müvafiq olaraq iki mühərriklə təchiz olunub. İstehsalçılar qeyd edirlər ki, avtomobilin uçan aparata çevrilmə prosesi 5 dəqiqədən 10 dəqiqəyə qədər vaxt alır. Pərli dirək avtomatik çevrilir, ancaq sürücü quyruq hissə və əsas vintin qanadlarını özü çıxarmalıdır. Uçmaq üçün nəqliyyat vasitəsinə 200x200 metr ölçülü ərazi lazımdır. Uçan avtomobil maksimal 3500 m yüksəklik və 180 km/saata qədər sürət yığa bilər. Tam enerji ilə yenilik 500 km-dən çox məsafə qət edə bilər. “PAL-V Liberty” yerdə hərəkətə 100 at güclü mühərriklə gəlir. Maksimal sürət 160 km/saat göstərilib, ilk yüzlüyü isə model 9 saniyəyə yığır. Komplektasiyadan asılı olaraq maşının qiyməti 399-599 min dollar təşkil edir. Avtomobillərin böyük miqyaslı istehsalı yaxın zamanlarda başlayacaq, ilk yeni maşınlar isə sifarişçilərə 2018-ci ildə çatdırılacaq. ABŞ-ın "Terrafugia" şirkəti hər kəsin idarə edə biləcəyi uçan avtomobillərin dizaynını hazırlayır. Şirkət “TF-X” markalı maşını 2020-ci ildə satışa çıxarmağı planlaşdırır. Maşın-vertolyot-təyyarə qarışığı olan avtomobil ən dəbli nəqliyyat vasitələrindən biri olacaq. Karbon-fiber adlı maddədən hazırlanan uçan maşının qanadları elektriklə çalışacaq. Maşın havaya qalxdığı zaman arxasındakı qazlı motor çalışmağa başlayacaq. Hava şəraiti normal olarsa, uçan maşınla saatda 800 kilometr yol getmək mümkün olacaq. Mütəxəssislər deyir ki, bu maşınları idarə etməyi öyrənməyə 5 saat kifayətdir. TF-X markalı maşının 270 min dollara satışa çıxarılması planlaşdırılır. 2015-ci ildə hazır olması planlaşdırılan uçan maşınlar 2020-ci ildən etibarən satışa çıxarılacaq. Uçan maşına hər kəsdən əvvəl sahib olmaq istəyənlər indidən onun pulunu ödəyə bilərlər. TF-X-dən sonra Hollandiyada “PAL-V” markalı uçan idman maşınları hazırlanacaq.
"Terrafuja" firması TF-X model uçan maşınlar üzərində testlərini hazırda müxtəlif cəhətlərdən davam etdirir. 2013-cü ildən bu yana modelini daha da təkmilləşdirən şirkət artıq təyyarələr kimi qalxma əməliyyatına ehtiyac duymadan, birbaşa şaquli yuxarı qalxma və yerə enmə əməliyyatını yerinə yetirə bilən modelini təqdim edib. Təhlükəsiz qalxış üçün 33 metrlik bir sahəyə ehtiyac duyan TF-X 4 nəfərə qədər sərnişin daşıya bilir. Birbaşa yuxarı qalxması üçün modelin qanadlarında hər biri 300 at gücündə olan elektrik motorlar var. Aspiratorlu turbin motoru ilə təchiz edilmiş modelin sürəti saatda 322 km olacaq. Qalxış və eniş əməliyyatlarının avtomatik yerinə yetirilməsi üçün kompüter əsaslı sistemlə işləyən TF-X hal-hazırda Massaçusets Texnologiya İnstitutunda Wright qardaşları tərəfindən süni külək tunelində hava sürtünməsi, qalxış, eniş kimi müxtəlif aerodinamik parametrlər üzrə test edilir. Həmçinin, qalxış və eniş simulyasiyaları belə hazırlanıb. Bütün testlərin uğurlu keçəcəyi təqdirdə ilk dəfə kütləvi istifadəyə, yaxın 8-12 il ərzində verilməsi gözlənilir. 5,8 metrlik maşın yerdə saatda 105 km sürətlə, havada isə 500 km/saat sürətlə hərəkət edəcək. Anons verirlər, amma qiyməti elan etmirlər “Aeromobil” avtomobil kompaniyası uçan maşınların 2017-ci ildən kütləvi istehsalına başlayacaq. Bu barədə “Aktualne” məlumat yayıb. Və sonda... Gördüyünüz kimi, dünyanın nəhəng firmaları bu istiqamətdə xeyli iş görüblər və görməkdə də davam edirlər. Və dünya da bu yeniliyin bəhrəsini görmək üçün günləri sayır.
Sözügedən avtomobil elektrik enerjisi ilə çalışır, “qanadları” isə havada olmayanda yığılaraq onu yığcam formaya gətirir. Bununla yanaşı, avtomobillərdə sürücülər olmayacaq, onu həvəskarlar da qalxış və eniş düyməsini basaraq asanlıqla idarə edə biləcəklər. Havanın pis olduğu şəraitdə isə avtomobillərin hərəkətlərini xüsusi komanda mərkəzi nəzarətə götürəcək.
3.0 litrlik mühərriklə təchiz olunan avtomobil 100 at gücünə malik olacaq. Maksimal sürət isə 160 km/saat olacağı qeyd edilib. Avtomobilin qiyməti barədə məlumat verilməyib.