Bakıda taksilər ancaq bu ünvanlarda dayanacaq - 170 DAYANACAQ müəyyənləşdirilib
“Bakı şəhəri ərazisində Bakı Nəqliyyat Agentliyi (BNA) tərəfindən 170 taksi dayanacağı müəyyənləşdirilib. Hazırda müəyyən olunan taksi dayanacaqlarına pasportlar verilir. İndiyə qədər Agentlik tərəfindən 79 belə dayanacaq pasportlaşdırılaraq taksi sürücülərinin ixtiyarına verilib”. Bunu virtualaz.org-a BNA-nın mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib. Onun sözlərinə görə, hazırda şəhərdə aparılan təhlillər nəticəsində müxtəlif ünvanlardan pərakəndə şəkildə duracaq kimi istifadə edən taksilər üçün xüsusi yerlər müəyyənləşdirilir. “Əvvəl taksilər harada gəldi dururdular. Artıq biz taksilərin dayanmaları üçün xüsusi yerlər müəyyənləşdirmişik. Məsələn, Qara Qarayev prospekti boyunca 10 yerdə belə dayanacaqlar var. Ümumilikdə 170 yerdə taksi dayanacağı müəyyənləşdirilərək nişanlanıb. Bunların bir hissəsi artıq pasportlaşdırılıb, qalanların da pasportlaşdırılması davam edir”, – deyə M. Ağayev bildirib Qeyd edək ki, BNA-nın xüsusi ekspert qrupu ötən ildən bütün küçə və prospektlərdə, metro stansiyaları, alış-veriş mərkəzləri və əhalinin sıx toplaşdığı digər ərazilərdə bununla bağlı təhlillər aparır.
Nəticədə yerləşdiyi ərazidə nəqliyyat vasitələrinin və piyadaların hərəkətinə maneçilik yaratmayan dayanacaqlar pasportlaşdırılır.