DYP sözçüsü: “Qayda pozuntularının 65-70 faizi xüsusi texniki vasitənin köməyi ilə aşkar olunubsa, burada necə büdcəni doldurmaqdan söhbət gedə bilər?”
Dövlət Yol Polisi növbəti dəfə sosial şəbəkələrdə tənqid hədəfinə çevrilib. Belə ki, bu qurumdan verilən son açıqlamada bildirilir ki, avtomobili təmir etdirmək üçün polisdən arayış almamağa görə, həmçinin avtomobildə sürücünün diqqətini yayındıran söhbət etdiyinə görə sürücüləri cərimə gözləyir.
Dövlət Yol Polisinin icazəsi olmadan nəqliyyat vasitəsinin üzərində dəmirçi və rəngsaz işlərinin görülməsinə görə böyük məbləğdə cərimə müəyyənləşib. Qeyd olunur ki, bu qanunda və Nazirlər Kabinetinin əsasnaməsində göstərilsə də, tələblərə ciddi əməl olunmurdu. Son günlərin müşahidələrinə görə, yol polisi təmir sexində dəmirçi və rəngsaz işləri gördürənlərə qarşı nəzarəti gücləndirib. Məsələ bundan ibarətdir ki, əgər avtomobilinizdə ən kiçik dəmirçi işi, yaxud rəngləməni həyata keçirmək istəyirsinizsə, mütləq yol polisindən nəqliyyat vasitələrinin zədələnməsi barədə arayış almalısınız. Əks halda, sizi 100 manat və daha çox məbləğdə cərimə gözləyir. Hətta avtomobili təmirə götürən sex bu barədə yol polisinə məlumat vermirsə, onu da böyük məbləğdə cərimə gözləyir.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov da mətbuata açıqlamasında bunu təsdiqləyib.
Həmçinin sükan arxasında diqqəti yayındıracaq söhbət və hərəkətlərə görə sürücülərin 40 manat cərimələnəcəyi ilə bağlı məlumat da narazılığa səbəb olub. «Yol hərəkəti haqqında» Qanunun 37-ci maddəsinin 5-ci bəndində qeyd olunur ki, nəqliyyat vasitəsi idarə edilərkən diqqəti yayındıra biləcək söhbətdə iştirak etmək qadağandır və 40 manat cəriməsi var.
Bütün bu deyilənlərlə bağlı “Yeni Müsavat” olaraq Respublika Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin fikirlərini öyrənməyə çalışdıq.
- Kamran müəllim, insanları ən çox düşündürən odur ki, avtomobildə gedən söhbətin sürücünün diqqətini yayındırıb-yayındırmağını polis əməkdaşı necə müəyyən edəcək? Bu, qeyri-müəyyən, subyektiv bir yanaşma olmazmı?
- Bu, qanunvericilikdə nəzərdə tutulub, orada qeyri-müəyyənlik nə var? Sürücü diqqəti yayındıra biləcək söhbətdə iştirak etməməlidir. “Əhməd haradadır” filmi yadınıza gəlirmi? Sürücünün diqqətini yayındırdığı üçün qadın öz qızını maşından düşürür ki, diqqəti yayındırmasın. Bu hala görə cərimə nəzərdə tutulub deyə, onu tənqid etmək düzgün deyil. Sürücünün diqqətinin yayınması bilavasitə onun özünün, avtomobildəki digər sərnişinlərin, eləcə də kənardakı digər hərəkət iştirakçılarının həyatına real təhlükədir. Bu hərəkətlərə sürücü özü yol verməməlidir. Bu hal qanunvericilikdə nəzərdə tutulubsa və sürücü diqqəti yayındıracaq söhbətdə iştirak edirsə, real olaraq bu insanın diqqətinin yayındığı görünürsə, post patrul xidmətinin əməkdaşı onun arxasınca gedir və görür ki, bu sürücü idarəetməni artıq itirir. Avtomobil sağa-sola meyllənir və polis əməkdaşı görür ki, o, idarəetmə qabiliyyətində deyil. Saxlayıb yoxlayır ki, bu adam içkili deyil, sərxoş vəziyyətdə deyil, ancaq avtomobildə olan digər sərnişinlərlə söhbət edir, diqqəti yayınır, arxada oturan sərnişinə dönüb baxır. Bu halda onun diqqətinin yayınmasını polis əməkdaşı niyə sübut edə bilmir ki... Ümumiyyətlə, sürücü bunu özü nəzərə almalıdır. Avtomobildə olan sərnişin də bunda maraqlı olmalıdır ki, sürücünün diqqəti yayınırsa, onun da həyat riski var. Yoxsa bunu müzakirə çıxarmaq ki, hansı formada sübut olunacaq, necə məsuliyyətə cəlb olunacaq... Qanunvericilikdə var, bu havadan götürülüb yazılmayıb ki...
- Və bunu bir polis əməkdaşı müəyyənləşdirəcək...
- Polis əməkdaşı da müəyyənləşdirə bilər, ictimai nəqliyyatdırsa, sərnişin özü avtobusu saxlayıb məlumat verə bilər ki, bu sürücünün diqqəti yolda deyil, bizim həyatımızı təhlükəyə atır. Həmin əməkdaş niyə bu şikayətə biganə qalmalıdır? Niyə sürücünü məsuliyyətə cəlb etməməlidir?
“Sürücü avtomobildəki digər sərnişinlərlə söhbət edir, arxada oturan sərnişinə dönüb baxır... Bu halda onun diqqətinin yayınmasını polis əməkdaşı niyə sübut edə bilmir ki..?”
|
- Avtomobil üzərində dəmirçi və rəngsaz işinin görülməsi ilə bağlı polisdən arayış almaq məsələsi də ictimai narazılıq doğurub...
- Qəzaya uğramış nəqliyyat vasitələri əgər təmirə verilirsə, o halda Dövlət Yol Polisinin müvafiq icazəni təsdiq edən sənədi verilməlidir. Bu sənəd olmasa, qəzaya uğramış avtomobil təmirə götürülməməlidir. Bu, nəqliyyat vasitələrinə texniki təmir xidməti göstərən sahələr haqqında əsasnamədə göstərilib.
- Kamran müəllim, təcrübədə belə hallar var ki, qəza törədən iki sürücü öz aralarında razılaşır və avtomobili təmir etdirirdilər. Qanun bu halların qarşısını almağamı yönəlib?
- Bu heç vaxt qəbul olunmayıb. İki sürücü bir-biri ilə razılaşıb hansısa avtomobil təmirçisinə gedib bu nasazlığı aradan qaldırmamalıdır. Ustalar da zədələnən avtomobili təmir etməməlidirlər. Qanunvericilikdə var ki, əgər yol nəqliyyat hadisəsi yerinə DYP əməkdaşı gəlməyibsə, onların hər ikisi yaxınlıqdakı yol polisinə müraciət edirlər, bu hadisə qeydə alındıqdan sonra təqsirli tərəf zərərçəkən tərəfə dəyən zərəri ödəyir. Ancaq indi buna da ehtiyac yoxdur. Nəqliyyat vasitələrinin 95-96 faizi icbari sığorta müqaviləsi bağlayır. Bağlamadıqda, bu, elektron qaydada sənədləşdirilir və icbari sığorta müqaviləsi olmayan nəqliyyat vasitəsini xüsusi texniki vasitə aşkar edir, həmin sürücü haqqında protokol yazılır. Sürücü də marağındadır ki, əlavə cərimə olunmamaq üçün vaxtında sığorta müqaviləsi bağlasın. Hər hansı yol nəqliyyat hadisəsi zamanı da təqsirkar tərəf marağındadır ki, yol polisində bu hadisə qeydiyyatdan keçsin. Çünki bu hadisə qeydiyyatdan keçməyəndə sığorta dəymiş zərəri ödəmir.
- Əgər avtomobildə yaranan problem qəza nəticəsində olmayıbsa, sadəcə, sürücü avtomobilini təmir etdirmək istəyirsə, bu halda polis arayışına ehtiyac varmı?
- Əgər sürücünün avtomobildə etdirəcəyi yeniliklər konstruksiya dəyişikliyinə səbəb olacaqsa, bu halda heç bir təmir stansiyası konstruktiv dəyişikliklərə yol verməməlidir. Yalnız yol polisinin yazılı razılığı əsasında hansısa dəyişiklik edilə bilər. O ki qaldı avtomobilin korroziyaya uğraması və ya düzəldilməsi ilə bağlı hər hansı təmir işi görülürsə, o zaman arayış tələb olunmur.
- Polisdən arayış alınması prosesinin rüşvətə yol açacağı ilə bağlı iddialar da var...
- Bu rüşvətə necə yol aça bilər? Harada, kimdən rüşvət istəyiblər? Avtomobil qəzaya uğrayıbsa, xəta ilə bağlı təqsirkar tərəfdə inzibati xəta haqqında protokol tərtib olunubsa, hər iki tərəfə arayış verilir. Bir hadisə ki, qeydiyyatdan keçməyib, təqsirli tərəfə protokol tərtib olunmayıb, o, məsuliyyətə cəlb olunmayıbsa, o halda arayış verilə bilməz. Arayış o halda verilə bilər ki, kiminsə avtomobili darvazaya dəyib, darvazanın qapısı maşına toxunub, sürtülüb. Əgər həmin sürücünün iddia etdiyi bu hal təsdiqini tapırsa, o halda yol polisi tərəfindən müvafiq arayış verilir.
- Sosial şəbəkələrdə yazılanlara əsasən, cəmiyyətdə belə bir rəy yaranıb ki, dövlət büdcəsinə əlavə vəsaitlərin cəlb olunması üçün DYP-yə tapşırıq verilib. Bu mənada yol polisləri daha çox fəallaşıb. Hətta qanunvericilikdə olan və illərlə gündəmə gəlməyən maddələr də bu mənada məhz indi tətbiq olunmağa başlayır. Bu deyilənlərə münasibətiniz necədir?
“Qəzaya uğramış nəqliyyat vasitələri təmirə verilirsə, DYP-nin müvafiq icazəsini təsdiq edən sənədi olmasa, avtomobil təmirə götürülməməlidir”
|
- Bunlar hamısı absurd fikirlər və iddialardır. Əgər bu qayda pozuntusu aşkar olunubsa, qayda pozuntularının da 65-70 faizi xüsusi texniki vasitənin köməyi ilə aşkar olunubsa, burada necə büdcəni doldurmaqdan söhbət gedə bilər? Əgər sürücü və ya piyada qayda pozuntusuna yol veribsə, bu sənədləşdirilməməlidir? Əməkdaş bu halı görübsə, protokol yazmamalıdır? Büdcəni doldurmaq xatirinə qayda pozuntusu aşkarlamaq - bu nə deməkdir? Qayda pozuntusunun aşkarlanması hallarının çoxalmasının əsas səbəbi bir çox qayda pozuntularının xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilərək elektron qaydada protokollaşdırılmasıdır.
- Yəni texnoloji yeniliklərin bu sistemdə tətbiqi qayda pozulması hallarının daha çox aşkarlanmasına səbəb olur?
- Bəli, artıq neçə ildir ki, bu sistemdə texnoloji yeniliklər tətbiq olunur.
- Əgər əvvəllər də qanunda bu maddələr var idisə, niyə məhz indi tətbiqinə başlanılır? Bu vaxta qədər gündəmə gəlməməsinin səbəbi nədir?
- Yol nəqliyyat hadisələrinin baş verməsi, onların analiz və təhlilinin aparılmasına ehtiyac var. Qanunvericilikdə yol verilən xətalarla bağlı yol verilən bir neçə müddəalar göstərilməsinə baxmayaraq, yol patrul xidməti əməkdaşı vizual olaraq hansı qayda pozuntusunu görürsə, ona görə hərəkət iştirakçısını saxlayır və məsuliyyətə cəlb edir. Ancaq elə qayda pozuntuları da var ki, o, yalnız xüsusi texniki vasitələrin köməyi ilə aşkar oluna bilər. Onlardan biri də sürət həddinin aşılmasıdır. Sürət həddinin aşılmasına görə heç bir yol polisi sürücünü saxlayıb protokol yaza bilməz. Onlar yalnız elektron qaydada və xüsusi texniki vasitələrlə müəyyən olunur, bir halda təsdiq olunur ki, mərkəzi informasiya sisteminə inteqrasiya etmiş olsun. Hazırda təhlükəsizlik kəmərindən istifadə olunmamasına görə belə elektron protokollar tətbiq olunur. Bundan başqa, əvvəllər icbari sığorta müqaviləsinin olmamasına görə yalnız əməkdaşlarımız sürücünü yolda saxlayıb məsuliyyətə cəlb edirdilərsə, bu da elektron protokollaşdırılıb. Əgər əvvəl, məsələn, 5-7 min nəfər sürücü qayda pozuntusuna görə məsuliyyətə cəlb olunurdusa, indi elektron qaydada bundan 3 dəfə çox sürücü məsuliyyətə cəlb olunur.