“Qayda pozuntularının yalnız 30%-ni yol polisi aşkarlayıb, qalan 70%-ni İSƏ...” -
Modern.az saytı dünən Dövlət Statistika Komitəsinə istinadən ötən il ərzində qeydə alınmış yol-nəqliyyat hadisələri və aşkarlanan yol-hərəkət qayda pozuntuları barədə statistik rəqəmlər açıqlamışdı. Qeyd olunan məlumatda diqqət çəkən rəqəmlərdən biri də aşkarlanmış qayda pozuntularına görə (2 milyon 800 min) tətbiq edilən cərimələrin miqdarını göstərən rəqəm oldu - 85,4 milyon manat! Dövlət Statistika Komitəsinin məlumatından belə aydın olub ki, ötən il ərzində yol hərəkəti qaydaları əleyhinə aşkarlanmış inzibati xətaların sayı 13 faiz artıb.
Xətaların 50 faizi yolda müəyyən edilmiş hərəkət sürəti həddinin aşılması, 11,9 faizi dayanma və ya durma qaydalarının pozulması, 5,1 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, 4,6 faizi yol ayrıcını keçmə, 4,2 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.
Bəs aşkarlanmış qayda pozuntularına görə (2 milyon 800 min) tətbiq edilən cərimələr (85,4 milyon manat) necə formalaşıb? Bəziləri həmin cərimələrin birbaşa yol polisi tərəfinən tətbiq olunduğunu düşünür.
Modern.az saytı məsələyə aydınlıq gətirilməsi üçün Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidova müraciət edib.
E.Zahidov bildirib ki, cərimələr müxtəlif yollarla formalaşıb:
“Sürücülər tərəfindən törədilən qayda pozuntularının sayı və ödənilən cərimə məbləğinin həcmi bir daha sübut edir ki, hərəkətin təhlükəsizliyini təmin edən, gecə-gündüz deməyən, qızmar istiyə, qara-yağışa baxmayan yol polisləri neçə-neçə insanı ölümdən, şikəstlikdən xilas edib. Yol hərəkəti qaydalarını pozansürücülər yalnız cərimə ödəməklə onların da iştirakı ilə törənəcək ağır yol nəqliyyat hadisəsindən canlarını və avtomobillərini xilas ediblər.
Eyni zamanda, mən çox istərdim ki, həm sürücülər, həm də ümumiyyətlə ictimaiyyətimiz bilsin ki, il ərzində aşkarlanmış 2 milyon 800 min yol-hərəkət qayda pozuntusunun yalnız 30 faizi yol hərəkətinə nəzarəti həyata keçirən dövlət yol polisi qurumlarının əməkdaşları tərəfindən aşkarlanıb. Qalan 70 faizi isə bu gün ölkəmizdə geniş və səmərəli tətbiq olunan foto- video qeydiyyat funksiyalarına malik ən müasir xüsusi texniki vasitələrin köməyi ilə aşkarlanıb. Bu həm də o deməkdi ki, 85,4 milyon manat məbləğində olan cərimənin də 70 faizi məhz xüsusi texniki vasitələrin aşkarladığı qayda pozuntularının payına düşür.
Ona görə də qayda pozmağa meyilli olan sürücülər birdəfəlik bilməlidirlər ki, onların sükan arxasındakı, yollardakı hərəkətinə, davranışına yol-patrul xidmətinin əməkdaşlarından daha çox, foto- video qeydiyyat funksiyalarına malik müasir xüsusi texniki vasitələr nəzarət edir”.