DYP bir ildə cərimələrdən 88,5 milyon manat yığıb
2015-ci ildə ölkənin avtomobil yollarında 2220 yol-nəqliyyat hadisəsi baş verib. AzerTaym.az xəbər verir ki, Dövlət Statistika Komitəsindən modern.az-a verilən məlumata görə, bu hadisələr nəticəsində 3159 nəfər zərər çəkib. 2014-cü ilə nisbətən hadisələrin sayı 15,7 faiz, zərərçəkənlərin sayı isə 16,9 faiz azalıb. Zərərçəkənlərin 2265 nəfəri müxtəlif dərəcəli bədən xəsarəti alıb, 894 nəfəri isə həlak olub.
Qəzaların əsas hissəsi (1934-ü) yaşayış məntəqələrində baş verən, nəticədə 2710 nəfər zərər çəkib, onlardan 587 nəfər həlak olub, 2123 nəfər isə yaralanıb. 2014-cü illə müqayisədə ölənlərin sayı 25,7 faiz, yaralananların sayı isə 13,6 faiz azalıb.
Bütün yol-nəqliyyat hadisələrinin 41,6 faizi nəqliyyat vasitələrinin və piyadaların iştirakı ilə, 22,5 faizi bir nəqliyyat vasitəsinin iştirakı ilə, 35,9 faizi bir neçə nəqliyyat vasitəsinin iştirakı ilə baş verıb. 2014-cü ilə nisbətən hadisələrin sayı müvafiq olaraq, 6,6 faiz, 23,6 faiz və 19,7 faiz azalıb.
Yol-nəqliyyat hadisələrinin 43,4 faizi gündüz, 38,0 faizi gecə, 18,6 faizi isə toran vaxtı baş verib.
Hadisələrin 30,2 faizi həftənin şənbə və bazar günlərinə təsadüf edib.
İl ərzində sərxoş sürücülər tərəfindən nəqliyyat vasitələrinin idarə olunması zamanı ölümlə və ya bədən xəsarətinin alınması ilə nəticələnən 55 hadisə baş vermiş, nəticədə 97 nəfər zərər çəkib. Belə hadisələrin 92,7 faizi minik avtomobillərinin sürücüləri tərəfindən törədilib. Dövr ərzində yol-hərəkəti qaydaları əleyhinə 2,5 milyon və ya 2014-cü illə müqayisədə 7,5 faiz çox inzibati xəta aşkarlanıb.
Xətaların 32,3 faizi yolda müəyyən edilən hərəkət sürətinin aşılması, 17,4 faizi dayanma, durma və ya parklanma qaydalarının pozulması, 8,1 faizi təhlükəsizlik kəmərini bağlamadan nəqliyyat vasitəsinin idarə olunması, 6,0 faizi yol ayrıcını keçmə, 5,4 faizi piyadalar və yol hərəkətinin başqa iştirakçıları tərəfindən yol hərəkəti qaydalarının pozulması, 4,5 faizi yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsi, qalan hissəsi isə digər səbəblər üzrə aşkarlanıb.
Qaydaların pozulmasına görə 88,5 milyon manat məbləğində cərimələr ödənilib.